Güclü dövlətçiliyin, regional liderliyin, planetar hegemonluğun, canım sənə desin, qalaktikal farmazonluğun əlamətlərindən biri də kadrların təyinatı zamanı üzə çıxır. Başqa dövlətlərdə kimisə vəzifəyə qoymaqla Azərbaycanda qoymağın böyük fərqləri vardır.
Örnək üçün, götürək elə xaraba qalmış Almaniyanı. Orada təzəlikcə kadr böhranı əlamətləri də görünməkdədir, çünki deputatxana seçkiləri olub, dövlətin şefi Angela Merkelin partiyası hökuməti təkcanına formalaşdırmaq üçün az səs alıbdır. Məcburdurlar koalisiya qayırıb başqa partiyaları da hakimiyyətə şərik qoşsunlar. Lakin başqa partiyaların da biri naz eləyir, başqası Merkel xanımın partiyası ilə yas yerinə də getməyəcəyini deyib, daş atıb, başını tutur. Sözgəlişi, bizim Azərbaycanda partiyalar arasında münasibətlərdə belənçik ideoloji, siyasi, nə bilim, ictimai fərqlər olmur. Bir də görürsən islamçılarla ateist kommunistlər koalisiya qayırıblar. Liberallar millətçilərə qoşulub “Məhsul” stadionunda “İş, çörək, Qarabağ” hayqırırlar. Yaşıllar qəhvəyilərlə əlbirdir, qaralar ağlarla və sairə.
Uzun sözün qısası, Almaniyada və başqa parlamentar-demokratik sistemli dağım-duğum rejimlərdə bir naziri işə qoymaq üçün gərək onun partiyası olsun. Gərək millət bu nazirə etimad göstərsin, nə bilim, səs versin. Bunlar isə uzun prosedurlardır, sən naziri təyin edənə qədər baxarsan Frankfurt dilənçiylə dolub, Hamburqda matroslar adam doğrayır, Berlində nəşənin qutusu bir avroya düşübdür, ruslar isə Potsdamın altında səngər qazırlar. Ən doğrusu bizimki kimi güclü dövlətçilikdir. Heç millətin xəbəri də olmur nazir haçan qoyuldu, haçan çıxarıldı, niyə çıxarıldı, yaxud niyə indiyə qədər çıxarılmırdı, çıxardıb hara qoyacaqlar və sairə.
Bizdə nazirlərin seçilməsi və vurulması adətən əsrarəngiz şəkildə olur, millət də bu gözlənilməzlikdən həzz yaşayır. Misal üçün, bir də görürsən nazir idarədə kiminsə yeznəsini işdən çıxartdı, bundan az keçməmiş özü kreslodan uçub isti ölkələrə səfir getdi. Başqa nə cür ola bilər ki? Kadrların təyinatında bu əsrar, gizlilik bizim müharibə şəraitində yaşamağımızla sıxı surətdə bağlıdır. Çünki sabah kimin nazir qoyulacağı təxmin edilsə, ermənilər ona qarşı təxribata başlayar. Evə getdiyi yerdə başına pomidor atarlar. Maşınının təkərini deşərlər. Uşağının xaricdəki villasının hasarına tüpürərlər. Qulluqçusunun sürücüsünün masajistinin stilistinin dizaynerinə müxtəlif xarakterli terror hərəkətləri törədərlər. Biz bunları yaxşı tanıyırıq. Yüz illərdir uca millətimizə qarşı pis hərəkətlərindən əl çəkmirlər. Ar olsun. Sərkisyan adında da adam olar? Daş düşsün sənin başına elə…
Bəli, xaricdə nazir vəzifəsi siyasi vəzifədir, ancaq bizdə siyasi oyunbazlığa ehtiyac yoxdur, rəhmətlik Murtuz müəllim bir vaxt parlamentimizdə haqlı olaraq dediyi kimi: “Bura siyasi diskussiya yeri deyildir”.
Ümumiyyətlə, bizdə ən yaxşı praktika odur ki, naziri heç işdən çıxartmayasan. Nəyə lazımdır təzəsi, qoy 30 il, 40 il, 50 il eyni adam işləsin. Üzümüz-gözümüz öyrəşir, dəyişiklik axmaq şeydir. Atalar demişkən, hər şeyin təzəsi, nazirin köhnəsi. Nazir nazir olsa, bağ çəpəri neyləyir. Nazirə bax kreslonu al, kresloya bax çexolunu. Hər şey hazırdır, sən də hazırın naziri olursan. Nəsə, çox dərinə getməyək. Əsas odur, dövlətçiliyimiz sarsılmasın, respublikamızın flaqman gəmisi dünya siyasət okeanını yara-yara kosmosa doğru iri addımlarla irəliləsin! (Ola bilər coğrafi sistem baxımından, istiqamət seçərkən müəyyən qarışıqlığa yol verdim, ancaq başqa yazarınız varmı? Yenə mənəm 30 ildir yazıram, oxuyursunuz, başqa köşə yazarı gəlsə, oxumağa heç zad tapmayacaqsınız. O üzdən klaviaturamın ətəyindən bərk yapışın).
Vergilər nazirimizə isə uğurlar diləyir, ümid edirik, yaxın gələcəkdə onu səhiyyə naziri sifətində də görə biləcəyik.