Avropa Birliyi dövlətləri ilə NATO arasında qarşılıqlı etimad limiti artıq çoxdan bitib; “Qoca qitə”də ABŞ-a və Ağ Evin patronajlığı altındakı NATO-ya güvənmirlər 

“Avropa müdafiə paktı” hazırda beynəlxalq siyasi arenada əsas müzakirə mövzusudur. Belə ki, bu sənədin üzərindən qurulacaq yeni qurumun NATO-ya birbaşa alternativ hərbi-siyasi alyans olacağı ehtimal edilir.

Avropa Birliyinə üzv ölkələrin mütləq əksəriyyəti “Avropa müdafiə paktı”na imza atmağa meyllidirlər. Bu hərbi-siyasi layihəni dəstəkləyən ölkələrin planlarının rəsmi olaraq, Avropa Birliyinin dekabrda keçiriləcək zirvə toplantısında elan ediləcəyi gözlənilir.

Təklifin qəbul edilməsi üçün sənədin Avropa Birliyinə üzv dövlətlərin üçdə ikisi tərəfindən dəstəklənməsi lazımdır. Artıq İtaliya və İspaniya kimi ölkələr öz dəstəklərini rəsmən açıqlayıblar.

Təbii ki, öz məqsəd və hədəflərinə görə yeni struktur NATO-ya alternativ kimi dəyərləndirilir. Halbuki layihə müəllifləri “Avropa müdafiə paktı”nın NATO-ya alternativ olmadığını israrla arqumentləşdirməyə çalışırlar.

Onların iddialarına görə, bu qurum silahlı qüvvələrin daha səmərəli səfərbər olması üçün Fransa və Almaniyanın təşəbbüsü ilə yaradılsa da, NATO çərçivəsindəki öhdəliklərdən imtina olunması nəzərdə tutulmayıb. Və layihə NATO-ya alternativ olmayacaq, əksinə, bu hərbi-siyasi alyans üçün daha
çox tamamlayıcı rol oynayacaq.

NATO-ya sarsıdıcı zərbə: Bu hərbi-siyasi alyans Avropadan çıxarıla bilər

Hətta yeni hərbi-siyasi alyansın “qoca qitə”ni məhz ABŞ və onun nəzarətindəki NATO-dan qorumaq üçün yaradıldığını da iddia etmək mümkündür

 

Ancaq buna baxmayaraq, Avropa Birliyi dövlətlərinin “müdafiə paktı”nı imzalamağa həvəsli olmaları NATO-nun yüksək dairələrində ciddi narahatlıq və qıcıqla qarşılanmaqdadır. Çünki NATO-nu idarə edənlər yeni qurumun yaradılma cəhdlərinin beynəlxalq məkandakı maraq toqquşmalarının bariz təzahürü olduğunu çox gözəl anlayırlar.

Təbii ki, bu sənədin NATO-ya alternativ qurum yaratmaq cəhdi olmadığının vurğulanması sadəcə, siyasi xarakterli bəyanatdır və əsl reallığın üzərinin qapadılması məqsədi güdür. Çünki bəzi Avropa Birliyi ölkələri NATO-nun üzvü olmalarından qətiyyən məmnun deyillər.

Birincisi, hesab edirlər ki, bu hərbi-siyasi alyansın saxlanması üçün ödədikləri külli miqdarda üzvlük haqqı boşuna sərf edilən xərclərdir. Və həmin xərclərdən xilas olsalar, qənaət olunmuş milyardlarla dollarlıq maliyyə vəsaitini öz sosial-iqtisadi rifahlarının daha da yüksəldilməsinə yönəldə bilərlər. Digər tərəfdən isə, bu ölkələr artıq əmindirlər ki, NATO Avropa dövlətlərinin milli təhlükəsizlik maraqlarını təmin etmək üçün yaradılmayıb və hazırda qətiyyən bu istiqamətdə fəaliyyət göstərmir.

NATO-ya sarsıdıcı zərbə: Bu hərbi-siyasi alyans Avropadan çıxarıla bilər

Avropalı ideoloqlar NATO-nun Avropa üçün əsas problemlərdən, hətta təhlükə mənbələrindən biri olduğunu düşünürlər

 

Üstəlik, bu hərbi-siyasi alyansa üzvlük Avropa Birliyi ölkələri üçün müəyyən siyasi asılılıq məcburiyyəti də yaradır. Çünki NATO ABŞ-ın beynəlxalq maraqlarına xidmət edən və Ağ Evin patronajlığı altında fəaliyyət göstərən hərbi-siyasi alyansdır. Yəni Ağ Ev NATO sayəsində bu quruma üzv dövlətləri ABŞ-ın beynəlxalq maraqlarının reallaşdırılması prosesinə cəlb edə bilir.

