Bir il üç aydan sonra Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri arasında növbəti üçtərəfli görüş keçirilib. İlk belə görüş 2016-cı il avqustun 8-də Bakıda gerçəkləşib.

Prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sammitin yekununda liderlər birgə bəyannamə imzalayıblar. Sənəddə gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapıb.

Bu formatda danışıqlar artıq ikinci dəfə keçirilir. Üç ölkənin liderləri ilk dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araya gəlmişdilər.

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşlərindən savayı dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda görüş də olub. Görüşdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb qolu layihəsi müzakirə edilib.

Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya, Baltikyanı dövlətlər, daha sonra Şimali və Qərbi Avropa ölkələrini və əks istiqamətdə magistral nəqliyyat kommunikasiyalarının (istər mövcud, istərsə də yeni yaradılacaq) bütov bağlılığını əks etdirir. Dəhliz üzrə əsas daşımalar Şimali və Qərbi Avropadan başlayaraq Rusiya ərazisində dəmir yolu ilə Buslovskaya-Sankt-Peterburq-Moskva-Ryazan-Koçetovka-Rtişevo-Saratov-Volqoqrad-Həştərxan istiqamətində daşınacaq, oradan isə İrana doğru üç əsas marşrut üzrə həyata keçirilməsi nəzərdə tutulur:

1.Transxəzər marşrutu: Rusiya tərəfindən marşrut Həştərxan, Olya və Mahaçqala, İran tərəfindən isə Ənzəli, Əmirabad və Nouşəhr limanlarından İran ərazisinə;

2.Şərq marşrutu: Qazaxıstan və Türkmənistandan keçməklə birbaşa dəmir yolu ilə İran ərazisinə;

3.Qərb marşrutu: Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisindən dəmir yolu ilə Samurdan Astaraya, daha sonra isə Azərbaycan dəmir yolları ilə İran dəmir yollarının birləşdirilməsini nəzərdə tutan yeni tikiləcək Astara (Azərbaycan) – Astara (İran) – Rəşt – Qəzvin dəmir yolu xətti ilə İran ərazisinə.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşımalarının həcmi birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə 15 milyon tondur. Bu baxımdan məsələ üç dövlətin maraqları daxilindədir.

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda keçirilən üçtərəfli sammitdə deyib ki, nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir: “Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür. Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatmışdır. Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaqdır. Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir”.

Həmçinin bu formatı Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması baxımından əhəmiyyətli saymaq olar.

ABŞ prezidenti Donald Tramp İranla “altılıq” ölkələri arasında 2015-ci ilin iyulunda imzalanan Əhatəli Razılaşma müqaviləsindən çıxacaqları barədə tez-tez bəyanat verir. Elə Rusiya və İran prezidentləri arasında keçirilən ikitərəfli görüşdə də İslam Respublikasının nüvə proqramı da müzakirə olunub.

Dövlət başçılarının üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir: “Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Üç dövlət arasında iqtisadi-ticari münasibətləri qarşılıqlı əlaqələrin yüksək səviyyəsindən xəbər verir. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, cari ilin ötən 8 ayında İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollara çatıb. O, İran iş adamlarına müraciət edərək deyib ki, Azərbaycan vasitəsilə iş adamları üçüncü ölkələrin bazarlarına çıxış əldə edə bilərlər: “Azərbaycanda tranzit üçün yaxşı imkanlar mövcuddur”.

Prezidentlər İlham Əliyev və Həsən Ruhani

Azərbaycanla Rusiya arasında 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla, 170-dən artıq sənəd imzalanıb. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb. Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib.

2016-cı ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2 milyard 184 milyon 322 min 496 dollar olub. Bu da 2015-ci illə müqayisədə 70,54 faiz (903 milyon 479 min 332 dollar) artıb. Artıma səbəb, heç şübhəsiz, İrana tətbiq edilən sanksiyaların yumşaldılmasıdır.

Bakı-Tbilisi-Qars “Dəmir İpək Yolu” xəttinin açılışından sonra Prezident İlham Əliyevin iştirakı ilə keçirilən üçtərəfli görüş Azərbaycanın bölgə üçün əhəmiyyətini göstərir. Bu həm də rəsmi Bakının dinc yanaşı yaşamaq prinsipinə əməl etdiyinin sübutu sayıla bilər. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsində iştirakı ilə beynəlxalq arenada əhəmiyyətli tərəfkeş dövlət olduğunu da sübut edib.

Ermənistan yenə bölgədə həyata keçirilən bir sıra layihələrdə iştirak etməməklə oyundankənar vəziyyətdə qaldı. Ermənistanda hələ də İran-Ermənistan-Rusiya üçlüyünün görüşünə əlçatmaz arzu olduğundan yazırlar. Yaxud Ermənistan-İran dəmiryol tikintisi üçün maliyyə tapa bilmədiklərindən xarici sərmayəçi axtarışındadırlar. Bu layihə 2014-cü il avqustun 7-də Ermənistan hökumət tərəfindən təsdiqlənsə də, demək olar ki, daş-daş üstünə qoyulmayıb. İlkin hesablamalara əsasən, layihənin dəyəri 3,5 milyard dollardır.

Ermənistanda belə layihələrin reallaşmasına sərmayə qoymaq səmərəsizdir. Çünki bu xətdən iki dövlətdən başqa üçüncü və s. tərəfin istifadəsi mümkünsüzdür. İrana isə bu yolun inşası, sadəcə, daha çox siyasi baxımdan sərf edir. Ona görə də həmin yol layihə olaraq qalır.

İran-Ermənistan-Rusiya prezidentlərinin üçtərəfli görüşü isə çox böyük ehtimalla Ermənistan cəmiyyəti üçün hələ arzu olaraq qalacaq. Çünki Ermənistanın bütün sahələr üzrə maraqlarını Rusiya de-fakto təmsil edir. İran isə bu dövlətin mahiyyətindən xəbərdardır. Ondan bölgə dövlətləri ilə siyasi oyunlarda kart kimi yararlanır.

Bakı-Tbilisi-Qars dəmiryol xətti, “Şimal-Cənub” nəqliyyat dəhlizi planları sübut edir ki, Azərbaycan tarixdə oynadığı birləşdirici rolunu indi də uğurla davam etdirir. Azərbaycanın imkanlarının genişləndirilməsinə mane olan başlıca amil isə Dağlıq Qarabağ torpaqlarının işğal altında saxlanılmasıdır. Onun azad edilməsində isə qonşu Rusiya və İran çox böyük rol oynaya bilər.

Təəssüflər olsun ki, nə bölgə dövlətləri, nə də bölgədə maraqlarının təmin olunmasında rəsmi Bakının yardımından faydalanan ölkələr Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir addım atmayıblar.

Görüşdən sonra da Tehran və Moskvanın işğalçıya bu istiqamətdə təzyiq edəcəyi inandırıcı görünmür. Ona görə də bu görüşün daha çox “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı layihələrin icrasının tezləşməsinə təsiri olacağını ehtimal etmək olar. Prezidentlərin sammiti bölgədə maraqları olan dövlətlər üçün siyasi ismarıc da sayıla bilər. Bütün hallarda belə görüşlər tərəflər arasında problemlərin danışıqlar yolu ilə həllinə təsir edir. Biz də buna ümid edək.