Загрузка...

Cənubi Koreya hökuməti 2018-ci ilin hərbi büdcəsində Şimali Koreyanın lideri Kim Çen Inın qətli üçün rəsmi qaydada vəsait ayırıb. Bu vəsait əməliyyatı həyata keçirəcək dəstənin təliminə və təchizatına yönəldiləcək.

 

Seul hökuməti həmin dəstəni ABŞ-ın Usama Ben Ladenin öldürülməsi zamanı istifadə etdiyi “Seal Team Six” proqramı üzrə hazırlayacaq.

Xarici medianın verdiyi xəbərə görə, Cənubi Koreyanın hərbi büdcəsində sözügedən əməliyyatla bağlı olaraq 340 milyon vonluq (310 min dollar) məbləğ nəzərdə tutulub. Bu, əslində ümumi hərbi büdcə ilə müqayisədə elə də böyük rəqəm sayılmır. Cənubi Koreyanın hərbi büdcəsi 43,2 trilyon von, yəni 39,8 milyard ABŞ dolları təşkil edir. Layihəyə görə, Şimali Koreyanın Kim Çen Inla birlikdə siyasi rəhbərliyinin məhv olunması üçün min nəfərlik xüsusi birlik yaradılmalıdır.

“Korea Herald” qəzetinin məlumatına görə, canlı qüvvə əlavə olaraq öldürücü PUA-lar (pilotsuz uçan aparat), kəşfiyyat dronları və dəzgah minaatanları ilə təchiz ediləcək. Yaxın gələcəkdə bu sahəyə ayrılan xərclərin 26 milyard vona, yəni 24 milyon ABŞ dollarına çatdırılması gözlənilir.

 

cənubi koreya ile ilgili görsel sonucu

 

Birliyin strukturu və təlim planları gizli saxlanılır. Müdafiə nazirliyi dəstə üçün ultramüasir silahların da işlənib hazırlanması ilə məşğuldur. Bu məqsədlə ABŞ-dan “Ch-47 Chinook” nəqliyyat helikopteri əldə edilib. Mətbuatda Cənubi Koreya mühəndislərinin həmin helikopterin səssizcə düşmən ərazisinə daxil olması üçün təkmilləşdirilməsi üzərində iş aparıldığı yazılmaqdadır.

Lakin buna qarşı çıxanlar da az deyil. “Korea Defence Network” saytının analitiki Li İl Vunun fikrincə, Şimali Koreya hərbçilərinin bu cür hücumlara qarşı hazırlığı yüksək səviyyədədir. Hətta cənubluların xüsusi təyinat dəstəsinin Pxenyana çatması halında Şimali Koreya artilleriyası onları havadaca asanlıqla məhv edə bilər.

 

Cənubi Koreya Kim Çen Inın öldürülməsi üçün rəsmən pul ayırdı

 

Rusiya eksperti Valeri Kaşinin “Kommersant” qəzetinə verdiyi rəydə bu cür əməliyyat birliklərinin effektivliyi şübhə altına alınır. O, ABŞ-ın da vaxtilə Səddam Hüseyni eyni metodla aradan götürməyi planladığı, lakin uğursuzluğa düçar olduğunu bildirib. Kaşinin firkincə, bu cür gizli layihənin açıqca bəyan edilməsi Müdafiə nazirliyinin hərbi büdcə üçün qeyri-məhdud imkanlar əldə etmək istəyi ilə bağlı ola bilər.

Cənubi Koreya vaxtilə, 1968-ci ildə xüsusi hazırlıqlı dəstənin köməyi ilə bənzər əməliyyatı həyata keçirməyə çalışıb. Həmin il Cənubi Koreyada məhkum həyatı yaşayan 31 dustağa Kim xanədanlığının ilk diktatoru Kim İr Seni öldürmələri halında bəraət vəd edilib. Qrup olduqca məşəqqətli təlimdən keçirilib (hətta 3 nəfər təlimlərdə həlak olub), rezin qayıqlarla Şimali Koreyaya göndərilib.

 

Cənubi Koreya Kim Çen Inın öldürülməsi üçün rəsmən pul ayırdı

 

Lakin dəstə yarıyoldan geri çağırılıb. Həmin vaxt Cənubi Koreyanın diktatoru Pak Çjon Hi sui-qəsdin ABŞ və SSRİ arasında gedən sülh danışqlarına mane ola biləcəyini düşünürmüş. Qrup üzvlərinə isə vəd olunan azadlıq verilməyib. Onlara 1971-ci ilə qədər ağır təlimlər keçməyə davam ediblər. Həmin il dəstə üzvləri öz təlimatçılarını öldürərək düşərgədən qaçmağa müvəffəq olublar. Birlik daha sonra paytaxt Seula doğru hərəkət etməyə cəhd göstərib. Onları yolda bütöv bir ordu qarşılayıb və dəstə üzvlərinin bir hissəsi özlərini qumbara ilə partladaraq öldürüb. Sağ olaraq ələ keçirilən 4 nəfər isə edam olunub. Bu faciəvi tarixi hadisə haqqında 2003-cü ildə çəkilən “Silmido” adlı film də var.

 

Musavat.com