Yıxılanlar var, demək, “balta”ların ağzını ovxarlamağın vaxtıdır. Bunsuz olmaz, milli xüsusiyyətlərimizin biri zədələnmiş olar və təbiət bunu bizə bağışlamaz.

Əslində sabiq vergilər naziri Fazil Məmmədov hələ vəzifə başında olan vaxtlarda hərdən-hərdən ona qarşı “balta” işlədənlər olurdu. Amma təbii ki, bu, Ziya müəllimin “baltalanması” qədər ola bilməzdi.

Sabiq nəqliyyat naziri bu xüsusda rekordsmen idi. Adama qarşı il on iki ay, özü də bütün kəsici-deşici vasitələrdən istifadə olunmaqla mübarizə gedirdi: baltalayırdılar, dəryazlayırdılar, kölgəsini qılınclayırdılar, qohum-əqrəbalarını, kadrlarını dəhrələyirdilər, “qoçu” adlandırılan müfəttişlərini oraqlayırdılar və sair və ilaxır.

Bir ara güman olunurdu ki, ona heç cür batmaq mümkün deyil. “Balta”ların ağzı korşalır, ovxardan düşürdü, amma müəlimə bir söz deyən olmurdu. Bəzi baltaçılar tamam ruhdan düşürdülər, bir-birinə deyirdilər, vallah, buna “balta”yla batmaq olmaz, buna heç “Drujba” elektromişarı da kar eləməz.

Amma elə deyilmiş, görünür ki, aramsız tənqidlər, saraydaxili torbatikmələr seyid qarğışı kimi bir şeymiş, əvvəl-axır öz təsirini göstərdi. Düzdür, Ziya müəllimi vəzifəsindən qəfil götürmədilər, amma daha pis elədilər, Nəqliyyat Nazirliyini bütövlükdə bağladılar. Bu isə o anlama gəlir ki, “Gelandevagen”i ha arxası üstə çevir, ha 160-la divara vurub əz, eyni şeydir.

Ondan fərqli olaraq Fazil müəllimə çox söz deyən yox idi. Elə çıxa bilərdi ki, vergili müəllimin nazirliyində gllük-gülüstanlıqdır və heç bir neqativ hal yoxdur. Amma elə deyildi. Sadəcə, Fazil müəllimin “qoçu”ları Ziya müəllimin “qoçu”ları kimi orda-burda kiçik sahibkarları tutub şapalaqlamır, it sürütməsi eləyib vergi yığmırdılar. Fazil müəllimin darğaları qovluqla, surğucla işləyirdilər, sifətlərində təbəssüm gəzdirirdilər, amma onlar da vergidən yayınmaq istəyən kiçik və orta sahibkarların boğazına çökməyi yaxşı bacarırdılar. Əlbəttə ki, böyük sahibkarların boğazından yapışmaq onlara müyəssər olmurdu. Elə şey etsəydilər, onda böyük sahibkarların sahibləri də “qoçu müfəttişlər”in sahibinin – Fazil müəllimin boğazından yapışardılar.

Beləliklə, biz gündə olan bütün ölkələr kimi, ölkəmizdə də dövlət darğaları yalnız 3-5 manat qazananları qapazaltı edirdilər və bu barədə hərdən yazılırdı. Bu isə total “baltalama” sayıla bilmzədi.

Fazil müəllimin total “baltalama”ya məruz qalmamasının əsas səbəbi onun rəhbərlik etdiyi strukturun səlahiyyətlərinin genişliyinə bağlıydı. Hamının vergidən işi keçir axı. Özünü yaxşı aparmayanlar, türkün sözü, ansızın vergi yoxlamasına məruz qala bilərdilər. Bunu isə heç kəs istəmir – hətta bütün sənəd-sünədi, hesabatı, izahatı qaydasında olanlar da.

Başqa sözlə, F.Məmmədovun dövründə Vergilər Nazirliyi təxminən MTN kimi bir şey idi. Necə ki, tənqidçilər dəstəsi MTN-dən, nazir Eldar Mahmudovdan qorxurdu, eləcə də Fazil Məmmədovdan çəkinmək üçün səbəblər vardı. Ona qalsa, təzə gələn vaxtlarında Mahmudovdan qorxanlar az idi. Amma elə ki, Çovdarov jurnalist Aqil Xəlili döydü, üzünə petuxları durğuzdu, bıçaqlatdı, ölkədən didərgin saldı, daha sonra siyasi fəalların pornovideolarını yaydılar, Pərviz Həşimlinin cibinə tapança qoyub tutdular, onda çox adam MTN-dən qorxmağa başladı. Hamı anladı ki, yeni nazir Yejov kimi bir şeydir. O zaman çoxları “balta”nı aparıb küncə, dincə qoydular. Hətta tələb edən olsa təhvil də verərdilər.

“Baltalar” pas atmaqdaykən, bir gün Mahmudovu aşırdılar. Vəssalam. Yıxılanların baltalanması prosesi artıq iki ildir, üçə keçir ki, davam edir, amma hələ budama işi yarıya çatmayıb.

Görək, Fazil müəllimin nələri çıxacaq – 47 yerdə mülk, bahalı maşınlar qarajı, milyonluq bank hesabları və sair və ilaxır. 23 il dövlətçiliyə sədaqətlə qulluq edən adamın babat sərvəti olmalıdır, prinsipcə.

Bunları tapıb ortaya qoyan, haqq-hesab tələb edən olsa, baltaçılara nə var ki, sovet pioneri kimi həmişə hazırdırlar, qol-budaq edəcəklər.

Elə çıxmasın ki, müəllif baltaçılara qarşıdır. Əsla. Yaxşı edirlər. Yıxılanların canı çıxsın, dik vaxtlarında yaxşı işləsinlər, sonra da yıxılanda (bu qaçılmazdır) nə baltalanmasınlar, nə gedib türmədə tualet növbəsinə durmasınlar.