Bakıda sevdiyi qadını öldürməkdə və iki nəfəri yaralamaqda təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətanət Həsənova bildirib ki, S.Məmmədovla qonşu olub: “Ölən Mahirə Əliyeva bizə gəldi. Dedi ki, evdə pul var idi, yoxa çıxıb. Çox qorxmuşdu. Bildirirdi ki, Sənan onu öldürəcək. Mahirə tez-tez bizə gəlirdi. Bir müddət keçəndən sonra Sənan oradan köçüb getdi. Mahirə mənim evimdə kirayədə qalırdı. Hadisə günü Sənan gecə dostları ilə bizim evə gəldi. Mahirə məni səslədi ki, Sənanın xalası oğlu onu çağırır. Mən qapının yanına gələndə Sənan Mahirəyə yeddi bıçaq zərbəsi vurdu. Hadisə gözümün qabağında oldu”.
M.Həsənova qeyd edib ki, hadisə zamanı oğlu hamamda olub, onun səsinə qapının yanına gəlib: “Sənan oğluma altı bıçaq zərbəsi endirib, məni də bir-neçə dəfə bıçaqladı”.
Zərərçəkmiş söyləyib ki, hadisədən əvvəl mərhum Mahirə Əliyeva S.Məmmədov tərəfindən tez-tez döyülürdü.
S.Məmmədov qeyd edib ki, hadisədən əvvəl onun pulu yaşadığı evdən oğurlanıb: “Bunlar mənim pulumu oğurlamışdı. Bu barədə polisə də məlumat verdim. Polisdə məlum oldu ki, pulu Laçın Həsənov aparıb. Sonra mənim yoldaşım Mahirəni rayona toya apardıqlarını dedilər”.
M.Həsənova bildirib ki, hadisədən sonra S.Məmmədov müstəntiqə qeyd edib ki, “gərək bunların hamısını biçərdim”.
Xatırladaq ki, S.Məmmədov özünü qismən təqsirli bilib. Təqsirləndirilən şəxs qeyd edib ki, Mahirə Əliyevanı öldürüb, amma digər iki şəxsi öldürmək niyyəti olmayıb: “Mahirə sevgilim yox, həyat yoldaşım olub. Biz onunla evlənəcəkdik. Sənədlərimizdə problem vardı. Onu həll edib, rəsmi nikaha daxil olacaqdıq. Mahirə ilə hadisədən 10 ay əvvəl tanış olmuşdum. Dostum demişdi ki, qonşularında yetim bir qız var. Mahirə ilə görüşüb tanış olduq. Axşam mənim qaldığım evə gətirdim. Ev sahibinə dedim ki, birlikdə yaşayacağıq. Son bir neçə gündə aramızda soyuqluq yaranmışdı. Səbəb isə qonşumuz Mətanət idi. Mahirə deyirdi ki, Mətanət Türkiyəyə gedib-gəlir. Pis işlərlə məşğul olur. Mən də onunla danışmamasını, görüşməməsini tapşırdım. Hətta bir dəfə də onunla görüşdüyü üçün Mahirəyə iki sillə vurdum. Mahirəni Mətanət yoldan çıxarıb”.
S.Məmmədov hadisəni namus üstündə törətdiyini bildirib: “Mətanətin oğlu Laçın mənə deyirdi ki, Mahirə əxlaqsızdır. Ona dedim ki, sənin ananla oturub-durur. Yəqin, sənin anan, bacın da əxlaqsızdır. Onlar Mahirəni qaçırmışdılar. Yalandan deyirdilər ki, guya onu rayona toya aparıblar. Amma belə hadisə olmayıb. Dedim, əgər olubsa, toy görüntülərini versinlər. Yalan idi, Mahirəni hansı məqsədlə saxladıqlarını, hara apardıqlarını bilirdim. Həmin gün də Mahirəni onların evində görəndə vurdum. İttihamda yazılıb ki, guya mən Mahirədən 415 manat istəmişəm. Amma elə olmayıb. Düzdür, mən evə 415 manat qoymuşdum ki, anamın başdaşını alaram. Mahirə mənə dedi ki, pulu evdən Laçın götürüb və özünə narkotik alıb. Mahirə onlara gedəndə açarı stolun üstünə qoyub. Laçın da oradan götürüb. Buna görə Laçınla mübahisə elədim, onun qardaşı məni hədələdi. Polisə məlumat verdim ki, onlar Mahirəni qaçırıblar. Polisə gedəndə yalandan dedilər ki, guya mən narkomanam”.
Təqsirləndirilən şəxs bildirib ki, Mahirə hamilə imiş: “Əkiz uşağımız olacaqdı. Mətanət Mahirəyə dərman verib ki, guya baş ağrısı üçündür. Bununla da uşaqlarımız tələf oldu. Mahirəni namus üstündə öldürmüşəm. Peşman deyiləm. Hamısını edən Mətanət Həsənova və ailəsi oldu, onlar Mahirəni yoldan çıxardılar”.
Sənan Məmmədov hadisə günündən də danışıb: “Kirayədən çıxmışdıq. Mahirənin də atası evinə getdiyini bilirdim. Həmin evdə paltarım qalmışdı. Evə gedəndə kiminsə məni görüb qaçdığını hiss etdim. Mahirəni Mətanətin evində gördüm. O zaman özümdən çıxdım. Bıçaqla Mahirəni vurdum. Mətanət qolumdan tutub dişləməyə başladı. Ona görə də bıçaqla onun qoluna zərbə endirdim. Laçın arxadan gəlib əlindəki güldanla başıma vurmaq istədi. Fırlanıb bıçağı kürəyinə soxdum”.
Qeyd edək ki, S.Məmmədov bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanına (keçmiş “Sovetski”) gəlib. S.Məmmədov 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu öz evlərində bıçaqlayıb, 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızını isə qətlə yetirib.