Загрузка...

Biz uzun illər bu fikri yaxın qoymadıq, hər səslənişində var gücümüzlə müqavimət göstərdik, inanmaq istəmədik, hətta hamını əksinə inandırmaq istədik ki, ABŞ-ın və Avropanın qüdrətli dövlətlərinin Qarabağ məsələsində Ermənistanla Azərbaycanın arasında bərabərlik işarəsi qoymasının önəmli səbəblərindən biri də xristian həmrəyliyi amili deyil.

Bəlkə də indinin özündə belə bu fikrə cidd-cəhdlə etiraz edənlər, əks-arqumentlər gətirənlər tapılacaq. Ancaq ortada acı reallıqlar, düz 30 ildir (ermənilərin Dağlıq Qarabağda başlatdıqları separatçılıq hərəkatının 30 ili bir neçə gün öncə tamam oldu) davam edən münaqişə, sonu görünməyən danışıqlar, pərdəarxası təzyiqlər və sair və ilaxır mətləblər var.

Başqa münaqişələrdə tətbiq edilən “iki vuraq iki bərabərdir dörd” düsturu Qarabağ məsələsində heç cür həlledici olmur ki olmur.

Bu münaqişənin həlli yolunda başlıca maneə olaraq Rusiyanın imperiya ambisiyalarının, öz “sadiq müttəfiqi”ni, “əbədi vassal” hesab etdiyi Ermənistanın maraqlarını sonadək müdafiə etmək öhdəliyinin (niyyəti, ehtirası) durduğunu anladıq. Bu, belədir. Rusiya Ermənistana öz federal subyektlərindən biri, məsələn, Krasnodar, Həştərxan kimi baxır və istəyir ki, onun regiondakı maraqları təmin olunsun.

Bəs Fransa, ABŞ, İngiltərə, Almaniya kimi dövlətlərin “erməni siyasəti”ni necə başa düşək? Bu superdövlətlər dünyanın hər yerində Rusiya ilə çəkişir, onun maraqlarını vurmağa, onu öz zağasına sıxışdırmağa, bütün forpostlarını, süni peyklərini də ona qatmağa çalışır. Amma Rusiya forpostlarından ən xası olan Ermənistana daha doğma, daha isti münasibət göstərilir.

Bax, xristian həmrəyliyinin həlledici təsirinə dair söhbətlər belə yerdə meydana çıxır. Bu dövlətlər Ermənistanı məhz dini baxımdan yaxın saydıqları üçün himayə edirlər.

“Himayə edirlər” sözü əbəs yerə işlədilmir. Adı çəkilən dövlətlərin Ermənistana himayədar qismində yanaşdıqlarına dair yüzlərlə fakt sadalamaq olar. Onlardan ən göz önündə olanı Azərbaycan tərəfinin işğal altında olan ərazilərini azad etməyə təşəbbüs göstərəndə həmin dövlətlərin rəhbərlərinin görünməmiş operativliklə məsələyə müdaxilə etməsi, Azərbaycana hərbi əməliyyatlardan çəkinmək üçün təzyiq göstərmələri, daha sonra isə dil boğaza qoymadan “bu münaqişənin hərbi yolla həll olunmaq perspektivi yoxdur” deyə sülhə dair çağırış etmələridir.

Ya əksinə olsaydı? Məsələn, Ermənistanın tərkibindəki Göyçə mahalının azərbaycanlı əhalisi separatçılıq edərək müstəqil dövlət qurmaq və ya Azərbaycana birləşmək təşəbbüsü qaldırsaydı, o zaman beynəlxalq birlik bu tarixən azərbaycanlıların yaşadığı ərazidəki insanlar üçün öz müqəddəratını təyin etmək hüququnu tanıyardılarmı, artıq müstəlliyini elan etmiş mahalı himayə edərdilərmi, onu aqrssordan qoruyardılarmı?

Əsla qorumazdılar, əsla müdafiə etməzdilər və gecənin birində Ermənistan qoşunlarının müstəqil Göyçə respublikasına hücum etməsinə göz yumardılar.

Məsələ budur. Zatən, bunu sübut etmək üçün hipotetik misallar gətirməyə ehtiyac yoxdur. Ortada Qarabağ münaqişəsi var və bu münaqişədə haqsız tərəf gözlə görünür, amma qüdrətli dövlətlər haqsız tərəfin yanında yer alır, bu və ya digər şəkildə separatizmə qahmar çıxır. Həm də ikili standartlara yol verilir. 7 milyonluq Kataloniya xristian İspaniyadan qopmaq istədiyi üçün ona dirsək göstərilir, amma 100 minlik bir xristian toplumun müsəlman ölkəsindən qopmağa çalışması dəstəklənir.

Əks arqument kimi Bosniya və Kosova müsəlmanlarının haqqının Avropa dövlətləri tərəfindən tanınmasını misal göstərmək olar. Ancaq bu fərqli məsələdir. Birincisi, serblər aqressiyanın dozasını aşmış, hamının gözü qarşısında genosid siyasəti yeritmişdilər. İkincisi, onları Rusiya himayə edirdi və bu onların ziyanına oldu, Qərb Serbiyanı cəzalandırmaqla Rusiyanı da zəiflətdi. Üçüncüsü, o zamanlar “xristian həmrəyliyi”, “islam həmrəyliyi” faktorları o qədər də ciddi əhəmiyyət kəsb etmirdi. Sonradan dünya siyasətinin konyukturası dəyişdi, islamofobiya şiddətləndi, xristian ölkələrində baş verən terror aktlarından sonra özünüqoruma instinkti gücləndi. Qarabağ məsələsinə yanaşma da yeni dünya düzənində yeni bir şəkil aldı.

İndi Avropa dövlətləri Ermənistanı Rusiyadan qoparmağa, öz ağuşlarına çəkməyə çalışır, ona maya qoyurlar. Ermənilər də şirniklənmiş kimi görünür, bu haqq-hesabın Rusiyanın xoşuna gəlməyəcəyini bilə-bilə Avropayla cilvələşirlər. Onlar ona görə belə edirlər ki, Rusiyanın Ermənistana qarşı sərt tədbirlərə əl atmayacağını bilirlər, yenə də “xristian həmrəyliyi”nin onların xeyrinə işləyəcəyinə əmindirlər.

Biz isə klassik (şəriət qaydalarına önəm verən) müsəlman ölkəsi olmasaq da, Avropa xarakterli dünyəvi dövlət olsaq da, dini mənsubiyyətimizə görə Avropada ögey sayılırıq.

Bu məsələdə korrupsiya, demokratiya və insan haqları söhbətinin yeri yoxdur. Bu xüsusda Ermənistanda da ciddi problemlər var, amma bunu onlara irad tutmurlar.

Bu gerçəkliyi anlamağımız və buna uyğun davranmağımız lazımdır.