Gələn il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək yığmaların təxmini dəyəri açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşhur “Transfermarket” portalı millilərin heyətində çıxış edən futbolçuların təqribi qiymətlərini əsas tutaraq siyahı tərtib edib.

Cədvələ Braziliya millisi başçılıq edir. Belə ki, “pentakempeon”ların hazırkı heyəti 671.5 milyon avro məbləğində dəyərləndirilib. İkinci pillədəki İspaniya yığmasının oyunçularının dəyərinin cəmi 643.5 milyon avrodur. Üçüncü və dördüncü yerlərdə isə Almaniya və Fransa (636.5 milyon) qərarlaşıb.

Mundiala ev sahibliyi edəcək Rusiya millisinin dəyəri isə 138.6 milyon avrodur. Şimal qonşularımız siyahıda 17-ci pillədə yer alıb.

Mundialın ən “ucuz” yığması isə Panamadır. Mərkəzi amerikalıların bütün heyətinin dəyəri 5.25 milyon avrodur.

Qeyd edək ki, tərtib olunan siyahı komandaların son oyunlardakı heyətləri əsas tutularaq hazırlanıb. Dünya çempionatının startına qədər transfer bazarında yeniliklər, həmçinin komandaların heyətlərində zədə və s. səbəblərdən dəyişikliklər olacağından siyahının dəyişməsi istisna edilmir.