Üzeyir bəyin bir felyetonu var, iki kəndli oturub politikadan danışırlar. Yazının adı da elə “Müsəlman kəndlisinin siyasi söhbəti”dir, 1907-ci ildə “İrşad” qəzetində çıxıbdır. Çoxunuz bunu oxumuş, eşitmiş olarsınız, bir parçasını təkrar dərc etməyimin də xeyri vardır:
“- Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
– Əlbəttə, vəzir böyükdür!
– Yaxşı, indi söz gəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?
– Salar!
– Vəkil də, söz gəlişi, istəsə goburnatı salar, elə dəyilmi?
– Bəli!
– Goburnat da deməli, nəçənliyi salar?
– Bəli!
– Nəçəlnik də pristavı salar?” və sairə.
Söhbət elə bu cür də, indiki dildə söyləsək, “Brus Li döyər, yoxsa Rembo” stilində davam edir. Bizim müzakirələrimizi, ictimai diskussiyalarımızı elə gözəl təsvir edib, elə möhürünü vurub gedib ki, heç bilmirsən əlavə nə deyəsən. Hər gün məmləkətimizin müxtəlif yerlərində bu cür siyasi söhbətlərə rast gəlmək olur. Mən özüm bu yaxında belə bir dialoqun canlı şahidi oldum:
“ – Xəbərin var, deyirlər hakimiyyətdəkilər xaricdə 3 milyard pulumuzu əridiblər.
Hə, dünya dağılmalıdır buna görə. Dini kitablarda da hesablayıblar, qiyamət günü təxminən gəlib indiki vaxta düşür.
Neçə ilimiz qalıb görəsən?
20-30 ilə bu iş bitməlidir. Bütün əlamətlər artıq yığılıbdır.
Gözləri doymur da. Bu qədər pulu neynirsən axı? 3 milyardı bir-bir saymaq üçün neçə gün vaxt lazımdır…”
Söhbətin o məqamında dözmədim, istədim deyəm ki, qardaşlar, bunun üçün artıq pulsayan aparatlar vardır. Dəqiqədə minlərlə əskinası sayıb qoyur qırağa. Ancaq demədim, çünki mənası yox idi. Adamlar taleyi ilə barışıb qiyamət gününü gözləyirsə, bizim nəsə deməyimiz artıqdır. Həm də 110 il keçib e… Yenə də oturub fikirləşirik görəsən goburnat və pristav bizi qazamata salsa nə edərik.
Ancaq müəyyən irəliləyiş də vardır, insaf naminə qeyd etməliyik. Örnək üçün, son dövrlər “goburnatın uşaqlarını” elə bil daha çox tutmağa başlayıblar. Hər gün hardansa “filan nazirin qohumu damlandı”, “beşməkan məmurun uşağını tutdular” kimi söhbətlər çıxır. Vallah, adam qorxur belə getsə ölkədə ədalət tam zəfər çalsın, hüquq-mühafizə orqanlarımız da hamısı bekarçılıqdan velosiped sürməyə getsinlər. İki-üç gün qabaq belə generallardan birinin bacısı oğlunun məhkəməsi olmuşdu. Deyir bacıoğlu nəsə qanuna tabe olmayıbdır, bunu tutub 20 sutka həbs veriblər. Lap Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” komediyasında bacısı oğlunu “KPZ”yə salan polis rəisinin (o vaxt milis rəisi idi) əhvalatı yada düşür. Çünki general müxbirlərə açıqlama verib, deyib oğlum da olsa qanuna tabeçilik göstərməlidir, düzgün edib bacıoğlunu tutublar və sairə. Əlbəttə. Qanun qarşısında bizdə hamı bərabərdir. Bəziləri isə daha çox bərabərdir – başqa bir klassikin ölməz əsərində deyilən kimi.
Mən uşaq olanda bizim kənddə toylarda dava salmaq kimi əcaib bir el adəti vardı. Hətta kimin toyunda dava salınmasa həmin adam bir növ hörmətsiz sayılırdı. Başında gitara sındırılan ara müğənniləri, nağara boynuna keçirilən toybəyilər, klarnet çalanın palaz kimi çırpılması… Belə dadlı-duzlu toylarımız çox olardı. Dünən mən Abşeronda bir toyda müğənninin bıçaqlanması xəbərini oxudum. Deyir müğənnini toyda budundan bıçaqla vurublar, ancaq bu, polisə ifadəsində yolda yıxıldığını söyləmişdir. Satmaq istəməyibdir, afərin. Buna medal da vermək olar. Mən isə dejavyu yaşadım. El adətlərimizin unudulmamasına sevindim.