Maskalı və kamuflyaj geyimli bir qrup naməlum şəxs Ukraynanın Korets rayonunun Braniv kəndində Kiyev-Çop yolunun üstündəki mehmanxana-restoran kompleksinə hücum ediblər. Hücum edənlər iki Azərbaycan vətəndaşını döyüblər və müəssisənin işçilərinin əl-qolunu bağlayıblar.

Bundan başqa, naməlum şəxslər ikinci mərtəbədəki mağazanı qarət ediblər.

Medianews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rovno vilayətinin polisinin məlumatına əsasən, quldur dəstəsi dörd nəfərdən ibarət olub.

Hücum yerli vaxtla təxminən saat 22:00-da baş verib. Qarətçilər təsadüfi ziyarətçiləri – Azərbaycan vətəndaşlarını döyüblər. Azərbaycanlılar həmin vaxt restorana qəhvə işmək üçün daxil olublarmış. Onların telefonları da əllərindən alınıb.

Quldurlar insanları əl-qolu bağlı vəziyyətdə qoyaraq hadisə yerini tərk ediblər.

Yalnız iki saatdan sonra otelin 59 yaşlı qadın işçisi özünü ipdən azad edə bilib və başqalarının da əl-qolunu açıb. Bundan sonra qadın Kiyev-Çop yoluna çıxaraq avtomobil saxlayıb və baş verənləri sürücüyə danışıb. Polisi də hadisə yerinə məhz həmin sürücü çağırıb.

37 və 40 yaşlarında azərbaycanlılar xəstəxanaya çatdırılıb.