Bu cür intiharları 72 il öncə faşist marşallar etmişdilər. Əvvəlcə nasist Almaniyasının süqutundan sonra qaçmağa çalışarkən müttəfiq qoşunlar tərəfindən yaxalanmış və ölüm hökmünə məruz qalacağı öncədən bəlli olan reyxsfürer Henrix Himmler, sonra isə Nürnberq prosesində asılmaqla ölüm cəzasına məhkum edilmiş Herman Görinq (Hitlerin sağ əli) zəhər içərək özlərini öldürmüşdülər.

Onların içdiyi zəhər eyni idi: balaca ampulda saxlanan kalium-sianid.

Dünyanın ən qanlı, ən amansız müharibəsinin baş cəlladları zəhər içərək özlərini öldürən zaman Slobodan Pralyak çağaydı, hələ danışa, yeriyə bilmirdi. Amma üstündən 72 il keçəcəkdi və onu da hərbi cinayətlərdə ittiham edəcək, ağır cəza verəcəkdilər və o da sırf Herman Görinq kimi sianid ampulasına əl atacaq, son sözünü deyib, zəhəri ağız boşluğuna tökəcəkdi.

Pralyakın həyatı başqa cür başlamışdı. O, ilk addımlarını alman faşistlərindən, xorvat millətçilərindən təmizlənmiş Xorvatiyada atmışdı.

Slobodan ixtisasca mühəndis idi, amma kinorejissor və yazıçı kimi şöhrət qazanmış, arada bisnesmen də olmuşdu.

Əgər SSRİ, sosialist düşərgəsi, eləcə də Yuqoslaviya federasiyası dağılmasaydı və bu federasiyaya daxil olan kiçik respublikalar arasında qırğın-dava başlamasaydı, Slobodan Pralyak öz bədii filmlərini, seriallarını çəkə-çəkə ömrünü xalqının böyük ziyalısı kimi başa vuracaqdı.

Ancaq dəyişən dövran, siyasi təlatümlər, lokal hərbi toqquşmalar bir çox ölkələrdə intellektuallara hərbi mundir geydirdiyi kimi, Xorvatiyada da Slobodan Pralyaka eyni mundiri biçdirdi. O, Xorvatiyanın quru qoşunlarının generalı, Xorvatiya müdafiə şurasının üzvü oldu, yüksək hərbi vəzifələrdə çalışdı, vuruşdu, axırda hərbi caniyə çevrildi.

Müharibə elə şeydir ki, onun qayda-qanunlarına riayət etmək çox çətindir. Başdan-ayağa cinayət demək olan müharibədə hərbi cani olmaq an məsələsidir. Bir ehtiyatsız əmr, bir şifahi göstəriş (məsələn, bir mülki şəxsin, əsirin güllələnməsi) kifayətdir ki, müharibəni uduzduğun təqdirdə hərbi cani kimi mühakimə olunasan. Hətta bəzən müharibəni udanları da hərbi cani kimi mühakimə edirlər. Elə serb və xorvat generalların başına gələnlər də bu tipdən oldu.

Onlar Balkanların kimsəsiz müsəlman əhalisini, albanları, boşnakları acımasızcasına kütləvi şəkildə qətlə yetirmiş, qadınları kütləvi şəkildə zorlamış, əsirləri kütləvi şəkildə məhkəməsiz-filansız edam etmişdilər.

Ortada bu qədər cinayət vardı, xəndəklərdən kütləvi məzarlıqlar aşkarlanırdı, itkin düşənlərin (daha dəqiqi, məzarlarının yeri bilinməyənlərin), zorakılığa məruz qalmış qadınların, uşaqların sayı-hesabı yox idi, ancaq bu cinayətlərə görə heç kəs cavab vermək istəmirdi. Bütün serb və xorvat generalları “aydan arı, sudan duru”ydular, hər biri məhkəmədə heç nədə günahkar olmadığını söyləyir, “biz xalqımızın azadlığı, təhlükəsizliyi üçün vuruşmuşuq” deyirdi.

Ancaq Haaqa beynəlxalq tribunalının hakimləri qatil generalların gözünün yaşına baxmadılar, çünki onlar Srebrenitsa qətliamından sonra salınmış ucsuz-bucasız məzarlığı və 20 ildən bəri qan ağlayan insanların, kütləvi şəkildə məhv olmuş ailələrin faciəsini görmüşdülər. O insanlara bu faciəni yaşadanlar bu generallar idi və indi məhkəmə önündə quzu kimi durmaları önəm daşımırdı.

Slobodan Pralyak da onlardan biri isi, sona qədər məsum olduğu dedi və axırda da özünü ona görə öldürdü ki, aldığı cəzaya (20 il həbs) görə verdiyi apelyasiya şikayəti təmin olunmamışdı. Adam türmədə öləcəyini bildiyindən dünyanı mono-tamaşa göstərərək, son rejissorluğunu edərək tərk etdi.

Hər dəfə hansısa hərbi cani mühakimə olunarkən adamın yadına erməni generallar düşür: Vazgen Sarkisyan, Serj Sarkisyan, Seyran Ohanyan, Samvel Babayan və başqaları.

Vazgen Sarkisyan öz millətindən olan şəxslərin əliylə 1999-cu ildə, baş nazir vəzifəsindəykən parlament qətliamında öldürüldü. Seyran Ohanyan uzun müddət müdafiə naziri oldu, indi istefadadır, arvadının intim həyatı ilə bağlı adı dillərdə dolaşsa da, siyasi ambisiyalara malikdir. Samvel Babayanı bu yaxınlarda həbs edib 6 il cəza kəsiblər. Serj Sarkisyan isə hərbi mundirdə helikopterə minib, bir zamanlar hərbi cinayətlər törətdiyi mahala – Qarabağa gəlir.

Biz onların heç birini cəzalandıra bilməmişik. Onların heç biri sianid içməyə vadar olacaq qədər ağır mühakimə olunmayıb.

Təkcə Xocalı qətliamına görə ən azı beş yüksək rütbəli erməni və rus hərbçisi Haaqa məhkəməsinin önündə durmalıydı. Fəqət bu mümkün olmayıb, mümkün görünmür. Çünki ortada rus faktoru var. Azərbaycana qarşı törədilən hərbi cinayətlərdə erməni və rus hərbçiləri ortaq olublar. Ona görə də bizim onlara gücümüz çatmır.

Hərbi canilər isə bir-bir ölüb gedirlər. Bu gedişlə onların heç biri hərbi cinayətlərinə görə mühakimə edilməyəcəklər.

Yəqin ki, bu canilərdən heç biri Pralyak kimi etməzdi, hər cür həyasızlıq, alçaqlıq edərdilər, ağlayardılar, yalvarardılar, amma öncədən ciblərinə sianid ampulası qoymazdılar.