Tanışını öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Mayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Mayıl Məmmədov 8 mart 2017-ci il, saat 17.30-da tanışı Gülnar İbrahimova ilə cinsi əlaqədə olmaq məqsədi ilə Mingəçevir şəhərində yerləşən 1 saylı orta məktəbin yaxınlığında görüşüb. Onlar Mayıl Məmmədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Yevlax-Ağdaş yolunun kənarındakı meşəlik sahəyə gəlib.
Orada Mayıl Məmmədov Gülnar ilə birgə kolbasa-çörək yeyib, spirtli içki qəbul ediblər. Sonra Mayıl Gülnara cinsi əlaqədə olmağı təklif edib. Gülnar cinsi əlaqəyə girmək müqabilində Mayıldan 20 manat istəyib. Mayıl da tələb olunan pulu ona verib.
Sonra Gülnar menstruasiya dövründə olduğunu qeyd edərək Mayılla cinsi əlaqədən imtina edib. Belə olduqda Mayıl ona verdiyi 20 manatı geri istəyib. Gülnarsa pulu qaytarmaqdan boyun qaçırıb.
Bununla bağlı aralarında yaranmış mübahisə zamanı Gülnar onun və anasının ünvanına nalayiq ifadələr işlədib. Bunun üçün Mayıl onun sifət nahiyəsinə şillə vurub. Bu zaman qadın yüngül dərəcəli xəsarət alıb.
Gülnar onun və mərhum anasının ünvanına söyüş söyməyi davam edib. Buna görə Mayıl qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib.
Mayıl qadını idarə etdiyi avtomobilinə əyləşdirib və Qax rayonu Əlibəyli kəndinə gedən avtomobil yolunun 900-cü metrliyindən keçən, yaşayış məntəqəsinin olmadığı ərazidə yerləşən çayın kənarına gətirib.
Bu zaman Gülnar yenidən onun və mərhum anasının ünvanına təhqiramiz ifadələr işlətdiyindən çayın kənarındakı torpağın üstündən götürdüyü ağac parçasını zorakı yolla onun ağız boşluğuna yeridib. Bununla da Gülnar boğularaq ölüb. Cinayəti törədəndən sonra qadının meyitini çaya atıb.

“Yolda qızlarla tanış oldum”

Mayıl Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayıl Məmmədov bildirib ki, Mingəçevir şəhər sakini, yüngül həyat tərzi keçirən Gülnarı 2017-ci ilin fevral ayının təxminən 27-də tanıyıb. Onun sözlərinə görə, həmin günü Mingəçevir şəhərinə müştəri aparıb: “Müştərini düşürtdükdən sonra Gülnarı tanımışam. Həmin gün saat 11 radələrində idarə etdiyim “VAZ 2107” ilə Mingəçevir şəhərinə müştəri apardım. Geri qayıdarkən keçmiş tikiş fabrikinin yaxınlığında Gülnar və ayaqdan axsaq Təranə adlı qız mənə əl ilə işarə edərək avtomaşını saxlatdırdılar. Onları Xaldan qəsəbəsi istiqamətinə aparmağımı xahiş etdilər. Onları həmin istiqamətə apardım. Yolda həmin qızlarla tanış oldum, onların hər ikisinin yüngül həyat tərzi keçirən qadın olmalarını bildim. Gülnarın istifadəsində olan mobil nömrəsini aldım”.

“Məqsədim cinsi əlaqədə olmaq olub”

Mayıl Məmmədovun sözlərinə görə, martın 8-də, saat 17.00-da Gülnarın mobil nömrəsinə zəng edib və onunla Mingəçevir şəhərində görüşüb: “Gülnara cinsi əlaqədə olmaq istədiyimi dedim, Gülnar da razılaşdı. İdarə etdiyim maşınla Mingəçevirə getdim. Saat təxminən 17.30-da Gülnarı götürdüm. Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətinə maşını sürdüm. Məqsədim yemək və araq alaraq, Gülnarla yeyib-içmək, sonra isə yolu kənarındakı “iydəlik” adlanan yerdə onunla cinsi əlaqədə olmaq olub. Ona görə də avtomaşını Xaldan qəsəbəsinə tərəf sürdüm. Xaldan qəsəbəsinin Ağdaş rayonu istiqamətinə gedən yerində yerləşən “Ucuzluq” adlı marketin qarşısında maşını saxladım. Marketdən kolbasa, çörək, 1 ədəd litrlik “Coca Cola”, 1 ədəd də “Zolotoy kolso” adlı 0,5 litrlik spirtli içki araq və bir dəfəlik plastmas stəkanlar da aldım. Yevlax rayonu istiqamətinə gedən iydə ağaclarının yaxınlığında maşını saxladım. Aldığım ərzaqları və araq şüşəsini maşının kapotunun üstünə qoydum. Birlikdə yeyib-içdik”.

