Sərdar Cəlaloğlu: “Namizədlərin sayının çox olması iqtidara sərf edir”

“Azərbaycan ictimaiyyəti qarşıdan gələn prezident seçkilərini səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər partiyalar, kifayət qədər iddialı insanlar var. Yəqin, onlar çalışacaqlar ki, prezident seçkilərində iştirak etsinlər”. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlama verib. O bildirib ki, azad, ədalətli seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası bütün addımları atacaq:

“Biz artıq gələn il üçün tədbirlər planları üzərində işləyirik. Yanvar ayının əvvəllərində rəsmi şəkildə təsdiq edəcəyik. İl ərzində bizim müxtəlif səpkili tədbirlərimiz olacaq. Aşağı seçki komissiyası üzvlərindən başlamış digər səlahiyyətli qurumlara qədər maarifləndirmə tədbirləri keçiriləcək. Eyni zamanda cəzaçəkmə, tibb və müalicə müəssisələrində səsvermə ilə bağlı tədbirlər keçiririk ki, o insanların səsvermə hüququ pozulmasın.

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və prokurorluq orqanları ilə xüsusi komissiyalar təşkil edirik. Müraciətlərə baxılması, xoşagəlməz hallar baş verərsə, operativ ölçü götürülməsi baxımından bu cür əməkdaşlıq çox əhəmiyyətli olur. Prezident seçkiləri və referendumda Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız da səs verməlidir. Xarici ölkələrdəki nümayəndəliklərdə məntəqələr yaradılacaq. Təsəvvür edin ki, seçkilərlə bağlı coğrafiya nə qədər genişdir. Çalışırıq ki, Azərbaycandan kənarda olan seçicilər diqqət mərkəzində olduqlarını hiss etsinlər”.

Qeyd edək ki, prezident seçkisinə təxminən 11 ay qalıb və artıq xeyli sayda iddiaçının adı bəllidir. Həm ənənəvi müxalif düşərgədən namizədlər açıqlanıb, həm də vaxtilə indiki hakimiyyətdə təmsil olunan və hazırda xaricdə yaşayan şəxslərin bəziləri fərdi olaraq namizədliklərini elan ediblər. Bunlar eks-spiker Rəsul Quliyev və keçmiş deputat Hüseyn Abdullayevdir. Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da namizəd ola biləcəyi barədə ara-sıra məlumatlar yayılır. Müxalifət partiyalarından isə İsa Qəmbər, Əli Əliyev və Tural Abbaslının namizəd olacağı bəyan edilib. Siyahının artacağı istisna deyil.

Belə görünür ki, növbəti seçkilərdə müxalif düşərgə namizəd bolluğu yaşayacaq. MSK-nın iddiaçılardan sonda neçəsini qeydə alıb-almayacağına gəldikdə, Məzahir Pənahovun açıqlamasından belə nəticəyə gəlmək olar ki, hakimiyyət namizədlərin sayının çox olmasında maraqlı görünür.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyə qədər 6 dəfə prezident seçkisi (1992, 1993, 1998, 2003, 2008, 2013) keçirilib. Bu seçkilərdə ən çox sayda namizəd 2013-cü ildə keçirilmiş seçkidə qeydə alınıb -10 nəfər. Daha çox sayda şəxs namizədliyini irəli sürsə də İlham Əliyev, Zahid Oruc, Cəmil Həsənli, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Fərəc Quliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, İlyas İsmayılov və Hafiz Hacıyevin namizədliyi rəsmi qeydə alınmışdı.

2018-ci ildə keçiriləcək prezident seçkisində namizədlərin sayının bundan çox olub-olmayacağına gəlincə, MSK sədri Məzahir Pənahovun son açıqlamasından belə qənaətə gəlmək olur ki, MSK sədri namizəd bolluğunu proqnozlaşdırıb.

Image result for Sərdar Cəlaloğlu

Prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, növbəti seçkidə namizədlərin sayı uzağı 10 nəfər olacaq: “Əvvəla, MSK-nın sədri və ya hansısa üzvünün seçkilərdə namizədlərin sayının çox və ya az olacağı barədə hansısa fikir bildirməsi səlahiyyət həddini aşmaqdır. Çünki MSK seçkinin texniki tərəfini təşkil etmək vəzifələrini yerinə yetirən qurumdur. Neçə nəfərin namizədliyini verib-verməyəcəyinin MSK-ya heç bir aidiyyəti yoxdur. Mən düşünmürəm ki, seçkidə namizədlərin sayı çox olacaq. Çox güman ki, 7-8 nəfər namizəd olacaq. Ən uzağı keçən seçkilərdəki sayda namizədin olacağını düşünürəm. İndi namizədliyini elan eləmiş adamların bir çoxunun, ümumiyyətlə, seçkidə iştirak eləmək üçün praktiki olaraq imkanı yoxdur. Məsələn, Rəsul Quliyev və Hüseyn Abdullayev seçkidə iştirak edəcəyini bəyan edib. Halbuki onların gəlib burada seçkidə iştirak etmək imkanları yoxdur. Müxalifət partiyalarından isə hələlik cəmi bir neçə şəxsin namizədliyi elan olunub. Onlar da bəyan edib ki, mümkün olsa müxalifət olaraq seçkiyə vahid komanda, vahid namizədlə gedilə bilər. Neçə nəfərin seçkidə iştirak niyyətini bildirməsi seçkidə neçə nəfərin iştirak edəcəyini dəqiq söyləməyə imkan verməz. İstəyini açıqlayanların elələri də ola bilər ki, tələb olunan sayda imzaları toplaya bilməzlər. Seçki ağır prosesdir, bunun texniki, hüquqi, maliyyə, insan resursları tərəfləri var. Seçkidə bu tələbləri yerinə yetirə bilən çox az sayda adam olacaq”.

Hakimiyyətə namizədlərin sayının çox, yoxsa az olmasının sərf etdiyinə gəlincə, ADP sədri bildirdi ki, rəqib düşərgədən namizədlərin sayının çox olması iqtidara sərf edir: “Seçki bataqlığı deyilən anlayış var. Bu, namizədlərin sayının çox olmasından yaranan vəziyyətdir ki, iqtidara daha çox sərf edir. Hakimiyyətdən bir namizəd olur. Müxalifətdən isə o qədər tanınmayan çoxlu sayda adam namizədliyini verəndə seçicilər seçimdə çətinlik çəkir, müxalif düşərgənin səsləri parçalanır, bir çox seçicilər isə seçim anında hakimiyyətin namizədinə səs verir. Ona görə müxalifətin mümkün qədər az sayda namizədinin olması həmişə seçkilərdə daha məqsədəuyğun sayılır. Hakimiyyətə namizədlərin sayının çox olması həm də ona görə sərf edir ki, beynəlxalq aləmə ölkədə hər bir iddiaçıya, çoxlu sayda siyasi partiyaya seçkidə iştirak etmək imkanı yaradıldığı göstərilsin”.

Musavaat.com