Bu gün “Yeni Müsavat” qəzetinin 28 yaşı tamam olur. Azərbaycanın köklü qəzetlərindən olan “Yeni Müsavat” qəzeti bu gün özünün 28-ci quruluş ildönümünü qeyd edir.
Medianews.az xəbər verir ki, qəzet Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə yaranıb. İlk nömrə oktyabr ayının əvvəllərində hazırlanıb.
Qeyd edək ki, qəzetin ilk nömrəsi noyabrın 10-da Azərbaycan Xalq Cəbhəsinin Azadlıq meydanında keçirdiyi, 1 milyona yaxın insanın iştirak etdiyi mitinqdə paylanılıb.
Qısa arayış: “Yeni Müsavat” qəzetinin ilk sayı 1989-cu ilin 10 noyabrında oxucusu ilə görüşüb. Qəzetin redaksiyası iki il – 1991-ci ilin oktyabr ayının sonlarına qədər gizli fəaliyyət göstərib. “Samizdat” üsulu ilə çap olunan və AMDP “Yeni Müsavat” adlı partiyanın yayın orqanı kimi fəaliyyət göstərən qəzetin ilk 17 nömrəsi Azərbaycanda və Tiflisdə gizli yolla dərc olunub. Yalnız Azərbaycan de-yure müstəqillik əldə etdikdən sonra qəzeti rəsmi qeydiyyatdan keçirtmək mümkün olub. 1989-91-ci illərdə Gəncədə yerləşən redaksiya 1991-ci ilin axırlarında, rəsmi qeydiyyatdan sonra Bakıya, AXC-nin qərərgahına köçüb. AXC sədri Ə. Elçibəyin dəstəyi ilə qəzetin ilk redaksiyası hərəkatın Sahil bağında yerləşən qərargahında qurulub.
Qəzetin qurucusu və ilk baş redaktoru Rauf Arifoğlu olub.O, 28 ildir ki, “Yeni Müsavat”a rəhbərlik edir.
Medianews.az olaraq “Yeni Müsavat” qəzetindəki həmkarlarımızı təbrik edir və yeni uğurlar arzu edirik. Onlara işlərində daha böyük nailiyyətlər arzulayırıq.
Qəzetin baş redaktoru Rauf Arifoğlunun musavat.com-a verdiyi videomüsahibəni təqdim edirik: