Daşımız doğrudan da çox ağır imiş. “Qarabağ” – “Çelsi” matçını izləyənlər yəqin ki, bizimlə razılaşar: bu oyunda “Qarabağ” uduzmadı, uduzduruldu. Ədalətsiz arbitrin hesabına, onun qapımıza təyin etdiyi əsassız penaltilər hesabına, bu azmış kimi, üstəlik, kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərməklə bizi azlıqda oynamağa vadar eləməklə.
Dağlıq Qarabağ məsələsində də illərdir eyni ədalətsiz münasibətlə üz-üzəyik – tərəfsiz arbitr, obyektiv münsif, qərəzsiz vasitəçi həsrətindəyik. Diqqət edin, postsovet məkanındakı bütün etnik-ərazi münaqişələrinə təxminən vahid yanaşma var: ərazi bütövlüyünün toxunulmazlığı prinsipi. Amma Azərbaycana gələndə Dağlıq Qarabağ problemi o saat “unikal və mürəkkəb məsələ”yə çevrilir, ərazi bütövlüyü prinsipinin böyrünə haqsız şəkildə öz müqəddəratını təyinetmə prinsipini də qoşmaq istəyirlər – ermənilərin artıq bir dövləti ola-ola.
Bu, elə futboldakı kimi, qapımıza haqsız yerə penalti təyin edib Azərbaycanı uduzdurmaq istəyi anlamına gəlir. Bəs səbəb?
Səbəb nə qədər qəribə də olsa, “Qarabağ” Çempionlar Liqasında yeni və təcrübəsiz olduğu kimi, Azərbaycanın da gənc və təcrübəsiz dövlət olması, bir də müsəlman- türk faktoru. Bəlkə də daha çox sonuncu faktor əsasdır. Bəs, o zaman nə etməli?
Əlbəttə ki, güclənməli, güclənməli, yenə güclənməliyik. Necə ki futbolda güclü, nüfuzlu komandaların qapısına heç bir hakim hələm-hələm penalti təyin etməyə cürət eləmir – hətta bu penalti əsaslı olsa belə, bax, biz də futbol klubu, dövlət olaraq, o dərəcədə nüfulzu olmalı, həmin səviyyəyə yüksəlməliyik.
*****
Güc deyəndə təkcə ölkənin iqtisadi hərbi gücü nəzərdə tutulmur. Söhbət həm də siyasi-diplomatik, təbliğat güc və demokratik imicdən gedir. Yəni, biz paralel surətdə dünyaya daha uğurlu açılmaqla söz sahibliyimizi daha təsirli eləmək barədə düşünməli, dost-müttəfiqlərimizin sayını artırmalıyıq.
Deyilə bilər ki, 10 milyonluq Azərbaycan balaca dövlət olduğu üçün çox da güclənə bilmərik. Razı deyilik. İsrail, Sinqapur bizdən həm ərazicə, həm də əhalicə bizdən kiçikdir. Amma dünyanın iqtisadi nəhəngləri sırasında yer alırlar. Üstəlik, Azərbaycandan fərqli olaraq ciddi təbii resursları yoxdur, əlverişli coğrafi mövqeyə (tutaq ki, tranzit ölkə olaraq) də sahib deyillər. Amma illik büdcələri bizdən 10 dəfədən çoxdur. Biz hələ Yaponiya möcüzəsini demirik.
Lakin bizim üçün ən alçatanı var – Sinqapur, İsrail modeli. Xüsusən də əhalisi cəmi 4.5 milyon olan və dünyanın 20 ən xırda ölkələrindən biri sayılan Sinqapur nümunəsi mövcuddur.
Kiçik arayış: paytaxt Sinqapur London, Nyu-York və Honkonqdan sonra dünyada dördüncü aparıcı maliyyə mərkəzi sayılır. Bu ölkədə inflyasiyanın səviyyəsi 2-3 % təşkil edir. Sinqapurluların orta gəlirləri isə ildə 34 min dollar (!) təşkil edir. Burada 100 minə yaxın milyonerlər yaşayır. Deyildiyi kimi, Sinqapurun heç bir təbii sərvəti yoxdur. İçməli suyu belə, o, Malayziyadan alır. O cümlədən İsrailin içməli su ehtiyatı yetərli deyil. Ancaq varlığa nə darlıq? Varlı-imkanlısansa, dünyanın o başından da suyu öz ayağına çəkdirə bilərsən. Nə isə…
*****
Deməli, əsas ərazi və əhali sayı deyil. Ölkənin hansı iqtisadi, siyasi modellə idarə edilməsidir. Velosiped artıq kəşf olunub. Qalır ondan səmərəli istifadə üçün bir balaca təkmilləşdirib Azərbaycan reallığına uyğunlaşdırmaq. Həm də tələsmək gərəkir. Ki, işğalçı Ermənistan bizi qabaqlamasın.
Qarabağı qaytarmağın ən dinc, ən əlverişli yolu əslində budur, bizcə: iqtisadi möcüzə yaradıb dünyanın rəğbətini və diqqətini özümüzə cəlb eləmək…
Biz oyunu, (müvəqqəti) müharibəni uduzmuşuq, Qarabağı uduzmamışıq! Şair demişkən, “Bu oyunda kim uduzdu, kim uddu, peşmanı kim olacaq”, qalib hələ bilinmir – qabaqdadır.