Noyabrın Azərbaycana vəd elədiyi bir müşkülü adladıq. Söhbət Avropa Birliyinin (AB) Brüssel sammitinin yekun bəyannamə layihəsində ermənilərin səyi ilə yer almış ərazi bütövlüyümüz əleyhinə bəndin çıxarılmasından gedir. Noyabrın 29-u isə Avropa Şurası-Azərbaycan münasibətləri tarixində kritik gün ola bilər. REAL sədri İlqar Məmmədovla bağlı verilən möhləti nəzərdə tuturuq.
Ümid edək ki, bu problem də ikitərəfli əlaqələrə xələl gəlmədən aradan qalxacaq. Hər necə olmasa, Avropa Şurası Azərbaycana gərək olduğu kimi, Azərbaycan da quruma lazımlı ölkədir. Ona görə ki, əks halda, bu “siyasi boşanma” Azərbaycanı Rusiya və İran tərəfə itələyə, uduşda ən çox Rusiya olardı.
Aydındır ki, o halda Kremlin regionda mövqeləri daha da möhkəmlənə, onun Qərbə qarşı koalisiya imkanları genişlənə bilər. Rusiyanın isə bizə, Azərbaycana, Qarabağ məsələsinə yanaşması bəllidir. Putin hələ də SSRİ-nin reanimasiyasına ümidini itirməyibsə, nədən danışırıq?
Bu mənada Ermənistanın Brüsseldə AB ilə çərçivə sazişi imzalaması kifayət qədər hiyləgər gediş sayıla bilər. Fakt budur ki, düşmən ölkə bu məsələdə də bizi qabaqlayıb. Niyəsi ayrı mövzudur. Bəzi obyektiv və subyektiv səbəblər gətirilir. Lakin faktdır ki, Ermənistan, həm də işğalçı Ermənistan Rusiyanın forpostu ola-ola bizdən qabağa düşməyi bacarıb. Deyilə bilər ki, bu formal bir sənəddir. Ancaq Avropaya, Qərbə jestdir, hətta müəyyən mənada Qərbə açılmaq jestidir, təhlükəsizlik anlamında isə gələcəyə hesablanmış gedişdir.
Məntiqlə, bütünlüklə Rusiyadan asılı olan Ermənistan hazırkı qəliz durumunda da mümkün olanı edirsə, Azərbaycan bunu çoxdan reallaşdıra bilərdi. O zaman əminik ki, Bakının Avropa Şurası ilə münasibətlərinə də çox mühüm bir ilıqlıq gələ, bizə düşmən dairələrin ağzı xeyli yumula, arqumentləri kəsərsiz hala gələrdi.
Bir daha vurğulamaq zərurəti var ki, unikal tribunlardan biri olaraq, Avropa Şurası ilə əlaqələrə son vermək olmaz – nə biz tərəfdən, nə o tərəfdən.
Ələlxüsus biz tərəfdən. Çünki istəsək də, istəməsək də, dünya reallıqları var və onları ciddiyə almaq zorundayıq. Məhz həmin reallıqlar on illərdir Qarabağ probleminin həllini mümkünsüz edir. O zaman niyə də bu reallıqları öz ziyanımıza daha da qəlizləşdirək?
Şübhə yox ki, Avropa Birliyi ilə problem ən əvvəl ölkə prezidentin şəxsən Brüssel sammitində iştirak və çıxış eləməsi ilə bağlı oldu. İndi təsəvvür edin ki, biz heç yerdə yoxuq. Hər yerdən də küsmüşük. O zaman ermənilər hansı hoqqalardan çıxardı? Məsələn, hamı bilir ki, Rusiya KİV-lərində başabəla erməni “ekspertlər” əməlli-başlı kök salıb. Özü də onlar təkcə etnik ermənilər deyil. Ən betəri, ermənilər başqa millətlərdən olan politoloqların da bir qismini öz tərəflərinə çəkə, tələlərinə sala biliblər.
Yeri gəlmişkən, o gün Rusiya telekanallarının analitik verilişlərinin birində polyak əslili ekspert iddia edirdi ki, Dağlıq Qarabağ Ermənistana məxsusdur. O hətta “Arsax” sözünü işlədirdi. İndi bir var, erməni bizə qarşı torpaq iddiasından danışa, bir də var qeyri-erməni bu cəfəngiyatı dilə gətirə – özü də Rusiyanın tanınmış telekanalında. Üstəlik, bir erməni politoloqunun da qatıldığı həmin verilişdə bizim mövqeyimi yalnız tanınmış telejurnalist Maksim Şevçenko qoruyurdu. Azərbaycan kökənli ekspert isə yox idi. Bəs bizim Rusiyadakı diaspor qurumlarımız, səfirliyimiz, konsulluqlarımız?
Yəqin ki, onlar nəsə edirlər. Fəqət, azdır. Anlayırıq ki, ermənilərin Rusiya və Avropa KİV-lərində, aparıcı Qərb dövlətlərində güclü iş aparması daha çox tarixi və dini (xristian) aspektlərlə bağlıdır, ruslar da daxil, xristian dünyasının ermənilərdən 200 ildir maşa kimi istifadə eləməsi ilə ilgilidir. Madam belədir, o zaman Rusiya ilə, Avropa ilə, onların ictimaiyyətləri ilə daha fəal işləməliyik.
Buna isə qapıları çırpıb getməklə, olan-qalan dost-müttəfiqləri və tribunaları itirməklə nali olmaq qeyri- mümkündür! Bu erməniyə əla sürpriz olardı. Lenin hər kim olsa da onun yaxşı bir sözü var: “Təhlükəni gözləməkdənsə, ona qarşı getmək daha yaxşıdır”. Təhlükə deyəndə biz erməni təbliğat maşınlarının “yuvaları”nı nəzərdə tuturuq. Yəni oralara kimi getməyi hədəfləməliyik.
Azərbaycanda oturmaqla, özümüz deyib özümüz eşitməklə, hamıdan küsməklə Qarabağ həqiqətini dünyaya qəbul etdirmək çətin olacaq. Olanımızın qədrini bilək. Toleyran demiş, “Düşmənlərin sayını artıran siyasət yaxşı siyasət deyil”. Xüsusən də indiki durumumuzda…