Azərbaycan parlamentinin komitələrində 2018-ci ilin büdcə müzakirələri başlayıb. Bir azdan yekun sənəd plenar iclasda müzakirə və qəbul olunacaq. Deputat Zahid Oruc ötən həftə təklif etdi ki, gələn ilin büdcə zərfində Dağlıq Qarabağa maliyyənin ayrılması nəzərdə tutulsun.
Bu təklif həm Qarabağ erməniləri üçün cəlbedici görünə, həm də beynəlxalq aləmə mesaj ola bilər. Düzdür, ortada illərin düşmənçiliyi var, şəhidlər vermişik, insanlarımız ağrı-acılarla yaşamaqda davam edirlər, torpaq tapdaq altındadır. Qisas çağırışları da az eşidilmir. Ancaq dünya reallıqlarını da nəzərə alırıq. Bilirik ki, Rusiya faktoru olmasa, nəinki Qarabağdakı bir ovuc separatçı, Ermənistanın özü də qarşımızda heç nədir.
Eyni zamanda qarşımızda hansı güc dayanırsa-dayansın, Qarabağdan imtina etməyəcəyimizi də prinsipial olaraq bəyan etmişik. Deməli, Qarabağ bizimçün vazkeçilməzdir. Eyni zamanda Qarabağı bizə, bizi Qarabağa yaxınlaşdıracaq istənilən metodlara əl atmağımız yalnız işin xeyrinə olar. Biz bu gün, ya sabah savaş qərarı verməyə hazırlaşmırıq ki? Xeyr. Belə olan təqdirdə niyə vaxtdan səmərəli istifadə edib təbliğatımızı aparmayaq, normal təkliflərlə çıxış etməyək, ən azı ermənilərin özlərini bir-birinə qarşı qoya biləcək təklifləri masa üzərinə qoymayaq?
Bu mənada Zahid Orucun təklifinin nəzərə alınması ən azı Qarabağla bağlı təbliğatda bizim işimizə yaraya bilər. Deyək ki, Azərbaycan parlamenti dövlət büdcəsinə Dağlıq Qarabağla bağlı da bir müddəa əlavə etdi və 100 milyon vəsait ayırdı… Bu vəsait dərhal Xankəndinə göndərilməyəcək ki. Bu, mümkün də deyil. Vəsait o zaman xərclənəcək ki, işğala son veriləcək. Bu da olsun büdcədəki Qarabağ Fondu.
Belə bir müddəa ilə Azərbaycan bir daha ədalətsiz dünyanın nəzərinə çatdırır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və hətta bu ərazidəki Azərbaycan vətəndaşlarına maliyyə ayırmaqla bunu bir daha təsdiqləyir. Hər il büdcədə Dağlıq Qarabağa müəyyən miqdarda vəsait ayırmaqla beynəlxalq təşkilatlara, vasitəçilərə ciddi mesaj vermiş olardıq. Belə olsaydı, Rusiya XİN-in erməni rəhbəri Sergey Lavrov kimilər “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” sözlərini dilə gətirməzdilər. Deyərdik “daxili işimiz deyilsə, necə olur dövlət büdcəmizdən hər il vəsait ayırırıq?”
Ermənistanın özündə də kifayət qədər qüvvələr var ki, Qarabağ məsələsinin sonadək belə qalacağını, Azərbaycanın bu vəziyyətlə barışmayacağını bilir, etiraf edir. Qarabağ ermənilərinə büdcəmizdə yer ayrılsa, Ermənistanın daxilində də erməni gənclərini Qarabağda məhv edən Sərkisyana qarşı çıxışların artmasını müşahidə edə bilərik.
Bakı-Tiflis-Qars dəmir yolundan kənarda qalandan sonra Ermənistanın daxilində də etirazlar müşahidə olunur. Ermənilər anlayır ki, küncə sıxılmış vəziyyətdə yaşamaq mümkün deyil, nə isə bir çıxış yolu lazımdır. Amma bu çıxış yolu Qarabağdan keçmir – 100 il işğalda qalsa belə.
Bu gün Dilqəm Əsgərov, Şahbaz Quliyevi Şuşada girov saxlayan erməni separatçıları həm də adam kimi yaşamaq istəyən Qarabağ ermənilərini yesir günə qoyublar, onların qaçıb canlarını qurtarmasına da imkan verilmir. Deməli, ümumi mənzərə Azərbaycanın xeyrinədir, ermənilərə verilən mesajlar ictimai rəydə işğalçıların, separatçıların əleyhinə işləyəcək.
Eyni zamanda bu qərarın ardınca dünyaya çağırış edib Qarabağ separatçılarına maliyyə yardımı ayrılmasına son verilməsi tələb edilməlidir. Elə ABŞ-dan başlamaq lazımdır. Həmsədr ölkə (!) 2018-ci ildə Qarabağa 1,5 milyon dollar ayıracaq. Krım, Cənubi Osetiya, Abxaziya, Donbas, Dnestryanını işğal zonası adlandıran, Kataloniya, İraq Kürdüstanındakı separatçıları qəbul etməyən ABŞ Qarabağa maliyyə ayırır. Azərbaycan bəyan etməlidir ki, Dağlıq Qarabağdakı sosial layihələrin icrasına vəsait ayırmağa hazıram, yetər ki, işğalçı ordu mənim torpağımı tərk eləsin!
Deputat Zahid Orucun təklifindən dərhal sonra Dağlıq Qarabağ separatçıları “büdcə” müzakirələrinə başladılar. Özlərini “dövlət” kimi sırımağın bir yoludur. Azərbaycan Milli Məclisi qanuna müvafiq əlavəni etməklə separatçıların qol-qanadını qıra bilər. Odur ki, deputatın təklifini qəribçiliyə salmayaq. Nə bilmək olar, bəlkə elə ayıracağımız pul sonda qarşı tərəf üçün “tələdəki pendir”ə çevriləcək. Separatçılar hər il ABŞ, Avropadakı marafonlarda pul dilənmirmi? Ən azı, bu gün vəziyyət başqadır, Bərzani, Puçdemon taleyindən danışılır…