AZTV doğru deyirmiş, Almaniya dağılır. Bunun daha bir isbatı dünən bizim saytlarda yayılmışdı. Əslində azı 3-4 il qabağın xəbəridir, ancaq bizim üçün fərqi nədir, onsuz ibtidai icma quruluşunda yaşayırıq. Üstəlik, atalar demişkən, gec olsun güc olsun.
Uzun sözün qısası, Almaniyanın rəhbəri Angela Merkelin yaşadığı evin fotosunu dərc ediblər, bu, o qədər balaca, görkəmsiz binadır ki, bizdə həmin binada heç icra hakiminin sürücüsünün baldızının sinif yoldaşının uşaqlarının dayəsi də yaşamaz. Binanın interyeri, yəni içərisi cəhənnəm, nəsə birtəhər başını soxub yaşamaq olar, ancaq eksteryeri (savadlı yazar olmaq başqa şeydir) elə görünüşdədir ki, bir neçə il qabaq Hacıbala müəllim Bakının Xutor adlanan hissəsində qabağına bu şəkildə bina çıxanda basıb ekskavatorla uçurdurdu, deyirdi bunlar Xutorun görkəminə xələl gətirir.
Hörmətli oxucularımız üçün yazım ki, bu, Merkel xanımın bir növ şəhərkənarı bağ evi fason yerdir, Berlinin özündə qaldığı mənzil isə daha gülməlidir. Təsəvvür elə, o boyda zırıltı dövlətin, dünyanın beş-on əsas, yetim Avropanın isə faktiki atalığı durumunda qalan, Yunanıstandan Suriyaya, Afrikadan Çinə qədər min dənə əraziyə çörək verən Almaniyanın yiyəsi adi, sarı-qəhvəyi rəngli 4 qatlı binanın 4-cü qatındakı mənzilində əri Humboldt Yoahim Zauer müəllimlə yaşayır. Binaya yenə qıraqdan baxsan eynilə bizim mikrorayondakı “xruşşovkalar” fason bir şeydir. Özü də bizdə 4-cü, axırıncı qatda adama ev satmaq istəsən, deyər, qiyməti aşağı düş, bunun yağışda dammaq ehtimalı vardır, yayda da dam qızır, ev bürkü olur. Merkel isə azı 20 ildir orda yaşayır, bunun isə 12 ilini Almaniyanın kansleri, yəni birinci kişisi vəzifəsində çalışmaqdadır (bunlarda da prezident vəzifəsi olur, ancaq elə də vacib vəzifə deyildir, təxminən bizim Artur müəllim kimi bir şeydir, dindirməsən səsi çıxmır, tərpətməsən qımıldanmır).
Sözgəlişi, Merkel əri Humboldt müəllimə heç bir vəzifə verməyibdir, kişi elə qabaq necə universitetdə kimyaçı professor, alim işləyirdisə, eləcə də qalmaqdadır. Hətta Merkelə qoşulub dövlət tədbirlərinə-zada qatılmağı, şəkil çəkdirib intervü verməyi də sevmir, alman mətbuatına çoxdan elan edib ki, açılın başımdan, məni siyasət maraqlandırmır, arvadımın karyerası da həmçinin. Normal dövlət olsa gərək Humboldt müəllim hazırda ən azı təhsil naziri olaydı, minimum halda “Mercedes” şirkətinin yiyəsi. Xaraba yerdir də. Elə dünən ordan bir xəbər də vardı, deyir hansısa azərbaycanlı miqrantı gecə ilə təyyarəyə basıb deportasiya ediblər. Onun uşağının nemes şagird dostları isə mitinq keçirirlər, deyiblər bu uşaqda xor oxumaq istedadı vardı, niyə qovdunuz, gedib Azərbaycanda özünə yer tapa bilməyəcəkdir. Bah-bah… Guya biz xor oxumağı bilmirik. Lazım gəlsə, vətən istəsə, dövlətçiliyimiz layiq bilsə biz lap qurbağa kimi quruldayarıq.
Yadımdan çıxmamış, Merkelin Berlində yaşadığı həmin 4 qatlı, çoxmənzilli binanın girişində həmişə balaca bir polis maşını dayanır. Bu da guya kanslerin qorumasıdır. Bəli, səhv anlamadınız – binanın qalan sakinləri də Merkel kansler olmazdan öncə orda necə yaşayırdılarsa, indi də elə yaşayırlar. Heç kimi mənzilindən zorla qovmayıblar. Bəlkə də qovmağa, məskunlaşdırmağa Almaniyada ayrı ev tapılmayıb, ona görə. Azərbaycan isə inkişaf edir, artıq jurnalistlər üçün 3-cü yaşayış binasının təməli qazılmışdır!
Ən tragikomik detalı isə axıra saxlamışam. Hörmətli oxucular, bərk durun: Merkelin evinin hasarı yoxdur! Dəhşətli bir şeydir. A kişinin qızı, sən hasarsız evdə necə qalırsan? Tutaq ki, dövlət dağılıb, sementə-quma-mərmərə pul tapılmır, heç olmazsa o boyda Almaniyada köhnə maşın qapıları, təkər diskləri, nə bilim, yağ qutularının tənəkəsi-zad da yoxdurmu ki, hamarlayıb ondan kanslerə hasar qayırasınız?