Eyni zamanda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Avropa Birliyi ölkələrinin NATO ilə bağlı narahatlığı və narazılığı daha da artıb. D.Trampın seçkiqabağı təbliğat kampaniyasının əsas tezislərindən olan “Dünya yeni qaydalar üzrə idarə edilməlidir” məzmunlu Ağ Evin yeni beynəlxalq hədəfinin açıqlanmasından sonra bu ölkələr həm ABŞ-dan, həm də NATO-dan ciddi şəkildə ehtiyat edirlər.

Bu üzdən də Avropa Birliyi dövlətləri “qoca qitə”nin gələcək təhlükəsizliyinin təmin olunması istiqamətində indidən preventiv addımlar atmağa çalışırlar. Ona görə də, Avropa Birliyi dövlətlərinin hərbi xarakterli yeni qurumun yaradılmasına yönəlik cəhdlərinin NATO üçün tamamlayıcı rola malik addım olduğunun iddia edilməsi, əslində, qarşı tərəfdə qıcıq doğurmamaq xatirinə istifadə olunan “siyasi söz oyunbazlığı”ndan başqa bir şey deyil.

NATO-ya sarsıdıcı zərbə: Bu hərbi-siyasi alyans Avropadan çıxarıla bilər

Beynəlxalq hərbi-siyasi maraqların toqquşma mərkəzinin məhz Avropa qitəsinə yerləşmə ehtimalı kifayət qədər yüksəkdir

 

Çünki NATO tamamlayıcı rola malik addımlara ehtiyacı olmayan nəhəng bir hərbi-siyasi alyansdır. Və bu qurum bütün dünyaya öz hərbi-siyasi iradəsini artıq çoxdan qəbul etdirib.

Digər tərəfdən isə, hər hansı bir qurumun mükəmməlləşdirilməsinin yolu yeni qurumun yaradılması deyil. Və əgər, buna ehtiyac olsaydı, belə bir tamamlayıcı rola malik layihəni elə NATO-nun özünün daxilində reallaşdırmaq lazım gələrdi.

Bu baxımdan, indi ideya müəllifləri layihəni NATO-dan kənarda reallaşdırmaq istəyirlərsə, deməli, adıçəkilən hərbi-siyasi alyansa alternativ qurum yaratmağa cəhd göstərirlər. Və Avropa dövlətlərinin hərbi-siyasi potensialını fərqli beynəlxalq hərbi-siyasi platformada təmərküzləşdirməyi hədəfləyirlər.

NATO-ya sarsıdıcı zərbə: Bu hərbi-siyasi alyans Avropadan çıxarıla bilər

Belə anlaşılır ki, “qoca qitə”də NATO-nun gələcək taleyinə və perspektivlərinə sarsıdıcı zərbə hazırlanır

 

Bütün bunlar onu göstərir ki, ABŞ-la Avropa Birliyinin hədəfləri, maraqları və yolları artıq kəskin şəkildə ayrılmağa başlayıb. Belə anlaşılır ki, qarşılıqlı etimad limiti də artıq çoxdan bitib.

“Qoca qitə”də ABŞ-a və Ağ Evin patronajlığı altında fəaliyyət göstərən NATO-ya güvənmirlər. Hətta yeni hərbi-siyasi alyansın “qoca qitə”ni məhz ABŞ və onun nəzarətində olan NATO-dan qorumaq üçün yaradıldığını da iddia etmək mümkündür.

Bu isə o deməkdir ki, dünyada yeni ziddiyyət məkanı artıq yaranmaq üzrədir. Və beynəlxalq hərbi-siyasi maraqların toqquşma mərkəzinin Avropa qitəsinə yerləşmə ehtimalı da kifayət qədər yüksəkdir.

NATO-ya sarsıdıcı zərbə: Bu hərbi-siyasi alyans Avropadan çıxarıla bilər

Ən əsasısa, yeni hərbi-siyasi alyans yaranarsa, onda Avropa dövlətlərinin NATO-dakı üzvlüyü öz əhəmiyyətini itirməyə başlayacaq. Bu halda, Avropadan olan üzvlərin NATO-dan çıxması və ardınca isə bu hərbi-siyasi alyansın “qoca qitə”ni məcburən tərk edərək, özünə yeni yerləşmə məkanı axtarması qaçılmaz ola bilər. Çünki Avropa dövlətlərinin yeni hərbi təhlükəsizlik sistemi olacağından “qoca qitə”nin qorunmasında NATO-ya ehtiyacları da qalmayacaq.

Əksinə, “qoca qitə”nin hərbi təhlükəsizliyinin təmin olunması üçün “NATO-suz Avropa” modeli daha aktual olacaq. Hər halda, avropalı ideoloqların mütləq əksəriyyəti, NATO-nu Avropa üçün əsas problemlərdən, hətta təhlükə mənbələrindən biri olduğunu düşündüklərini qətiyyən gizlətmirlər.

Belə anlaşılır ki, “qoca qitə”də NATO-nun gələcək taleyinə və gələcək perspektivlərinə sarsıdıcı zərbə hazırlanır. Ancaq bu zərbənin tərəflərdən hansına daha faydalı olacağı hələlik müəmmalı qalmaqdadır.

Musavat.com