Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq “Hind gecəsi” adlı tədbiri ilə bağlı ikinci mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, konfransda xalq artisti Faiq Ağayev, hindistanlı ifaçı Alişa Çinai, aparıcı Kamran Həsənli, müğənni Ceyhun Bakinski, “Energy Music Group”un üzvü Sultanhüseyn Razayev, modelyer Leyla Əhmədova, aparıcılar Samir Bayramlı, Nərminə Ağasi və başqaları iştirak edib.
Qonaqları salamlayan Faiq Ağayev hind filmlərinə olan sevgisindən danışıb: “Hind filmlərini, musiqisini çox sevirəm. Bu layihəyə dəvət alanda sevə-sevə qəbul etdim. Repertuarımız da artıq hazırdır. Tədbirin “Facebook” səhifəsində mahnılara görə sorğu təşkil olunmuşdu. Onun əsasında mahnıları hazırladıq. Əmin olun ki, möhtəşəm proqram hazırlanıb”.
Alişa Bakı haqqında təəssüratlarını bölüşüb. O deyib ki, buraya gəldiyi üçün sevinclidir:
“Burada olduğuma görə xoşbəxtəm. Sevinirəm ki, iki ölkəni birləşdirən musiqi festivalı təşkil olunub. Bakı qədim tarixi olan gözəl şəhərdir. Sadəcə bir az soyuqdur. Amma çox bəyəndim. Yeməklərinizi xüsusi olaraq sevdim. Mən artıq İçərişəhəri gəzmişəm”.
Daha sonra F.Ağayev tədbirlə bağlı dəyişikliyin olduğunu da bildirib:
“Sabah dəb nümayişini modelyerimiz Leyla Əhmədova təqdim edəcək. Təşkilatçıların verdiyi məlumata görə, Fəxriyyə xanım Bakıda keçirilən moda həftəsinə görə gərgin rejimdə çalışır. Ona görə də öz istəyi ilə layihədən ayrılıb”.