“Əvvəl pulu ver, sonra səninlə cinsi əlaqədə olaram”

Mayıl Məmmədov bildirib ki, Gülnar təxminən 100 qram araq içəndən sonra ondan “görüşmək” pulunu istəyib: “Ondan nə qədər pul verəcəyimi soruşdum. Gülnar 20 manat istədi. Gülnara hələ cinsi əlaqədə olmadığımızı, niyə tez pulu istədiyini soruşdum. Gülnar mənə “əvvəl pulu ver, sonra səninlə cinsi əlaqədə olaram”, – cavabını verdi. Bu səbəbdən 20 manatı ona verdim. Gülnar stəkanın yarısı qədər 2 dəfə dalbadal araq içəndən sonra cinsi əlaqədə olmağı təklif etdim. O, isə xəstə olduğunu dedi. Başa düşdüm ki, Gülnar qadın xəstəliyi olan “aybaşı” olub. Gülnara dedim ki, əgər xəstə idinsə nə üçün pulu aldın. Gülnar isə “evdən çıxmışam, vaxtımı almısan, pulumu almalıyam” cavabını verdi. Gülnardan 20 manatı qaytarmasını tələb etdim. Gülnar nalayiq formada “rədd ol, get” ifadəsini işlətdi. Ona “sən məni “lox” hesab edirsən?” sualını verdim, sonra verdiyim pulu geri istədim”.

“Özünü idarə edə bilmirdi”

Mayıl Məmmədov qeyd edib ki, təkidlə ondan 20 manatı qaytarmasını istəyib: “Gülnar təkrarən həmin nalayiq ifadə ilə məni söydü və pulu qaytarmayacağını bildirib. Sol əlim ilə onun üzünün sol tərəfinə bir şillə vurdum. Gülnar mərhum anamın ünvanına nalayiq ifadə işlətdi, anamın qəbrini söydü. Bundan sonra onu vurdum, Ona şilləni vuranda dodağının sol tərəfi zədələnərək qanadı. Günar bundan sonra ünvanıma daha təhqiramiz söyüşlər dedi. Onu maşına otuzduraraq aparmaq istədim. Bu zaman Gülnar araq butulkasını götürərək başına çəkdi, təxminən 1 stəkana kimi araq içdi. Onun əlindən araq butulkasını alaraq avtomaşın yoluna tərəf atdım və butulka asfalta dəyərək sındı. Gülnar bundan sonra da anamın qəbrini nalayiq söyüşlərlə söydü. Onun maşına oturmağını tələb etdim. Gülnar da maşının arxa oturacağının sağ tərəfində oturdu. Məqsədim Gülnarı Mingəçevir şəhərinə, yaşadığı evinə aparmaq olub. Lakin “555” adlı kafeyə çatanda Gülnar məndən “q… oğlu, hara gedirik” ifadəsi ilə hara getdiyimizi soruşdu. Bundan sonra fikrimi dəyişdim. Avtomaşını yolun kənarında saxladım. Sonra maşını Şəki rayonu istiqamətinə döndərərək, Gülnarı cəzalandırmaq məqsədilə əvvəllər bir neçə dəfə sərnişin apardığım Qax rayonunun Əlibəyli kəndi istiqamətindəki çay istiqəmətinə aparmaq qərarına gəldim. Gülnar arağı çox içdiyinə görə həddən artıq sərxoş olmuşdu, özünü idarə edə bilmədi, arxa oturacaqda oturub mobil telefonla kiminləsə danışırdı”.

“Anamın qəbrini söydü”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, danışıqlarından Gülnarın telefonda Vatsapla kiməsə səsli mesaj göndərdiyini başa düşüb: “Gülnar sərxoş olduğu üçün çətinliklə danışırdı, onun danışıq səsini də eşidə bilməmişəm. Həmin yerə gəldik, Gülnarı maşından düşürərək körüpünün olduğu yerə apardım. Gülnar avtomaşından düşəndə müvazinətini saxlaya bilmədi, asfalt yola yıxıldı. Onun zədələnib-zədələnməməsinə əhəmiyyət vermədim. Ayağa qaldıraraq meyitini çaya atdığım yerin yaxılığındakı daşlığa gətirəndə Gülnar yenidən ağzı üstə yerə yıxıldı. Onu ayağa qaldırmaq istəyəndə Gülnar mənim və mərhum anamın ünvanına nalayiq söyüşlər işlətdi. Nə üçün onu yerə yıxdığımı bildirdi, ona “səni mən yıxmadım, özün yıxıldın”, cavabını verdim. Çayın sağ tərəfi ilə 8-9 metr getdikdən sonra Günar böyük bir çay daşının üstündə oturmaq istədi. Bu zaman özünü saxlaya bilmədi və arxası üstə çay daşlarının üstünə yıxıldı. Onu ayağa qaldırmaq istəyəndə yenə ünvanıma söyüş söydü. Vəfat etmiş anamın qəbrinə söyüş söyəndə onun döş nahiyəsindən yumruğum ilə geri itələdim. Bu vaxt o, yerə yıxıldı. Gülnar özünü saxlaya bilmədi, üzü üstə yıxılan kimi anamın ünvanına nalayiq söyüşlər işlətdi”.

