Hər bir dövlətin konstitusiyası var. Bizim də var və konstitusiyamızın qəbul olunduğu günü (12 noyabr) Konstitusiya günü kimi qeyd edirik. Hər il bu günlər bu mövzuda çoxlu yazılar yazılır. Bu il də yazılıb, amma bu dəfə o biri illərə nisbətən uyğun mövzuda yazılar daha azdır.
Bunun əsas səbəbi odur ki, istər dövlətin Əsas Qanununun, istərsə də parlamentdə qəbul edilən başqa qanunvericilik sənədlərinin tətbiqində ciddi pozuntular var və insanların qanunlardan gözləntisi zəifləyib.
Dildə-ağızda yüz dəfələrlə səslənən “Şah qanun deyil, qanun şahdır” kəlamı ayrıca götürülmüş ölkələrdə, o cümlədən bizim ölkəmizdə xüsusi hikmət daşımır, adi sözdür, deyilir, gedir.
Çünki biz hər gün görürük ki, yüksək mənsəbi, böyük varidatı olan insanlar bəlli bir zaman kəsiyində qanunların fövqündə dura bilirlər. Elə olur ki, onlar 10-15 il heç bir qanuna, məcəlləyə sığmayan, hətta onlara zidd olan əməllər törədə-tərədə yaşayır, işləyirlər.
Qanunlar elə adamlara o vaxt tətbiq olunur ki, özlərindən daha yüksək mənsəbli şəxsin qəzəbinə gəlirlər. Bax, o zaman qanun yada düşür və bu qanunsuz işlər görən adamları qanuni şəkildə cəzalandırma anı yetişir.
Çox vaxt bu gecikmiş addım olur. Çünki dövlətin, xalqın milyardları talanandan, qanunları çeynəyərək rəhbərlik edənlər tərəfindən insanların həyatı məhv ediləndən sonra qanunun öz gücünü bu antipodlara göstərməsinin xeyri yoxdur.
Onların yaratmış olduğu durum dəyişmir – müflis edilmiş, bağlanmış, satılıb-sovulmuş müəssisələr yenidən dirçəlmir, bir neçə ilini əbəs yerə məhbəsdə keçirmiş adamların illəri geri qayıtmır, ən ümdəsi boş-boş şeylərə, əyləncələrə, səyahətlərə, bəxşişlərə xərclənmiş milyonlar geri gəlmir.
Biz bunları “Beynəlxalq Bank işi”ndə, “Rabitə işi”ndə, “ləğv olunmuş MTN-in generallarının işi”ndə dəfələrlə gördük. Bu işlərdə dövlətə və xalqa vurulan ziyanın nəinki yarısı, heç yarısının yarısı da yerinə qaytarılmadı.
Bunlar o adamlar idi ki, eyzən qanunlardan, konstitusiyadan, dövlətçilikdən danışırdılar, amma əməldə dövlətçiliyi sarsıtmış, konstitusiyanı ayaqlamış, o biri qanunları heçə saymışdılar.
Hansısa bir ölkədə dövlətin əsas qanunlarına birəbir dəqiqliklə riayət edilmirsə, o dövlət yüksək tərəqqiyə, firavanlığa, iqtisadi inkişafa nail ola bilməz. Bu, birmənalıdır, mübahisə predmeti ola bilməz.
Bu saat dünyanın ən qüdrətli dövlətləri o dövlətlərdir ki, daima öz konstitusiylarına riayət ediblər, qanunları pozanları ciddi cəzalandırıblar, insanların konstitusion hüquqlarını tanıyıblar, bu istiqamətdə sapmalara yol verməyiblər.
Konstitusiyalar dövlətlər üçün inkişafa, firavanlığa aparan yol xəritəsidir, bələdçi bukletidir. Ona riayət edə-edə gedərsən, qanqallıqdan yan ötər, gülüstana çıxarsan, riayət etməzsən, bataqlıqla, pıtraqlıqla üzləşərsən.
Dünyanın əksər ölkələrində olduğu kimi, bizim konstitusiyamız da, demək olar ki, qüsursuzdur, bütün maddələri dünya standartlarına uyğundur, hamısının öz fəlsəfəsi, əsaslandırması var, üzərində illərlə iş aparılıb, yüz dəfələrlə müzakirə olunub, yonulub-incələnib, axır ki, ortalığa mükəmməl bir sənəd çıxarılıb.
Elə ölkələr var ki, qanunvericilik sənədləri xüsusunda olduqca mühafizəkardırlar, konstitusiyanın köhnəlmiş müddəalarını belə hələm-hələm dəyişmirlər (məsələn, ABŞ-da və İngiltərədə bu cür köhnə qanunlar var). Onlar konstitusiyanı ona görə belə müqəddəs və toxunulmaz edirlər ki, hakimiyyətə yeni gələn qüvvələr onu özlərinə sərf edən variantla əvəzləmək fikrinə düşməsinlər.
Konstitusiyasını tez-tez dəyişən, onun üzərində saysız-hesabsız düzəlişlər aparan, ona vaxtaşırı əlavələr edən dövlətlərdə isə vəziyyət başqadır. Belə dövlətlərdə əsas qanun hakimiyyətdə olanların maraqlarına xidmət edir. Ölkədə siyasi situasiya dəyişən kimi, çox çəkmir, konstitusiya da dəyişdirilir.
Bizim ölkədə konstitusiya ilə bağlı əsas problem onun müddəalarına riayətlə bağlıdır. Konstitusiyaya görə, bizim, xalqın çoxlu hüquqları var – təhlükəsiz yaşamaqdan tutmuş, təhsil almaq, işləmək, seçib-seçilmək hüququna qədər. Amma bu hüquqlardan hamı yararlana bilirmi? Əsas məsələ budur.
Könül istər ki, ölkədə hər kəs öz konstitusion hüquqlarını anlasın və öz haqqını başqalarına yedirməyəcək qədər cəsur, fəal olsun. Yoxsa, bir qrup adam daima haqq-ədalət davası edəcəksə, yerdə qalan 95 faiz onları “demaqoq” adlandıracaqsa, bu ölkə Kanadaya çatmayacaq.