Vüsalə Əlizadə: “…adımı dəyişib, Ərkinaz qoyacam”

Onlar daima efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı açılıb, idmana da vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində onlarla sizi idman zallarında görüşdürəcəyik.

– Belə qərara gəldim ki, bir adam var, onu döymək lazımdır. Ona görə də idmana başladım. Bir aydan sonra həmin adam “şil-küt” olacaq. (gülür)

– Nə vaxtdan məşq edirsən?

– Desəm ki, ilk gündür, məşqə gəlirəm, inanmazsan. Amma həyatımda ilk dəfədir, idman zalındayam, məşq edirəm. Bədən parametrlərimə baxanda demək olar ki, bütün günü idman salonlarındayam. İdmana heç vaxt zamanım olmayıb. Həm də ehtiyacım olmadığına görə getməmişəm. Bəlkə də ehtiyacım olsaydı edərdim. Amma çox kəmhövsələyəm. Yorulanda halbahal oluram.

– Formada qalmaq üçün xüsusi pəhrizlər saxlayırsanmı?

– Mən gecə də acsam, durub yemək yeyirəm. Çünki ac olanda yata bilmirəm. Saat 3-də də olsa, yeyirəm. Kökəlməməyim düzgün qidalandığıma görədir. Və nəfsimə hakim olmağı bacaran insanam. Bu, mənim ən gözəl xüsusiyyətimdir. Bu xarakterimə görə özümü çox sevirəm. Bu qadın və kişi üçün də çox önəmlidir. Qadınlar formada qalmaq istəyirlərsə, ağızlarına sahib çıxmalıdırlar.

– Bu günə qədər Vüsalə plastik əməliyyat keçirməyib ki?

– Yox, qətiyyən. Bədənimdə plastik əməliyyat keçirdiyimi heç bir zaman deməyiblər. Amma iddia edirlər ki, üzümdə nəsə etdirmişəm. Dünyanın ən yüksək dərəcəli plastik cərrahını gətirin, mən də onun qarşısında dayanım. Əgər üzümdə nəsə tapsa, adımı dəyişib Ərkinaz qoyacam.

– Bu gündən mütəmadi idmana gəlmək fikrin var?

– Sizcə, ehtiyac var? Yoruluram, çəkilişlər çox olur. Çatdıra bilmirəm.

– İdmanın hansı növünü sevirsən?

– Sakitlik, yoqa, gimnastikanı sevirəm. Yoqaya getmək arzumdur. Bir gün o arzumu reallaşdıracam. Yoqanı mənə elə tərifləyiblər ki, deyirlər, ora gedəndə adamın beyni dincəlir. İndi yaxşı bir yoqa yeri axtarıram.

– Bəs futbola marağın varmı?

– Qətiyyən sevmirəm. Çünki əsəblərim pozulur. Amma bizim futbolçularımız dünyanın öndə gedən turnirlərində oynayırlarsa, o zaman izləyirəm. Və onlara baxıb, fəxr hissi keçirirəm. Hətta qızımı da oyun izləməyə aparmışam. Ailəmdə idmana böyük maraq var. Çünki qardaşım dövlət qulluqçusu, idmançıdır. Yəni nailiyyətləri olan idmançı olub.

– Ən kilolu vaxtın nə zaman olub?

– Hamiləlik vaxtımda 75 kilo idim. Təbii ki, bu, hamiləliklə bağlı idi. Hazırda 52 kiloyam. Mən də ana olandan sonra özümə diqqət etməsəydim, şişman olardım. Daima bu çəkidə oluram. Uzağı 1-2 kilo aşağı və yaxud da yuxarı da ola bilər. 50 kiloya düşəndə “mamam” məni öldürür. (gülür )

– Vüsalə Əlizadə xaraktercə çətin adamdır?

– Baxır kim necə qəbul edir. Kənardan özündən razı, yekəxana görünə bilərəm. Bunu məni yaxından tanımadıqları üçün deyirlər. Mənlə ünsiyyətdə olandan sonra deyirlər ki, səni belə tanımırdıq.

– Övladın gələcəkdə aparıcı olmaq istəsə, razı olarsan?

– Yox, razı olmaram. Aparıcı olmasını istəmirəm. Çünki Dilək çox aktiv uşaqdır. Görürəm ki, özünü müdafiə etməyi bacarır. Mən balaca vaxtı elə olmamışam. Utancaq idim. Amma rəqsə çox marağı var. Filmlərdə olan rəqsləri izləyir, görürəm ki, həvəslidir. Bəzən deyirəm ki, bəlkə yönləndirim, maraq üçün öyrənsin. Hətta rəqqasə Fatiməyə də demişdim. O da dedi ki, gətir onu öyrədim. Fatyaya “yaxşı” dedim, amma risk etmədim. İstəmirəm ki, qızım incəsənət sahəsində olsun. Mənim arzum həkim olmaq olub. İstəyirəm ki, qızım da həkim olsun. Amma aparıcı, efir adamı olmayacaq. Hər zaman bu istəyinə qarşı çıxacam.