Elə bilirdim, bu söhbət bitdi, getdi, necə deyərlər, film idi, baxdıq, küləkdi, əsdi keçdi, şimşəkdi, çaxdı, söndü. Yox, qardaşlar və bacılar, “ayə haryaeydirsən, ayə” söhbəti davam edir. Ən pisi, bir gecədə heç nədən şöhrət qazanan gənc yeni-yeni “şedevr”lərini paylaşır.
Əgər qələminə, şəxsiyyətinə hörmət etdiyim, yüksək estetik zövqünə inandığım dostlar bu faktı görməzliyə vursaydılar, heç bir fikir bildirməsəydilər, mən bu mövzuya bir də qayıtmazdım. Amma tam əksini müşahidə edirəm. Adamlar ciddi-ciddi bu mənasız bağırtı-çığırtıda nəsə fəlsəfi dərinlik, lrik-romantik çalarlar axtarırlar, ifada şamanizm estetikası tapırlar, andeqraund təmayülü, protest ruhu görürlər.
Nə bilim. Adamı qızışdırıb pis yola salacaqlar, poeziyada bir Elza stili yaranmışdı, indi musiqidə də Vüsal yolu olacaq. Ondan sonra hamı dincələcək.
Mən özüm kənd uşağıyam, gözümü açıb at kişnərtisi, eşşək anqırtısı, it hürüşməsi, xoruz banlaması, qoyun-quzu mələşməsi, dana böyürtüsü, çaqqal vaqqıltısı, canavar ulartısı, pişik miyoltusu, canım sizə desin, bülbül cəh-cəhi, qarğa qarıltsı, torağay nəğməsi, şanapipik taqqıltısı, cırcırama cızıltısı, qurbağa qurultusu, arı vızıltısı eşitmişəm. Bir sözlə, bizi əhatə edən heyvanların çıxardığı cürbəcür səslərin harmoniyasında böyümüşəm. Sizə deyim ki, vərdiş eləyəndən sonra o səslərdən zövq almaq olur, hesab edirsən ki, təbiətin orkestrinə qulaq asırsan, sadəcə bu orkestrin dirijoru yoxdur deyə, hər heyvan öz notunu səsləndirir.
Ancaq dərindən inanıram ki, bu orkestrdə insanın öz səsi var və bu səs təbiətdəki bütün səslərdən gözəldir. Bir də ona əminəm ki, insan heyvan səsi çıxarmamalıdır. Bir insan öküz kimi böyürürsə, adı üstündə, bu öküz böyürtüsüdür.
Ona görə də, məsələn, eşşək anqırtısını heç vaxt sənət əsəri kimi qəbul etmək olmaz. Söz yox, hər bir eşşəyin anqırmaq kimi eksklüziv hüquqları var və onlar bu hüquqdan yararlanmaqda sərbəstdirlər. Amma eşşək gəlib ağzını evin pəncərəsinə dayayıb otağın içinə anqırsa, evin kiçik oğlu çıxıb onun yanbızına iki (biri bəs eləmir) şallaq çəkib həyətin o başına qovacaq. At da gərək adamın qulağının dibində kişnəməsin, bir az uzaqda olsa yaxşıdır.
Mənim xüsusi estetik zövqü olan (mən onları artıq “alternativ zövqlü insanlar” adlandırıram, çünki daima rəiyyətdən fərqlənmək istəyirlər) dostlarım gərək nəyəsə barmaq uzadıb “unikaldır, orijinaldır, şedevrdir, sıradışıdır, yenilikdir” və sair və ilaxır bu kimi epitetlər səsləndirəndə baxsınlar ki, bu doğrudan da heç kəsin edə bilməyəcəyi qabiliyyətdirmi, nadir istedad əsəridirmi?
Baxın, 50 ildir bu ölkədə heç kəs Habil Əliyev kimi gözəl kaman, Kamil Cəlilov kimi qoboy çala bilmir. Demək ki, onlar nadir istedaddır. Amma üç gündür yüzlərlə gənc hərəyə bir gitara (bəziləri hətta döşəməsilən taxta, süpürgə) götürüb videokamera qarşısında oxuyurlar: “Ayə, haryaeydirsən, ayə”.
Çünki bunu etmək çox asandır. Mənalı söz yox, unikal melodiya yox, sadəcə, utanmırsan və insan oğlunun hər birinin çıxara biləcəyi səslə oxuyursan.
Bu yolla şöhrət qazanmağa gəlincə, gəncin bu hərəkətini bilə-bilə, piar üçün etdiyini deyənlər var. Qorxuram ki, elə deyil, o, elə bu cür də davam edəcək, gitarasını götürəcək, ibtidai insanların dəstiri səs çıxara-çıxara, 4-5 sözdən ibarət “əsər”lərini ifa edə-edə gedəcək.
Bu cür asan və ucuz şöhrət qazanmaq qızdırma-titrəməsi isə başqa sahələrə də sirayət edəcək. Necə ki, poeziyada Elza, musiqidə Vüsal kimi “istedadlı məşhurlar” var, sabah da kimsə şalvarını aşağı çəkib qıllı dalının videosunu sosial şəbəkədə yaymaqla məşhurlaşacaq, bizim dostlar da onun bu hərəkətində qədim skiflərin yaşantılarının inikasını görəcəklər.
Absurda gedir bu işlər, dostlar. Məndən deməkdir.
Baxın, bizim əməkdaş da “Ayə, haryaeydirsən, ayə”yə parodiya edib: “Ağız, bizə niyəəlmirsən, ağız, a yığvalın qarəəlsin”. İstəyirsiniz, mən də onun “şedevri”nin fəlsəfəsini xırdalayım. Gənc müəllif demək istəyir ki, gəlsəydin, xoşbəxtçilik olardı, amma gəlmirsən, ona görə də iqbalın (qismətin) qara gəlir. Burda şaman harayı, Adəm-Həvva eşqi, nə bilim, qədim aşiqlərin qovuşmazlıq iztirabı var.
Necədir, yaxşıdır? Yeri gəlmişkən, 4-5 il əvvəl belə bir şedevr də vardı: “Kotlet-püre, necədir, yaxşıdır? Saçı da kare, necədir, yaxşıdır?”