Загрузка...

“Şükür çiynimdə başıma,

Başımda papağa şükür”

(Ramiz Rövşən)

Bir biədəb anekdot vardır, son illər tez-tez yadımıza düşür. Deyir padşahın qəzəbinə tuş gəlmiş iki adamı asmağa aparırlar, yol boyunca bunlardan ağsaqqal olanı dayanmadan Tanrıya şükürlər edir, cavanı isə əsəbləşir, söyləyir ki, rəhmətliyin oğlu, nə şükür edirsən, artıq öləcəyik. Ağsaqqal deyir, bala, bundan da pis ola bilərdi, şükür elə. Gəlib dar ağacına çatırlar, cəllad ipi bunların boğazına keçirdir, ağsaqqal isə şükür edir. Elə bu anda carçı çaparaq gəlir, deyir edamı dayandırın, padşah təzə fərman imzalayıbdır: günahkarlara öncə paz çalmaq, sonra asmaq lazımdır. Ağsaqqal cavana deyir: “Gördün, sənə deyirdim daha pis ola bilər, inanmırdın. Buyur”.

İndi deputatxanada mətbuat azadlığına qarşı daha mürtəce qanunların qayırıldığını eşidəndə yenə məlum və məlun anekdotu xatırladım. Örnək üçün, deyir kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadəyə görə inzibati məsuliyyətə cəlb edilmiş KİV təkrar pozuntuya yol verəcəksə daha ağır cəzalanacaqdır. İki dəfə pozuntu olsa qəzet iki ay dayandırılacaqdır, telekanalizasiya iki ay efirdən yox olacaqdır və sairə.

Bah. Bu açıq-aşkar ələ salmaqdı. Əlbəttə, bizi yox, Ermənistan KİV-lərini. Çünki bizdə mətbuat, söz azadlığı çoxdan dövlətin qarantiyası, qanadı altına alınıbdır. Yerimiz istidir, hökumətin lələkləri arasından hərdən cücə kimi dimdiyimizi çıxardıb yemimizi-suyumuzu, buğdamızı-arpamızı alırıq, cippildəşməyə davam edirik. Hələ bəziləri üçün lüks hinlər düzəldilibdir. Heç bir sağsağan, ala qarğa, yaxud kərkəs quşu üstümüzə cumub bizi caynağına alıb yuvasına apara bilməz. Qarı çoxdan şey olub, qapı da bağlanıb. Bu mənada, Azərbaycanda mətbuat qanununu sərtləşdirməyin heç bir anlamı yoxdur. Deməli bu qanun zibil içində olan düşmən qüvvələrimiz üçündür, başqa adı yoxdur. Biz məcburuq ermənilər üçün də mütərəqqi qanunlar qayıraq, adam olsunlar. Haçana qədər cəhalət, səfalət, rəzalət içinə boğulacaqlar? Açırsan erməni qəzetlərini, görürsən dezo, yalan-palanla doludur. Bunları cəzalandırmalıyıq. Başqa yolu yox artıq.

“Qızım sənə deyirəm, gəlinim sən eşit” ata sözümüzdəki siyasətin dövlətçiliyə daşınması üsuludur. Bu yaxında bizim Səhiyyə Nazirliyi ilə hansısa gürcü xəstəxanasının baş həkimi mediada ağızlaşmışdı. Gürcü demişdi hər il minlərlə azərbaycanlı xəstəni qəbul edirik. Bizim nazirlik isə gürcü həkimin diplomunu şübhə altına almışdı. (Ümumiyyətlə, dünyada ən güclü diplom ATU-nun diplomudur. Nə qədər qızlarımızı bu diplomla ərə vermişik. Neçə insan ailə səadətinə qovuşmuşdur). Elə həmin gün xəbər lentində xalq artisti, Babək, Nəsimi və Beyrəyi oynamış qəhrəmanın xəstəliyi haqda yazmışdılar. Deyir bunu müalicə, müayinə eləmək üçün türkiyəli və israilli həkimləri gözləyirik. Buyur. Deməli gürcü həkim qələt eləyir. Əgər onlar yaxşı həkim olsaydı, biz aktyorumuzu sağaltmaq üçün Tiflisdən də briqada gözləyərdik. Çünki Tiflis Ankara və Yerusəlimdən daha yaxındır. Üzr istəyirəm, Tel-Əvivdən. Bu saat bu temanın üstündə qırğın getdiyini yaxşı anlayıram. Hətta xoşuna gəlməyən dəcəl uşağa məktəbdə coğrafiya dərsində qəsdən “İsrailin paytaxtı haradır” sualını verib “2″ yazmaq olar.

Sonda Səhiyyə Nazirliyimizdən daha bir xoş xəbəri yazaq. Oranın Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad doxtur bildirib ki, Azərbaycanda intiharlar dünyaya nisbətdə çox azdır. Əlbəttə. Hamı artıq bilmək istəyir ki, bu zırıltının axırı necə olacaqdır, yoxsa elə axıradək bu cür gedəcəkdir. Müsbət haldır. Yoxsa qabaqlar hamı soruşurdu bunun axırı necə olacaq. İndi soruşmurlar. Oturub gözləyirik.