Dünən, 12 noyabr bizdə Konstitusiya günü kimi qeyd olunurmuş. Açığı, mən buna diqqət eləməmişdim, Konstitusiya günü iş günü sayılır (hərçənd, təsadüfən məhz dünən bazara düşmüşdü), Bayraq günü – 9 noyabr isə iş günü deyildir. Məncə burada bizim dövlətçiliyə münasibətimizin rəmzi gizlənibdir. Əsas qanunun yaranmasını “yolaverdi” formasında, bayrağın gününü isə əməllicə, “başımızı açaraq” qeyd edirik. Məntiqlə belə çıxır qanunlara hörmət və ehtiramımız hansısa quru simvollara münasibətimizdən artıqdır. Təbii, burda da mübahisə eləyib, təskinlik tapıb bayrağın həm də konstitusiyamızın rəmzi olmasını söyləyə bilərik, hərçənd heç bayraq yarananda konstitusiya yox idi.
Yaxşısı budur gəlin bu “toyuq əvvəldir, yoxsa yumurta” diskussiyasını qırağa qoyub fikirləşək görək bu əsas qanun bizim üçün nə anlam verir. İlk növbədə, bunun adından belə nəticə çıxır ki, bizdə başqa qanunlar da var. Yoxsa buna niyə əsas qanun desinlər? Başımız xarab olmayıb ki, durduğumuz yerdə hansısa sənədi götürüb əsas qanun elan edək? Özü də lap öncə çoxlu sayda qanunlar varmış, Böyük Partlayış olub, qanunlar deputatxanaya səpələnib… Yox, bu ayrı ssenari idi, üzrlü sayın, yanlış olaraq bura girdi. Çoxlu qanunlar varmış, bunların içindən birini götürüb əsas qanun qayırıblar. Ya da hər qanundan bir qırıq, qarabağlılar demişkən, bir “cıqqax” qopardıb əsas qanunu düzəldiblər. Əlim qurusun müqayisə elədiyim yerdə: lap Frankenşteyn müəllimin əhvalatındakı kimi.
Düzdür, bizim konstitusiya o qədər yaşlı sayılmaz, 1995-ci ildə qəbul olunduğunu nəzərə alsaq cəmi-cümü 22 yaşının içindədir. Hərçənd, ilin axırına düşür, istəsən 23 də vermək olar – ağdamlının elçilikdə oğlanın yaşını açıqlaması əhvalatındakı kimi. Maraqlı əhvalatdır, yaddan çıxmamış bura yazım, qalsın. Bir gün ağdamlılar gedirlər qız almağa, mərasimdə gələcək bəyin yaşı soruşulur. Oğlan dekabrda doğulubmuş, valideynləri bir az da cavan göstərmək üçün deyirlər: “1982-ci ilin sonlarında doğulub, ancaq 1983-də vermək olar”.
Bəs bu 23 ildə… Bu məqamda Ramiz Rövşənin gözəl əsərlərindən bir parça da tam gəlir yerinə düşür, yazaq:
“Mən axı nə Çöləm, nə Yol, nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü – ölüncə
23 yaşımda qala bilmərəm”.
Sözümün canı odur ki, bu 23 ildə əsas qanunumuz bəlkə 223 dəfə dəyişikliyə uğrayıbdır, yol və küçə olmasa da. Hərdən görəndə onu tanıya bilmirik. Qanun dodaqlarına botoks geli dolduran, üzünün dərisini dartdıran, nə bilim, ombasını yığdıran bəzi pis manıslara bənzəməkdədir. Elə köməkçi qanun var, bunun yanında qoca kaftara bənzəyir, çünki yaradıldığı gündən bir dənə də dəyişikliyə uğramayıbdır. Biz əsas qanunumuzun bu cür cavan qalması, dünya, region, Qafqaz, Alp dağları, Avstraliya hövzəsi, Süd yolu qalaktikası üçün örnək olması ilə fəxr edirik. Hər il insanlar 12 noyabrda əsas qanunun şərəfinə qurbanlar kəsir, qız-gəlin saçlarına konstitusiya maddəsi taxıb gəzməyə çıxır, məktəblərdə əsas qanun dərsləri keçilir, yollarda sürücülər siqnal verirlər. Olduqca qürurlu gündür, heç ermənilərdə belə gün yoxdur. Ermənilərdə tamamən gün yoxdur, gündüzlər də Ayı işlədirlər. Ümumiyyətlə, Ermənistan boşalır, biləsiniz. Boşalmasa Zəngilanda, Laçında yerləşdirməyə erməniləri Suriyadan niyə gətirirlər? Bizdə isə Sulutəpədə bir qarış boş yer qalmayıbdır.
Bu yaxında Bakıdakı bir uşaq bağçasından valideynlər şikayət yazmışdılar. Deyirdilər müdir(ə) – bu dini ad deyil, sadəcə, müdirin qadın olmasına işarədir və bir az da bizim qadın adlarına, peşələrinə süni şəkildə “ə” hərfi yamamağımıza etirazdır, ay millət, biləsiniz, bizim dildə qadın, kişi cinsi yoxdur – uşaqları kasıb və varlı qruplara bölür, pul verənlərə yaxşı baxır, verməyənləri bir növ qara qarşoka otuzdurur.
Anlamadım buna niyə etiraz edirlər. Hərə öz yerini bilməlidir. Misal üçün, bizdə konstitusiyanın lap qabaq səhifəsində nə yazılıb? Ay sağ olasan: “Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır”. Mənbə nədir? Suyun, çayın axmağa başladığı yer. Mənsəb isə çayın töküldüyü yerdir. Yəni, hakimiyyətin yığılıb mənsəbə, sərvətə çevrildiyi yerdə xalq ola bilməz.