Paytaxtın giriş-çıxışlarındakı tıxaclar artıq on minlərlə sürücü üçün işgəncə səciyyəsi alıb.
Hər gün səhər saat 7.30-9.30 radələrində Şamaxı və Sumqayıt istiqamətindən şəhərə sərbəst şəkildə girmək, axşam isə 18.00-20.30 radələrində həmin istiqamətlərdə şəhərdən çıxmaq müşkül məsələdir.
1,5 dəqiqəyə qət olunacaq yola 25-30 dəqiqə vaxt gedir. Bu, hələ normaldadır. Əgər həmin zaman kəsiyində sözü gedən nahiyədə hansısa maşın xarab olubsa və ya qəza baş veribsə, tıxacın ömrü daha da uzanır.
O yolda isə hər gün maşınlar həm xarab olur, həm də yüngül qəzalar baş verir.
Maşın nasazlıqları əsasən tıxacda uzun zaman qalan köhnə avtomobillərin soyutma sistemində olur. Bir də görürsən, bir köhnə maşının radiatorundan qaynar su (antifriz) fışqırır, yola axır, avtomobil də düz yolun ortasında qalıb, hərəkəti iflic edib.
Yüngül qəzalar isə adətən bir avtomobilin özündən öndəkinə arxadan zəif sürətlə toxunması, ya da iki metr irəli düşmək istəyən hövsələsiz sürücünün sağ-sol yanındakı başqa avtomobilin bir tərəfini sürtməsindən ibarət olur.
Hər iki halda tıxac daha da uzanır, şişir.
Hiss olunur ki, şəhər və yol təsərrüfatının rəhbərləri bu problemin həll edilməsi üçün nə qədər fikirləşsələr də çarə tapa bilmirlər.
Onlar da anlayırlar ki, bu, dünya meqapolisləri üçün adi hal olan tıxaclardan deyil, vəziyyət hər gün bir az da pisləşir və bu gedişlə yaxın illərdə oralarda 2-3 saatlıq tıxaclar əmələ gələcək, paytaxtın əsas nəqliyyat arteriyası iflic olacaq.
Bəs bu durum nədən yarandı?
Ortada bir neçə versiya var. Ən ümdəsi budur ki, şəhər ətrafı qəsəbələrin sakinləri son on ildə on dəfədən də çox artıb və onların tam əksəriyyəti hər gün səhər paytaxta girir, axşam çıxır.
Buraya Sumqayıt boyda şəhərin hər gün Bakıya gələn (istər ictimai nəqliyyatla, istər öz avtomobilləri ilə) on minlərlə sakinini, şəhər status almış Xırdalanın camaatını, özləri böyüyüb şəhərə dönmüş Sarayın, Masazırın, Ceyranbatanın, Müşviqabadın, Xocəsənin, Hökməlinin on minlərlə sakinini əlavə etmək olar.
10 il əvvəl Sulutəpə bir məskunlaşmış təpədən və bir dərədən ibarət idi. Bu gün axşam saatlarında bir dikdirdən (məsələn, körpü üstündən) cənub istiqamətində baxanda göydə ulduzları saymaq olur, amma Xocasən və Hökməli qəsəbələri arasındakı dərələrdəki və təpələrdəki işığı gələn evləri sayıb qurtarmaq olmur. O nahiyədə Bakı boyda bir Bakı əmələ gəlib.
Bu adamlar rayonlardan iş və dolanışıq üçün kütləvi şəkildə axışıb Bakıya gələnlərdir. Ölkənin elə bir rayonu, kəndi, qəsəbəsi yoxdur ki, onların əhalisinin mühüm bir hissəsi gəlib Bakıda məskunlaşmasın. Bunların üstünə qaçqın və məcburi köçkünləri də gəlmək lazımdır.
20 il əvvəl onların sayını şişirdib yuvarlaqlaşdıraraq (əslində 700 min civarında yer-yurdundan didərgin salınmış adam vardı), “bir milyon qaçqınımız var” deyirdilərsə, bu gün o rəqəm çoxdan köhnəlib, hazırda təbii artım hesabına onların sayı çoxdan 1 milyonu aşıb. Onların yarısı rayonlarda məskunlaşıblarsa, o biri yarısı da paytaxtın ətrafındakı köhnə və sonradan salınmış qəsəbələrdə yaşayırlar.
Hər gün şəhərə daxil olan və çıxanların sayını artıran bir kateqoriya da var. Bunlar vaxtilə şəhərin mərkəzi hissələrində yaşayan, ancaq sonradan öz mənzillərini baha qiymətə (150-200 min manata) satan və şəhərkənarı qəsəbələrdə 60-70 min manata ev, 15-20 min manata avtomobil alan minlərlə şəxsdir. Şəhərin mərkəzində yaşayanda onların maşını yox idi, çünki ehtiyac hiss etmirdilər, indi isə evə-işə gəlib-getmək üçün maşına ehtiyac hiss edirlər və pulları olduğu üçün alırlar.
Bir ara şəhərin giriş-çıxışındakı tıxacı azaltmaq üçün rayon qeydiyyatlı maşınların paytaxta girişini məhdudlaşdırırdılar. Amma bu effektiv olmadı. Çünki onlar paytaxta daxil olan avtomobillərin ümumi miqdarının 1 faizi qədər də deyildi.
Hal belə olunca başqa tədbirlər görmək lazım gəldi. Yaşıl təpəcikləri söküb yolu genişlətdilər – təxminən 4 kilometr. 5-ci kilometrdə butulka effekti yarandı. Necə ki, su dolu butulkanı başı aşağı tutanda şüşədəki su bir andaca boşalmır, eləcə də yolun hər iki başındakı dar boğaz nəqliyyatın hərəkətini məhdudlaşdırır, yol heç vaxt boşalmır.
20 il əvvəl paytaxtın başqa bir yerə (ən yaxşısı yeni salınan bir şəhərə) köçürülməsinin zəruriliyindən yazanda bu günü nəzərdə tuturduq. Heyf ki, o vaxt saqqalımız yox idi, sözümüz ötmədi. İndisə gecdir. Neft bahalaşsa, bəlkə də yenə gec deyil.