“Gülnarı çayın içində üzü üstə çabaladığını gördüm”

Mayıl Məmmədov bildirib ki, Gülnar anasının qəbrini söydüyü üçün dözməyib, yerdən qırıq ağac budaqlarından birini götürüb və onun ağzına salıb: “Ağacı ağzına yeridəndən sonra əsəbi halda ağzını yummasını və söyüş söyməməsini tələb etdim. Ağac budağını onun ağız boşluğuna itələdim, soxan kimi səsi xırıldamağa başladı. Gülnar qışqırmaq isətəsə də, səsi çıxmadı. Başa düşdüm ki, Gülnarın ağzına soxduğum qırıq budaq onun dilinin dibinə kimi girib, çünki o, qışqıra bilmədi, xırıltılı səsi gəldi və zarımağa başladı. Onun zarıldamasını görərək əynindəki şalvarındakı sarımtıl dəriyə oxşar kəmərindən tutdum, çayın kənarındakı təpədən çaya tullamaq istədim. Bu zaman kəmər qırıldı. Gülnar möhkəmdən zarıldadı, ağac ağzında olduğu üçün qışqıra bilmədi. Başa düşdüm ki, onun ağızına saldığım budaq qırığı onun qışqırmasına imkan vermir. Bundan sonra bir əlim ilə onun şalvarının bel tərəfindən, digər əlim ilə də əynindəki qara rəngli koftasının arxa hissəsindən tutaraq onu təpədən yellədim, sonra çaya tərəf atdım. Gülnar çaya düşəndə möhkəm su səsi gəldi, onun çayın içinə düşdüyünü bildim. Gülnarı atdığım çaya tərəf gəldim. Mobil telefonumun fanarını yandıraraq Gülnarı atdığı yerə baxanda onun çayın içində üzü üstə çabaladığını gördüm. Ona əhəmiyyət verməyərək maşınımın yanına gəldim. Sonra yaşadığım Yevlax rayonu Yuxarı Salamabad kəndinə getdim”.

“Etdiyim əməldən peşman olmuşam”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə saat təxminən 2-yə 20 dəqiqə işləmiş evinə çatıb: “Səhər saat 9-da oyananda çay içdim. Sonra maşına baxanda Gülnarın markasını xatırlamadığım mobil telefonunun və qəhvəyi rəngdə dəri materialdan gödəkçəsinin maşının arxa oturacağında qaldığını gördüm. Gödəkçəni götürərək qarajda olan sellofan kuloka qoydum, sonra kuloku qaraj kimi istifadə etdiyim navesin altındakı dəmir seyfə qoydum. Mobil telefonun arxasını açaraq içərisindəki batareykanı çıxartdım. Telefonu götürərək evə aprardım, şkafın içində olan prostinaların arasına qoydum. Mobil telefonun batareykasını telefonun içindən çıxarmağımın səbəbi telefonun yerinin öyrənilməsinə maneçilik yaratmaq olub. Çünki baxdığım kinolarda görmüşdüm ki, telefonla adamların olduğu yeri öyrənmək olur, ona görə də batareykanı yerindən çıxartmışdım. Gülnarın gödəkçəsini sellofan kuloka qoyub qarajdakı dəmir seyfə qoyanda gödəkçənin ciblərinə baxmamışam. Çünki səhəri günü artıq sərxoşluqdan ayılmışam və etdiyim əməldən peşman olmuşam”.

“Onu Qax sakinlərinin öldürməsini fikirləşəcəklərini düşünmüşəm”

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra evə qayıtdıqda törətdiyi hadisə barədə kiməsə danışmayıb: “Ancaq qaynaqçı kimi şərikli işlədiyim həmkəndlim Nizami Məmmədova nə vaxtsa polislərin gələrək məni aparacağını demişəm. Nizami də “nə üçün aparacaqlar” sualını verdikdə, “nəsə ürəyimə damıb” cavabını vermişəm. Gülnarı Qax rayonu ərazisindəki Əlibəyli kəndinə gedən yoldakı çaya atmağımın səbəbi, onun öldürülməsi hadisəsinin Yevlax rayonu ərazisində baş verməsinin bilinməməsi, meyit Qax rayonu ərazisində tapldığı üçün onun kim tərəfindən öldürülməsini müəyyən etməyin çətin olacağını düşünmüşəm. Həm də Gülnarın yüngül həyat tərzi keçirən qadın olduğunu onun qohumları, tanışları və qeyriləri bildiyi üçün onu Qax rayon sakinlərindən kiminsə öldürməsini fikirləşəcəklərini düşünmüşəm”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Natəvan Abdullayeva bildirib ki, Gülnar Mingəçevir şəhərinə köçəndən sonra onun həyat tərzi dəyişib, daha doğrusu, “yüngül” həyat tərzi keçirməyə başlayıb: “Sonradan bilmişəm ki, bacım Gülnarı Mayıl öldürüb. Onu dəfn etmişik. Təqsirləndirilən şəxsdən şikayətçiyəm, ona ağır cəza verilməsini istəyirəm”.

13 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mayıl Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mayıl Məmmədov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib.
Mayıl Məmmədovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Hakim heyəti Mayıl Məmmədovun apelyasiya şikayətinin təmin olunmaması barədə qərar elan edib.