ABŞ prezidenti canlı yayımda dünyanı ayağa qaldıran qərarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək, qərarnaməni imzalayıb. Bununla da ABŞ tarixdə Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk dövlət olub. Trampın açıqlamasından sonra bir sıra dövlətlər ABŞ liderinin bəyanatını qınayan açıqlamalar veriblər. Trampın bu qərarına ilk reaksiya verən ölkələrdən biri Türkiyə olub.
Türkiyə XİN başçısı Mevlud Çavuşoğlu Serbiyanın paytaxtı Belqradda Bosniya Hersoqovinanın və Serbiyanın xarici işlər nazirləri ilə birgə mətbuat konfransı təşkil edib. Mətbuat konfransında çıxış edən Çavuşoğlu deyib: “ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanıdı, İsraildəki səfirliyini ora köçürəcəyini açıqladı. ABŞ-ın bu məsuliyyətsiz açıqlamasını böyük narahatlıqla qarşıladıq və qınayırıq”.
Çavuşoğlu Trampın bu qərarı ilə bağlı Türkiyənin lazımi addımlar atacağını da bildirib. XİN rəhbəri Tvitter sosial şəbəkəsində ABŞ-ın qərarının beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
Türkiyə baş nazirirnin müavini Bekir Bozdağ isə Trampın Qüds qərarı ilə bağlı bunları deyib: “Verdiyi haqsız, ədalətsiz, bölgəni və dünyanı oda atan, beynəlxalq hüquqa zidd, BMT-nin qərarını pozan bu addımdan dolayı ABŞ-ı qınayırıq. Bu qərar bizim üçün “yox” hökmündədir. Müsəlmanlar və İslam ölkələri Qüdsün statusuna sahib çıxmağa məcburdular. ABŞ-ın bu qərarı barış yox, xaosa hesablanıb”.
Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Trampın qərarını “barış ümidlərinə qarşı provakasiya” adlandırıb.
İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da ABŞ-ın bu qərarının beynəlxalq hüquqa zidd olduğu bildirilib. Məscid-Əqsanın yerləşdiyi Qüdsün Fələstinin bir hissəsi olduğu vurğulanıb.
Fələstin lideri Mahmud Abbas bəyanat yayaraq qərarı rədd etdiyini bildirib: “Vaşinqton bu qərarı ilə əslində barış danışıqlarından çəkildiyini elan etmiş oldu. Bu qərar işğala təşviq etməkdir. Biz bu qərarı rədd edirik. Qüds sonsuzadək Fələstinin paytaxtı olaraq qalacaq”.
Həmasın Siyasi Büro başqanı İsmail Həniyyə ABŞ-ın səfirliyini Qüdsə köçürəcəyi ilə bağlı qərarından sonra Rusiya xarici işlər nazirinin müavini Mixael Baqdanovla telefon əlaqəsi yaradıb. O, qərarın beynəlxalq hüquqa zidd oluğunu bildirib. Mixael Baqdanov isə ABŞ-ın qərarından narahatlıq keçirdiklərini, Fələstin xalqının yanında olduqlarını bəyan edib.
Qətərin rəsmi xəbər agentliyi QNA-nın məlumatına görə, Tramp Qətər Əmiri Şeyx Temim bin Hamed Əl Sani ilə telefon əlaqəsi yaradıb. Qətər əmiri Trampa bildirib ki, atdığı bu addım nəticəsində Orta Doğu daha da qarışacaq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinin təhlükəli yansımaları olacaq.
Fransa prezidenti Emmonuel Makron Trampın Qüdslə bağlı qərarının büynəlxalq hüquqa zidd olduğunu qeyd edib və qərardan təəssüfləndiyini bildirib.
Almaniya kansleri Angela Merken Amerikalı hənkarının qərarını dəstəkləmədiyini açıqlayıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey də həmçinin Trampın Qüdslə bağlı qərarı ilə razılaşmadığını bəyan edib.