BAKU.WS saytının növbəti qonağı tanınmış müğənni Roza Zərgərlidir.

Müsahibədə göstərdiyi dəstək üçün “The Gallery Art Cafe”yə təşəkkürümüzü bildiririk.

-Bir müddət sənətdən uzaq düşdünüz. Amma yenə də “fırtına” kimi geri döndünüz. Haralarda idiniz?

– Əslində 2010-ci ildən bəri dayanmadan fəaliyyətdəyəm. Yeni mahnılar, kliplər, filmlər və s. Amma müəyyən müddət görünməməyimin səbəbi sırf uşağımın səhhətində olan problem ilə bağlı idi. Sənətim üçün də çox darıxmışdım. Sənətə ilk dəfə gələn adamı piar etmək çox asandır, amma sənətdən gedib sonra yenidən qayıdan birinin piarı çətindir. Mən bəxtəvər sənətçilərdənəm ki, qoyub getdiyim yerdən davam etdim. Əldə etdiyim uğurları ələyib yoxa çıxartmamışam. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Yaradıcılığım öz axarı ilə gedir.

– Bir kitab yazdınız… Kifayət qədər də maraqlı alındı. Bu addımı atmaq çoxdan planda var idi, yoxsa?

– Əslində “Sibir çiçəyi” adlanan həmin kitabda sırf mənim həyatım əks olunub. Başıma gələn hadisələri cümlə-cümlə oxucuya sözlə çatdırmağa çalışmışam. Düşünürəm ki, bunu bacarmışam.

– Bundan sonra bu yola davam etməyi düşünürsünüzmü?

– Kənardan baxanlara elə gəlir ki, müğənni hara, yazıçılıq hara? Bir az qeyri-ciddi yanaşırlar bu məsələyə. Amma mənim ilk kitabımı oxuyan oxucuların rəyi mənə böyük stimul verdi ki, ikinci kitabımı yazım. İkinci kitabım “Məcnunsuz Leyli” adlanır. Bu kitab da fədakar, qayğıkeş bir insanın taleyindən bəhs edir. Belə deyək, mənim övladlığa götürdüyüm uşaqlardan birinin həyatından. Həmin insan hazırda dünyada yoxdur.

– Roza xanım, bədən ölçülərinizi ölçmüsünüzmü?

– Sözün düzü, həmişə çəkimə nəzarət etmişəm. Artıb-azalmağının qarşısını almışam. Amma bədən ölçülərimi heç vaxt ölçməmişəm.

– Məsələ burasındadır ki, kanardan baxanda hər şey ideal görünür. Ama bəzən tamaşaçı aldana da bilər. Bədəninizin heç bir yerində silikon yoxdur ki?

– Qətiyyən! Silikon bir neçə ilə əmələ gəlib öz yerini tapır. Görün mən neçə ildir səhnədəyəm. Tamaşaçılar məni ilk gündən belə formada görüblər. Onu da deyim ki, mən zahirən atama, bədən quruluşuma görə isə nənəmə oxşayıram.

– Bu cür ideal bədən quruluşu ilə sizi səhnəmizin seks-simvolu adlandırmaq olarmı?

– Bilirsinizmi, seks-simvol müğənnidən çox aktrisaya yaraşan bir tituldu. Ona görə də mən özümə bu adı verə bilmərəm. Amma bu, bir faktdır ki, tamaşaçılar məni məhz seks-simvol kimi görür (gülür).

– İndiyə qədər sizə əl qaldıran olubmu?

– İndiyə qədər mənə nə əl qaldıracaq, nə də təhqir edəcək insan anasından olmayıb.

– Bəs keçmiş həyat yoldaşınız necə?

– Bu barədə çox danışmaq istəmirəm. Xahiş edirəm, bu mövzulara girməyək. Amma bu barədə məlumat almaq istəyənlər mənim “Sibir çiçəyi” adlı romanımı oxusunlar. Hər şeyi orada geniş olaraq qeyd etmişəm.

– İndiki həyat yoldaşınızla münasibətiniz necədir?

– Hər şey qaydasındadır. Mehriban olaraq davam edirik. Yola gedirik.

– Evdə kimin sözü keçir?

– Bilirsinizmi, məncə, ailədə hər şey balanslaşdırılmalıdır. Ailənin hər bir fərdinin sözü digərindən keçməlidir. Bəzən uşaqlar elə bir ağıllı söz deyir ki, adam məəttəl qalır. Ona görə də, bəzən mənim də dediyim sözlər qanun olur.

– Bəs həyat yoldaşınızla ən çox nəyin üstündə sözünüz çəp gəlir?

– Mən çox emosional biriyəm. Kiminləsə dalaşsam, məni tutub saxlayan olmasa, gedib həmin insanı parçalaya bilərəm. Yoldaşımla ən çox, bax, bu məsələ üstündə mübahisəmiz yaranır.

– Özünüzlə çəkib apara bilmədiyiniz “yük” varmı?

– Var, amma bunun nə olduğunu deməyəcəyəm. Çünki düşmənlərim zəif nöqtəmi bilib məni vurmaq istəyər.

– Zəif nöqtəriniz çoxdur?

– Kifayət qədərdir, lakin bunu ancaq özüm bilirəm.

– Səhnədə özünüzə hansısa bir qadağanı qoyursunuz?

– Bəli, məsələn, mən səhnəyə çıxanda istədiyim kimi rəqs edə bilmirəm. Bədən quruluşum elədir ki, mən əgər dediyim kimi rəqs etsəm, ən birinci məni qeyri-peşəkar jurnalistlər qınaq atəşinə tutar. Həm də mən nəzərimdə tutduğum kimi tam sərbəst rəqs etsəm, çox ehtiraslı görünərəm.

– Bu ehtirasdan dolayı sizə bir sual vermək yerinə düşər. Gözəl və cazibədar olduğunuz üçün çox insanı təsirə salırsınız. Bəs özünüz necə, təsirə düşürsünüzmü?

– Siz sualı elə verdiniz ki, nə o yanlıq etdiniz, nə də bu yanlıq (gülürük). Məni ortada qoydunuz. Mən o enerjini tamaşaçıdan alıram. Tamaşaçının alqışını milyonlarla müqayisə etmək olmaz. İfaçının qazancı alqışdır.

– Enerjiniz çoxdur?

– Çoxdur, lakin yavaş-yavaş tükənir.

– Gözünüz nəyə düşüb?

– Gözüm yalnız yaxşı işlərə düşüb.

– Bəs gözünüzdən düşən nədir?

– İnsanların get-gedə cılızlaşması. Bəzilərinin geni elə bil dəyişib. Damarlarında müsəlman qanı axmır

– Nədən depressiyaya düşürsünüz?

– Efirdə kök görünməyimdən.

– Spirtli içki içirsinizmi?

– İçirəm, ancaq bayramdan-bayrama. O da ki ancaq şampan. Səhhətimə xeyirli olsun deyə, hərdən az miqdarda konyak da içirəm.

– Lezbianlara münasibətiniz necədir? Çevrənizdə belə insanalar varmı?

– Belə insanlar kifayət qədər var. Amma onların işdən sonra hansı işlə məğul olduqları mənim üçün maraqlı deyil. Amma çox istərdim ki, müsəlman dövlətlərində bu hallar varsa da, qapalı olsun.

– Bir film var… “Moskva göz yaşlarına inanmır”. Bəs siz inanırsınızmı?

– Mən nadir hallarda ağlayıram, özü də tək.

– Ən çox nəyə ağlayırsınız?

– Haqsızlığa…