Noyabrın 20-də Rusiyanın baş diplomatı Sergey Lavrov Bakıya gəlir. Uzun fasilədən sonra. Səhv etmirəmsə, sonuncu dəfə o, 2016-cı ilin aprelində paytaxtımıza gəlmişdi. Məşhur aprel döyüşlərindən sonra, sarsılan ermənilərə dayaq olmaq, aranı sakitləşdirmək üçün.

Ancaq Lavrovun o səfəri Qarabağla bağlı təkliflərinin olduğu deyilən “çantası” və Bakıya verdiyi mesajı ilə yadda qaldı. Sitat: “Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür, lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”. Rusiya XİN rəhbəri açıq şəkildə demək istədi ki, əgər Qarabağla bağlı bircə addım irəli atılmasını istəyirsinizsə, buyurun, “Rusiya NATO”-suna üzv olun, yəni ərazilərinizin 80 faizini də bizə təslim edin, bəlkə işğadakı l3-5 rayonunuzu geri qaytardıq!

Lakin Azərbaycanın prinsipial mövqeyini görən Lavrov bir daha buralarda görünmədi. Hətta bundan sonra işğalçı Ermənistanı açıq şəkildə müdafiə edərək, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” söylədi. Hələ bu cür mövqeni Ermənistan rəhbərliyindən başqa heç bir ölkənin rəsmi şəxsi dilə gətirməmişdi. Sonrakı dönəmlərdə Lavrovun rəhbərlik etdiyi siyasət idarəsinin Zaxarovası Azərbaycandan olan jurnalistləri təhqir etdi, Dilqəm Əsgərovla bağlı sual verdiyinə görə. Yəni Moskvanın bir nömrəli diplomatının mövqeyi tam ortadadır. İndi onun Bakıya, Qarabağla bağlı məsələləri həll etməyə gəldiyi iddia olunur.

Əslində bunu Lavrov demir, onun boynuna qoyurlar. Məsələn, Ermənistan təbliğatı neçə müddətdir hay-küy salıb ki, Sergey Lavrov Qarabağa görə Bakı və İrəvana səfər edəcək, guya ki, işğalçıya təzyiq göstərəcək, 5 rayonun qaytarılmasının zəruriliyini ermənilərə başa salacaq, daha nələr…

Biz cənab Lavrovun Qarabağ məsələsinin həllində nə qədər “maraqlı” olduğunu Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın yubileyində Ermənistan prezidenti Serj Sərkisyan və Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla badə toqquşduranda, ya da İrəvanda ermənilərin başına ağıl qoymaq əvəzinə, telefonunu çıxarıb Ağrı dağının şəklini çəkəndə gördük.

Image result for lavrov

İndi yenə gəlir. İl yarım əvvəlkitək yenə Bakıda və İrəvanda olacaq. Yeni hansı şəkillər çəkəcək, demək, çətindir. Ancaq özü demir ki, gedirəm Qarabağ məsələsini həll etməyə, nə olsun ki, erməni tərəf şivən qoparıb…

Rus nazir TASS-a deyib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir. Daha sonra əlavə edib: “Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da deyib ki, Bakıda “ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq”. Görürsünüzmü? Qarabağ məsələsi prioritet kimi göstərilməyib, daha çox “ikitərəfli münasibətlər”dən danışılır. Qarabağ uzağı “həmçinin müzakirə olunacaq” məsələ kimi vurğulanıb.

Əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdandan sonra Rusiyanın Qarabağa münasibətini kifayət qədər aydın şəkildə açıqladı. Qardaş ölkənin rəhbəri bildirdi ki, Vladimir Putinlə Qarabağı müzakirə edib, di gəl, “Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil”.

İndi “ümidsiz Putin”in erməniəsilli nazirindən Qarabağla bağlı fövqəladə addım gözləmək sadəlövhlükdür. Kreml Qarabağ məsələsini həll etmək istəsəydi, 1991-ci ilin 20 noyabrında Xankəndinə anlaşma üçün uçan dövlət rəsmilərimiz sağ-salamat geri dönərdi, daha rus silahı ilə məhv edilməzdilər.

İrəvanda deyirlər ki, 19 noyabrda Antalyada səfərdə olan Lavrov ordan Azərbaycan və Ermənistana gedəcəksə, bundan sonra da Ərdoğan yenidən Rusiyaya səfər edəcəksə, deməli, Qarabağla bağlı nə isə olacaq. Ancaq boş iddialardır. Masada Suriya mövzusu var. Lavrov üçün hətta İraq Kürdüstanındakı vəziyyət də Qarabağdan öndə gəlir.

Bu arada Rusiyanı narahat edən digər məsələ də var. Və bu məsələ həm Azərbaycan, həm də Ermənistanda əsas müzakirə mövzusu olacaq. Lavrovun səfərindən dörd gün sonra, 24 noyabrda Avropa İttifaqının Brüssüldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində həm Azərbaycan, həm də Ermənistan yüksək səviyyədə təmsil olunacaq. Bunun ardınca qurumla mühüm razılaşmanın imzalanacağı gözlənilir. Bu vəziyyət Rusiyanı qane edə bilməz. Sentyabrda Putin Sərkisyana bircə dəfə “göz ağartmaqla” İrəvan NATO-nun hərbi təlimində iştirakdan imtina etmədimi? Kremlin məhz Avropaya inteqrasiyaya görə Gürcüstan və Ukraynada çıxartdığı oyunlar da yaddan çıxmayıb.

Lavrov da məhz bu ərəfədə hər iki ölkəyə mesaj-xəbərdarlıqları çatdırmağa gəlir, güman ki. Düzdür, hələlik qurumun Qarabağla bağlı mövqeyi Bakını razı salmadığı üçün 2013-cü il hadisəsinin təkrarlanması ehtimalı da var. Prezident İlham Əliyev Avropa İttifaqının səfirlərini qəbul edərkən onları xəbərdar etmişdi. Sitat: “Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin”.

Əgər ermənilərin yazdığı doğrudursa, Aİ yekun sənəddə həm ərazi bütövlüyü, həm də “öz müqəddəratını təyinetmə” prinsipinin əks olunmasına çalışır. Təbii ki, bu, elə Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” yanaşmasına bənzər mövqedir. Azərbaycan isə heç vaxt belə mövqe ilə razılaşa bilməz. Deməli, əslində bu gedişat Ermənistanla yanaşı, Rusiyanın da maraqlarına uyğundur. Bəlkə də Lavrov hər ehtimala görə bölgəyə gəlir-qəfildən Brüssel sənədlərə düzəliş edər və Bakı ilə İrəvan “əldən çıxar”.

Xülasə, bu səfər 5 rayonun qaytarılıb-qaytarılmaması ilə bağlı deyil. Rusiyanı bu gün Qarabağdakı vəziyyət yox, Gürcüstanın ardınca Cənubi Qafqazın daha iki respublikasının əldən çıxacağı narahat edir…