Son məlumata görə, Saakaşvilinin intihar cəhdinin qarşısı alınıb və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saakaşvilinin saxlanılmasından sonra onun tərəfdarları mitinqə başlayıb.
***
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə yaşadığı binanın damına çıxaraq özünü aşağı atmaqla hədələyir.
Publika.az xəbər verir ki, bu haqda Ukrayna KİV-i bildirib.
Binanın ətrafına gələn polislər Saakaşvilini saxlamağa çalışırlar.
“İndi Saakaşvili damdadır və polislərlə danışıqlar aparır. Siyasətçi deyir ki, əgər ona toxunarlarsa, o damdan tullanacaq. Evə xilasedicilər və həkimlər gəliblər”, – “1+1” telekanalının xəbərində deyilir.
Saakaşvilinin silahdaşı David Sakvarelidze səhər saatlarında bildirib ki, naməlum şəxslər Saakaşvilinin mənzilinin qapısını sındırırlar. Ukrayna KİV-inin məlumatına görə, siyasətçinin evinə səhmlərin maliyyələşdirilməsi haqqında cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları gəliblər.