Загрузка...

Böyük Britaniyanın Ticarət departamenti Azərbaycan əsilli iş adamı Heydər Paşazadəyə məxsus şərab və ərzaq mağazasının lisenziyasını geri götürüb.

Medianews.az-ın Oxu.az-a istinadən məlumatına görə, belə bir qərara səbəb kimi saxta spirtli içki satılması və mağazada “kriminal fəaliyyətlə” məşğul olunduğu gətirilir.

Yerli sakinlər İnternational Food Wine Beer mağazasından polisə şikayət edərək bildiriblər ki, orada saxta Hennesy konyakı satılıb. Sakinlər gecə saatlarına kimi mağazada spirtli içki satılmasına da qarşı çıxıblar.

Polis əməkdaşları mağazanın sahibi Heydər Paşazadə ilə əlaqə yaratmağa cəhd etsələr də, bu, mümkün olmayıb. Belə ki, iş adamı daim ya Azərbaycanda, ya da Türkiyədə səfərdə olub. Nəhayət, Paşazadənin özü polisə gələrək, heç bir xəbərdarlıq almadığını bildirib.

Lisenziya üzrə qrupun üzvü Adrian Morris mağazada qanunvericiliyin kobud surətdə pozulması hallarının aşkar olunduğunu bəyan edib.

Hazırda müvafiq orqanlar tərəfindən mağazada həddi-büluğa çatmayanlara spirtli içkilərin satılması ilə bağlı daxil olmuş məlumatlar yoxlanılır.