“O videonu başıma vurub, məndən şuba, maşın, şou biznes sferasında yanımda görsənmək istəyiblər…”
Artıq bir neçə gündür ki, adı ancaq qalmaqallarda hallanan tanınmış repçi Anar Nağılbaz məlum videosu, Praqa həyatının gizli məqamları, keçmiş arvadının xəyanəti haqda sosial şəbəkədə açıqlamalar paylaşıb.
Musavat.com bildirir ki, repçi ilk öncə son vaxtlarda şəkər xəstəliyinə tutulduğunu, ağır depressiya yaşadığını bildirib: “Əsəbdən, stressdən 2 ilə yaxındır ki, depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım bu son günlərdə bəlli olub, halbuki nəslimizdə şəkər xəstəsi olmayıb. Dəfələrcə intihar etməyimi istəyiblər. Praqadan döndükdə qulağımı doldurdular ki, unutmalısan, ailəni tutmalısan. Mənim ürəyim kövrəkdir. Hər dəfə evə gələrkən uşaqlar anadan olandan nələrsə almışam, yoldaşıma da bacardığım kimi baxmışam. Maddi vəziyyətimin zəif olduğundan, heç kimə sirr deyil ki atamın qayğısı üstümüzdən əskik olmayıb. Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, maşın, şou biznes sferasında yanımda görsənmək və hər dəfə də bu video başıma vurulub”.
Repçi məlum videonun hansı vəziyyətdə çəkildiyindən xəbərsiz olduğunu deyib: “Mənim isə o hadisə yadımda deyil, ya quramadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müddətdə əllərinə keçənləri yığmaqla yeni iftira kompromatlar yığmağa başladılar və bu 2 il ərzində davam etdi. İndi də səfərimi və evlənəcəyim xəbəri eşidib hücuma keçməyə başlayıblar.
Repçi Praqa həyatının gizli məqamları haqqında isə bunları bildirib: “Həmən 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə pis qurşandım. Amma yenə də atamın himayəsi ilə əhatələnirdim və taksi sürücüsü kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım. Papağı gözümün üstünə salırdım ki, tanımasınlar… Yeni ildə ayrildıq. Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq anasız da qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır”.
Repçi keçmiş arvadının ona etdiyi xəyanətlərdən də söz açıb: “Olmadığım müddətdə uşağı dərsə aparıb gətirmək adı ilə gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atamgilə cürbəcür xarici bahalı “iplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri isə artıqlaması ilə ödənirdi… Məlum videodan bir qədər əvvəl 4 gün yanımda qalıblar, çox sevinirdilər, onları gəzintiyə də aparmışam. Daha sonra evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib yenə şantaja əl atdı və 2 gün sonra məlum video çıxdı. Elə düşünür ki mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə pullu olmuşam”.
Anar Nağılbaz sonda məlum videoya görə, məhkəməyə müraciət etdiyini bildirib: “Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq inşallah. Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə deməli başqa işlər də edə bilərlər”.
Qeyd edək ki, tanınmış repçi Anar Nağılbazın adı artıq bir neçə gündür ki, mətbuatda qalmaqallı olaylarda hallanmaqdadır. Əvvəlcə sənətçinin intim videosu yayıldı, keçmiş həyat yoldaşı onun haqqında ağır ittihamlar səsləndirdi, bütün bunların ardınca isə repçinin Praqada siflis, daha sonra Hepatit C xəstəliyinə tutulduğu haqda məlumatlar yer aldı.