Dünən Alla Puqaçovanın “Köhnə saatlar” (orijinalda, ruscasında “Starinnıe çası”) mahnısına qulaq asırdım. Birdən ağlıma gəldi ki, bu mahnı Sezen Aksu-nun “İtirilmiş illər” (Anadolu türkcəsində, yenə orijinalında “Kaybolan yıllar”) mahnısının əkiz bacısıdır. Elə bil bu insanlar bir-birindən xəbərsiz, təxminən eyni zaman kəsiyində – ötən əsrin 70-ci illərinin sonu, 80-lərinsə əvvəlində – eyni ovqatı, eyni ruhu daşıyıblar. Əlbəttə, mahnıların sözləri, musiqisi ayrıdır. Mən məhz musiqinin, nəğmənin insana bəxş etdiyi, insanda oyatdığı duyğulardan danışıram. Bu duyğu hər iki mahnıda eynidir. Çünki hər iki mahnı ötən vaxtın geri qaytarılmasının qeyri-mümkünlüyü, həyatın bir az da qüssəli təkrarsızlığı haqdadır.
Burada musiqi analizi yapmaq fikrindən uzağam, sadəcə son günlər bir gözəl, gənc sənətkarımızın psixodelik rok üslubunda oxuduğu mahnının cəmiyyətdə oyatdığı təpkiyə maraqla baxdım, musiqi haqda bir az da buna görə düşündüm. Mən o gəncə nəsə məsləhət verim, ya kimlərisə onu sevməyə, sevməməyə təhrik edim – bundan qətiyyətlə uzağam. O rokçu gəncin intervüsünü dinlədim, hind fəlsəfəsi, buddizmlə maraqlandığını eşitdim. Deməli o, buddizmin boşluq anlayışından xəbərdardır və bütün mırıldananları, həmçinin heyranlıqla qımıldananları boş verəcəkdir. Ancaq bir müqayisəni mütləq yazmalıyam, çünki əsgərlikdə olanda görmüşəm. Bizim dağ kəndlərimizdə hinduşkalar olur, onlar bəzən uzun müddət maşın görmürlər, yoldan avtomobil keçəndə isə qorxunc heyrətlə qaqqıldaşıb müdafiə pozası seçir, avtomobilə cummaq istəyirlər. Bu mənada bəzi ərazilərdə roku hinduşka kimi qarşılayanların olması təbiidir. Ancaq hinduşkaların da vəziyyəti hazırda xarabdır, çünki qar artıq yağmışdır.
Bugünlərdə minval.az saytı 2000-ci ilin 25 noyabr zəlzələsini xatırladan material vermişdi, orda Bakıda toyda insanların zəlzələyə reaksiyasının videosu vardı. Mənə isə daha çox saytın şərhi məzəli gəldi. Yazmışdılar ki, bu qısa video həmin zəlzələdən əlimizdə olan YEGANƏ (fərqləndirmə mənimdir – Z.H.) videodur. Təsəvvür elə, yüz ildə bir zəlzələn ola, onun da toy videosu qala. Bəylə gəlin, tamada zəlzələyə necə münasibət bəsləmişdir. Bunu seysmik zonada yaşayan yapona danış, xarakiri eləsin. Əlbəttə, o vaxtlar indiki kimi hər yerdə canlı kamera, video çəkiliş yox idi, o üzdən zəlzələdən tək videomuzun toydan qalması təbiidir, bunu isə zarafat üçün yazıram. Eyni zamanda, ailə qurmaq üçün qızı toyda seçən, muzeyindən, mədəniyyət ocağından, məktəbindən çox toyxanası olan xalq üçün toydan başqa çəkiləsi nə hadisə var? Belə yerdə rok oxuyana toy tutmasınlarmı?
Ancaq elə temalar var zarafat edə bilməzsən. O tema özü səninlə zarafatlaşar, qaldırar vurar yerə. Örnək üçün, AzTV mövzusu. Burda hətta “z” hərfini balaca yazmaq da insanı məhv edə bilər. AZTV bizim alın yazımızdır, müqəddəs kitabımızdır, dinimiz, imanımız, kainatda yerimizi göstərən mayakdır. Elə bu son rokçu gəncin dillər əzbəri mahnısı ilk dəfə AZTV-də səslənmişdi. AZTV isə bunu efirə verməyibmiş! İndi özünüz fikirləşin ki, bunun senzuraya uğratdığı, efirə vermədiyi süjet bu qədər müzakirəyə, ictimai diqqətə səbəb olursa, gör efirə verdiyini müzakirə eləsək nələr baş verər. Yaxşı ki, biz AZTV-yə az baxırıq, çünki onun işığından, nurundan gözümüz kor olardı.
Bizim hər sahədə öz AZTV-miz vardır, bu kanal bir növ ictimai mutasiya mənbəyidir, azərbaycanlıların surroqat anasıdır, bizim cinsimizi göstərən UZİ-dir, eyni zamanda hər birimizin axirət dünyasına açılan Sirat körpümüzdür. Nə qədər adam AZTV ekranından cəhənnəmin dibinə yuvarlanıb, nə qədər bəndənin ağzı isə cənnət nemətlərinə çatmışdır. Təzəlikcə bir müəllim dostum zəng eləmişdi, dedi AZTV-də işləyirəm. Məlum oldu öz məktəbinə, təhsil sisteminə “AZTV” deyir. Çox xoşum gəldi, dedim elə mən də AZTV qəzetçisiyəm. Müxalifətimiz AZTV müxalifətidir, iqtidarımız AZTV iqtidarıdır.
Yazını isə Sezen xanımın köhnə mahnılarının birindən sitatla bitirirəm:
“Elimde olsa yırtardım gölgeni
Resmine vurmuş bir pazar günü”.