Moskva Şəhər Məhkəməsi bu gün iki qətl hadisəsinin təşkilində ittiham edilən “Çerkizov” bazarının keçmiş sahibi, Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılovun qiyabi həbsindən edilmiş şikayətə baxacaq.

“Report”un məlumatına görə, bununla bağlı RİA “Novosti”yə məhkəmədən bildirilib.

Qeyd olunur ki, onun vəkili Marina Rusakova Basman rayon Məhkəməsinin Telman İsmayılov barəsində çıxardığı qiyabi həbs sanksiyasının ləğv edilməsini təkid edir. Bu işlə əlaqədar onun qardaşları Vaqif və Rafiq İsmayılov həbs ediliblər. Cinayət işində adı hallanan dördüncü şəxs Mehman Kərimovdur.

Onlar iki qətl hadisəsində — ticarət komplekslərinin sahibinin və 2016-cı ilin mayında “Lyublino-Motors”un təsisçisinin güllələnməsində təqsirli bilinirlər.

İsmayılov qardaşlarına və M.Kərimova qarşı qanunsuz silah dövriyyəsi, iki və daha çox şəxsin xüsusi amansızlıqla qətlə yetirilməsi və digər maddələr üzrə ittihamlar irəli sürülüb.