Hər ayın 15-ci gününün mistik cazibəsi olduğunu yadıma o gün (noyabrın 15-də) tanınmış msitika ustası, əziz qardaşımız Həmid Herisçinin dostu Azər Ayxan saldı, dedi ki, nə işdirsə, hər ayların 15-də dövlət çevrilişlərinə cəhd, sui-qəsdlər olur, bunların baş tutanı, baş tutmayanı var.
Yadıma saldım ki, bəli, ayın 15-i ilə bağlı öz ölkəmizdə də xeyli bənzər haqq-hesablar olub.
Məsələn, 1995-cü ilin 15 martında XTPD (OMON) hakimiyyətə qarşı qiyam qaldırıb, çevrilişə cəhd edib, amma cəhd uğursuz alınıb, iki gün sonra isə faciəvi hadisələr baş verib.
Ondan 3 il əvvəl, 1992-ci ilin 15 mayında AXC parlamentin üzərinə yürüş edərək yenidən hakimiyyətə gəlmiş Mütəllibovu 2-ci dəfə devirib.
Bu hadisədən 1 il 1 ay sonra, iyunun 15-də Heydər Əliyev parlament sədri seçilərək AXC-nin hakimiyyətinə rəsmən son qoyub. Yeri gəlmişkən, həmin gün ölkəmizdə Milli qurtuluş günü kimi qeyd edilir.
15 oktyabrı xatırlayası olsaq, minlərlə müxalifətçi “oy-oy-oy” deyəcək, çünki 2003-cü ilin həmin günü paytaxtda gerçəkdən də inqilabfason hadisələr baş verib.
Yeri gəlmişkən, indiki prezident İlham Əliyev 2008-ci ilin 15 oktyabrında ikinci dəfə prezident seçilib, amma bu dəfə dava düşməyib.
15 iyul desəm, yadınıza Türkiyədə baş verən çevriliş cəhdi düşəcək. Daha dəqiqi, bu tarix hələ yaddaşlardan çıxmayıb, çünki hər gün bu barədə danışılır.
15 noyabrda baş verənləri də bilirsiniz, Zimbabvedə 40 ilin diktatoru Muqabeni aşırdılar. Amma bu barədə bir az sonra ayrıca danışarıq.
Hələlik 15 dekabrdan başlayaq. Bu tarix boşdur, həmin gün heç bir ölkədə dövlət çevrilişi və ya çevrilişə cəhd olmayıb.
Amma 15 yanvarda zırıltı hadisələr olub: İngiltərə kraliçası I Yelizaveta taxta çıxıb (1559),), Müəmmər Qəzzafi Liviyanın baş naziri olub (1970).
15 fevral terrorçu Cüzeppe Zinqaranın ABŞ-ın yenicə seçilmiş prezidenti Franklin Ruzveltə sui-qəsd cəhdi etməsilə (1933), Livanın baş naziri Rafiq Həririnin qətlə yetirilməsi (2005) ilə, bir də PKK terror təşkilatının lideri Abdullah Öcalanın həbsiylə (1999) əlamətdardır. Aponu gedib Keniyadan təyyarəyə basıb gətirmişdilər, hələ trapla düşərkən aşağı ətrafının qorxusundan demişdi, türkləri çox sevirəm, bayrağınıza qurban olum.
15 martı yuxarıda dedik, 15 apreldə Litvanı Rusiya imperiyasına birləşdiriblər (1795), 15 mayda, 15 iyunda və 15 iyulda baş verən haqq-hesablardan da xəbəriniz var. Gələk 15 avqusta, görək nə olub.
Həmin gün Hindistan Böyük Britaniyadan (1947 ), Konqo isə Fransadan (1960) müstəqillik qazanıb, PKK da eyni niyyətə düşüb, Türkiyə əleyhinə terror fəaliyyətinə başlayıb (1984).
15 sentyabrda qardaş Türkiyədən köməyə gələn ordu Bakını erməni banditlərdən azad edib.
15 noyabrda isə əvvəlcə Con Kennedi (1960), sonra isə Corc Buş (ata) ABŞ prezidenti seçiliblər.
İki gün əvvəl isə Muqabe bu günü daha da “şərəfləndirdi”. İndən belə Zimbabvedə hər ilin 15 noyabrı çox adam bayram edəcək, bəziləri də yasa batacaqlar.
Birincilər deyəcəklər ki, bu gün milli qurtuluş günüdür, köhnə hökumətin vaxtında camaat çöllərdən evinə yığılmırdı, eyzən dərələrdə həşarat yığırdı.
İkincilər də deyəcəklər ki, bu gün Zimbabve əsl müstəqilliyini itirib, xarici qüvvələrin oyuncağı olub.
İkincilər belə deməklə qalmayacaqlar, təbliğat aparacaqlar ki, Muqabenin vaxtında vəziyyət daha yaxşıydı, hamı varlıydı, milyonçuydu.
Gerçəkdən də Zimbabvedə ən kasıb adamın dollar milyonçusu, hətta milyarderi olması həqiqətdir. Əgər kimsə cəmi bir yumurtanı bazara çıxarıb sata bilirsə, avtomatik olaraq bir-iki milyard dollar qabağa düşür (Zimbabveninin pul vahidi dollardır, kursunu isə deməsək yaxşıdır – 100 dollar xırdalasan, trilyonlara gedib çıxır).
Təzə hökumət yerini möhkəmlətmək üçün şayiə buraxacaq ki, Masvinqo əyalətində neft tapılıb, Manikalenddə isə almaz yataqları aşkarlanıb. Xalq 3-4 il sakitcə gözləyəcək ki, görsünlər, nə olur.
Hərçənd buna o qədər də ehtiyac yoxdur, 40-a dözən 41-ə də dözər, Muqabenin diktatorluğuna 40 il dözən xalq növbəti rəhbərə də dözəcək – əgər o da dəmir yumruqlu biri olsa. Yox, növbəti rəhbər zəif olsa, demokratlıq eləsə, 13 aydan sonra devirəcəklər. Həmin tarix düz 15 dekabra düşür və həmin gün, yuxarıda dediyimiz kimi, hələlik boşdur.