3-4 il əvvəl ölkəmizə xarici valyuta gətirən əsas milli sərvətimizin – neftin qiyməti düşəndə, təbii olaraq iqtisadi durumumuz pisləşdi, pulumuz azaldı, manatımız dəyərsizləşdi və biz təlaş-təşviş keçirərək düşünməyə başladıq ki, dollar və avronun neft fonduna, ordan da dövlət büdcəsinə sel kimi axdığı vaxt bu vəsaitlərdən daha səmərəli istifadə edə bilərmişik.

O zaman səmərəsiz xərclənən pulların kalkulyasiyasına başlayanlar, “sonrakı ağılla” dərin düşüncələr edənlər, daldan-dala biznes planları açıqlayanlar oldu: “Filan müəssisələri yaratsaq, ixrac məhsulları istehsal edərdik”; “filan fabrik-zavodları işə salsaq, xaricdən bu qədər əmtəə almazdıq”; “öz xammalımızı xaricə ucuz satıb, sonradan bahalı son məhsul alınca, emal müəssisələrini burada yaratmış olsaq, daha sərfəli olardı” və sair və ilaxır.

Amma artıq gec idi. Hər gün milyardlar fışqıran krant tam bağlanmasa da, təzyiqi azalmışdı və gələn pul dövlətimizin cari, gündəlik xərclərini ödəməyə çatırdı, çoxlu biznes layihələrini eyni zamanda həyata keçirməyə bəs etmirdi.

Biz həsrətlə, xiffətlə düşünürdük ki, görəsən, neftin bir barrelinin qiyməti yenidən 100 dolları aşarmı? Belə bir əminlik vardı ki, neftin qiyməti yenidən 100 dollara çatsa və onu aşsa, yenə ölkəyə milyardlar gələr və biz bu dəfə səhv buraxmarıq, o pulun karlı bir hissəsini biznes layihələrinə, yerli istehsalı artırmağa, çoxlu müəssisələr açmağa yönəldərik.

Aradan neçə illər keçib, amma neftin qiyməti 100 dollar olmayıb, amma 40 dollarda da qalmayıb, hazırda 60 dollardan artıqdır.

Bu o deməkdir ki, dövləti, onun iqtisadiyyatını idarə edənlər nəzərdə tutduqları biznes layihələrinin hamısını olmasa da, bir yarısını həyata keçirməyə başlaya bilərlər.

Ötən il pambıqçılığı, tütünçülüyü, ipəkçiliyi, üzümçülüyü inkişaf etdirmək, bu sahələrə kapital qoyuluşu etmək planları vardı və bu istiqamətdə müəyyən işlər görülürdü.

Ancaq neftin qiymətinin 60 dolların üzərinə çıxması, daha da bahalaşacağına ümidlər yaranması ilə sanki köhnə mərəzimiz yenidən baş qaldırıb, hər şeyi kənara qoyaraq, diqqəti yenidən neft-qaz sektorundan gələsi milyardlara vermişik.

Bu günlərdə yüksək oktanlı benzin markasının bahalaşması bir acı həqiqəti də üzə çıxardı ki, heç demə, biz neft sektorunda da yüksək tərəqqi etməmişik. Elə olmasaydı, bahalaşan benzin (Aİ-95 və Aİ-98) markalarının istehsalı ilə məşğul olan emal müəssisələri ölkəmizdə yaradılmış olardı və biz bu gün həmin yanacaq materiallarını xaricdən almazdıq ki, onlar da qiyməti artıranda avtomatik olaraq bizdə də bahalaşma olsun.

Dərd bir bu olsaydı, nə vardı ki… Xocasən və Lökbatan qəsəbələri arasındakı böyük bazarlarda satılan min bir çeşiddə əmtəənin, malın, materialın barmaqla sayılacaq qədəri ölkəmizdə istehsal olunur, qalan hamısı Çindən, Cənubi Koreyadam, Pakistandan, Türkiyədən dollarla alınıb gətirilir.

Bizdən olan yalnız Naxçıvan lavaşı, Quba alması, Göyçay narı, Gədəbəy kartofu, Cəlilabad üzümü, Sabirabad qarpızı, Ucar çolpası, Lənkəran-Astaranın sitrus meyvələridir, vəssalam. Ortada yüksək texologiyalarla istehsal olunmuş bir əmtəəmiz yoxdur.

Aydındır ki, mobil telefon, soyuducu, televizor, kondisioner və bu kimi materiallar istehsal etmək üçün nə təcrübəmiz, nə uyğun bilik-bacarıçımız, nə də texnologiyamız yoxdur. Amma son 20 ildə sıfırdan başlayaraq, məqsədyönlü çalışaraq, kadrlar hazırlayaraq, eyni profilli müəssisələr yaratmaq olardı. 6 yaşlı uşağa 20 il təhsil verəndə o, “ana” sözünü güclə yazan uşaqdan Kvant fizikasını, qeyri-səlis məntiqi əzbərdən bilən gənc mütəxəssisə çevrilir.

Bunları da müvəqqəti qırağa qoyaq. Pambıq kimi faydalı xammalı istehsal edən ölkədə sapəyirmə fabrikləri yaratmaq (bərpa etmək), həmin saplarla trikotaj sənayesini dirçəltmək çətin idimi?

Əlbəttə, asan deyil, amma dövlətin iqtisadiyyatını ayaqda saxlamaq üçün bu çətin işin öhdəsindən gəlmək lazımdır, bir-birinə söykənən şadlıq sarayları və mərasim evləri ilə dövlət büdcəsinə valyuta ehtiyatı toplamaq mümkün olmayacaq. Bu, pulu bir cibindən çıxarıb o biri cibinə qoymaqdan başqa bir şey deyil.

İtisadi sahədə bu sayaq təşəbbüssülüyün, tənbəlliyin, səriştəsizliyin nəticəsidir ki, biz bu gün uşaq bezlərindən, corabdan tutmuş təzəbəy kostyumuna, yorğan-döşəyə qədər hər şeyi xaricdən, sintetik tullantılardan süfrə müşəmbəsi düzəldən çinlilərdən alırıq.

Bu ölkədə yerli istehsalın qarşısındakı başlıca maneədən – məmur tamahkarlığından isə gələn dəfə yazarıq.