Təhsil Nazirliyi məktəblilərin 5 günlük payız tətilinə çıxdığını elan etmişdir. Zəhmətkeşlərimiz, valideynlər bu günlərdə mümkün qədər ehtiyatlı davranmalı, evə buraxılan məktəblilərin hücumlarından özlərini qorumalıdır. Tətil öncəsi Ceyranbatan bölgəsindən çox acı xəbər aldıq, orada iki məktəbli dalaşarkən araya girib onları sakitləşdirmək istəyən yazıq xadiməni vurub öldürdülər. Bu özü bir daha göstərir ki, məktəblilərimiz canlılar aləminin xüsusi təhlükəli növünə çevrilməkdədir, bu yolda atdıqları addımlara, gördükləri işlərə görə rəhbərliyə, nazirliyə dərin minnətdarlığımızı bildiririk. Çünki elə ölkələr var, orda məktəblilər ümumiyyətlə Qırmızı Kitaba düşübdür. Biri elə Ermənistan. Tamam boşalıbdır. Məktəblərdə hörümçəklər yuva qurub.
Yeri gəlmişkən, bu yaxında Bakı Heyvanat Bağçasına səfər etmişdim. Orada pələng üçün yaradılan şəraiti görəndə ürəyim açıldı. Bütün başqa heyvanlar 3-4 kvadratmetrlik dar qəfəslərdə müxalifətçilər kimi əziyyət çəksələr də pələng üçün ayrıca 8 kvadratmetrlik (!!!) qəfəs salınmış, qəfəsə müasir işıq dirəkləri, yeni yol, təbii qaz xətti çəkilmişdir. Zooparkın müdiri Aslan Bəbirov müəllim müxbirimizə bildirdi ki, əgər pələng özünü yaxşı aparsa, davranışlarına fikir versə, qəfəsdə olimpiya kompleksi də tikilib, istifadəyə veriləcəkdir. Elə qəfəsin üstündəki qızılı hərflə işlənmiş platin lövhəcik də bundan xəbər verirdi: “Pələngin yaşayış şəraiti dövlət rəhbərliyi tərəfindən yaxşılaşdırılmışdır”.
Bəli, bizim ölkədə heç bir uçan-qaçan, sürünən-məməli-suda-quruda yaşayan dövlət rəhbərliyinin diqqət və qayğısından kənarda qalmır. Hamı üçün müvafiq dövlət proqramları işlənib, dünya standartına uyğun qəfəslər, axurlar, tövlələr, akvariumlar, gölməçələr, mağara və oyuqlar tikilib istifadəyə verilibdir. Bircə müxalifət özünə yer tapmır, hərdən gedib “Məhsul” stadionunda cükküldəşirlər. (Bəlkə də onlar vaxtında isti ölkələrə uçub getməliydilər). YAP-ın qurultayında dövlət başçısı bu temaya toxunaraq müxalifətin kitabının bağlandığını açıqladı. Əslində müxalifətin kitabı heç yoxdur, bunun özü də rəhbərlik tərəfindən bir humanizm əlamətidir. Hər halda biz müxalifət liderlərinin kitab yazdığını, kitab oxuduğunu heç görməmişik. 30 il qabaq oxuyublar, o da Anarla Fikrət Qocanı. Hətta Fikrət Qocanı da səhv oxuyublar.
Kimsə deyər nə olsun, iqtidar da heç kitab oxumur. Doğrudur. Ancaq iqtidarın oxumağa ehtiyacı yoxdur. Bir lətifə var bu temada. Çukça kitab yazır, müxbir bundan intervü götürür, soruşur ki, hansı yazıçıları oxuyursunuz. Çukça deyir, mən heç kimi oxumuram. Müxbir təəccüblənir, çukça deyir: “Çukça yazıçıdır, çukça oxucu deyil ki”.
Bu arada dost və qardaş Zimbabve camaatından kədərli informasiyalar gəlir, orada deyəsən dahi rəhbər Robert Muqabe müəllimi 90 neçəsə yaşında işdən çıxartdılar. 40 ilə yaxın ölkəni işlət, axırda iki-üç general tankı sürüb səni yıxsın – dözülməz haldır. Özü də Muqabe Zimbabveni çox qəşəng işlədirdi. Örnək üçün, müxalifəti orda tutub məhkəmə eləsinlər, vəkil vəsatət qaldırsın, nə bilim, Avropa Şurası mızıldasın, ABŞ səfiri dızıldasın – belə şeylər qətiyyən yox idi. Hökumət əleyhinə çıxanları tutub əllərini kəsirdilər. Timsaha yedizdirirdilər. Düzü, mən bizim heyvanat bağçasında olarkən pələngin müəyyən qədər ac olduğunu hiss etdim. Bəlkə REAL sədri İlqar Məmmədovu onun qəfəsinə salaq? Avropanın “Məmmədova azadlıq” tələbi də aradan qalxar, pələng beş dəqiqəyə bu beşillik başağrısını həll edər.
Qayıdaq uşaqlar temasına. Tətil günlərində məktəblilərin asudə vaxtını səmərəli keçirməsi üçün valideynlər, qonşular çalışmalıdır ərazini mümkün qədər boş saxlasınlar. Ortalıqda daima cəmdəklər, dən yeyən məktəblilər üçünsə buğda tayaları olmalıdır. Başını smartfona soxmuş, gözü qızarmış, yolda anqıran, parkda meymun səsi çıxaran məktəblilərdən də uzaq durmaq lazımdır.
Məktəbliləri sevin, onlar bizim gələcəyimizdir.