Alimlər belə qənaətə gəliblər ki, kişi orqanizmi ilə müqayisədə qadın orqanizmi təbiətən daha yaxşı idman formasında olur. Buna səbəb ümumi vəziyyətin göstəriciləri – oksigenin daha sürətlə udulması və əzələ yorğunluğu riskinin aşağı olmasıdır. Bundan əlavə, qadın bədəninə daxil olan oksigen kişi orqanizmi ilə müqayisədə 30 faiz daha effektiv sərf edilir.
Vaterloo Universitetinin professoru Riçard Hyusonun sözlərinə görə, qadın əzələləri qandan oksigeni daha tez ayırır ki, bu da qadınların aerob sisteminin daha mükəmməl olmasından xəbər verir.
Bu, 18 sağlam fəal könüllü üzərində aparılan təcrübə zamanı aşkar edilib (qadın və kişilərin nisbəti 50/50). Bütün könüllülər çox da çətin olmayan tapşırığı – idman “cığırında” qaçışı yerinə yetiriblər.
Bu müddət ərzində alimlər ürək döyüntülərinin tezliyini və toxumalarda oksigenin miqdarını, həmçinin vena və arteriya damarlarındakı qanın oksigen konsentrasiyasının fərqini qiymətləndiriblər. Məlum olub ki, məşq zamanı qadınların bədənində oksigen kişilərə nisbətən daha tez udulur. Bu onu göstərir ki, qadınlarda əzələlər daha az yorulur. Ola bilsin ki, qadınlar üçün məşq rejiminə yenidən baxmaq barədə düşünməyə dəyər. (Azərtac)