Qüdsdəki Müqəddəs Məzar Kilsəsində yerləşən İsa peyğəmbərinin məzarı olduğu ehtimal olunan türbə həqiqətən ilk xristian Roma imperatoru Böyük Konstantinin zamanında inşa edilib və dəfələrlə məhv edilmək istənməsinə baxmayaraq dövrümüzə qədər gəlib çatıb.

Kult.az xəbər verir ki, bu barədə “National Geographic” jurnalı yazıb.

“Maraqlıdır ki, qəbirdə aşkar etdiyimiz sement nümunələri bizə yalnız türbənin ilk variantının necə olması barədə izlər tapmağa deyil, həmçinin onun bir neçə dəfə yeniləndiyini və sonrakı əsrlərdə yenidən qurulduğunu təsdiq etməkdə kömək etdi”, – qazıntı işlərinin Afina Texniki Universitetindən olan rəhbəri Antoniya Maropulu deyib.

Qeyd edək ki, orta əsr xronikalarına əsasən İsa Məsihin məzarı olduğu iddia olunan türbə ilk dəfə xristianlığı qəbul etmiş, paytaxtı Romadan Konstantinapola köçürmüş imperator Konstantinin anası imperatriça Yelena tərəfindən açılıb.

IV əsrdə Qolqofa dağında aparılan arxeoloji qazıntılar zamanı İsa Peyğəmbərin çarmıxa çəkildiyi xaç tapılıb. Bundan sonra həmin yerdə Müqəddəs Məzar kilsəsi inşa edilib.

Загрузка...