Tez-tez ölkədə nəsə çox ciddi bir hadisə baş verir, minlərlə adam eyni anda Cem Yılmaza dönür, zarafat, lağlağı, ələsalma, rişxənd, kinayə ərşə dirənir.
Bir bunlar olsaydı, nə vardı ki. Bildi, bilmədi, rəy, şərh verənlər, ittiham və mühakimə edənlər artır. Az qala hər iki adamdan biri prokurora, hakimə çevrilir. “Cəza kəsən”lər də tapılır, özü də bu “cəzalar” həddən artıq sərt, amansız olur.
Kənardan baxsan, deyərsən, mələklər ölkəsidir, burada hamı qanunpərəstdir, əxlaqlıdır, dürüstdür, təmizdir, gözütoxdur, bircə o “ifşa olunan” adam yaramazmış və onun “məhv”i ilə ölkədə qüsursuz, ideal cəmiyyət əmələ gələcək.
Müğənni Fədayə Laçının hər kəsə bəlli vaqiəsində cəmiyyətimizin bu amansız vərdişi özünü bir daha göstərdi. Xanımı artıq “qatı cinayətkar”, “türmədən adam qaçıran” kimi təqdim edir, hətta lağlağı ilə ona kriminal titullar-filan da verirlər.
Tanınmış müğənniyə münasibətdə təqsirsizlik prezumpsiyası, müdafiə haqqı, humanizm prinsipləri deyilən şeylər ayaq altındadır.
Fədayə və müşayiət altından qaçan kriminal avtoritet “Qoca”nın nə vaxtsa çəkilmiş şəklinin mediada işıq üzü görməsindən sonra iş daha da böyüyüb. Onları “sevgili cütlük” kimi təqdim edirlər və bu, gerçəyə oxşayır, amma qəbahət deyil.
İki yetkin və qarşı cinslərdən olan adamların öz şəxsi münasibətlərini istədikləri kimi qurmaq və sürdürmək hüquqları var. Rəsmi nikah sənədi olmadan da onlar uzun illər birlikdə ola, dostluqlarını davam etdirə bilərlər. Bunu onlara irad tutmaq olmaz, sadəcə, arxalarınca qeybət etmək olar.
İndi gələk Fədayə Laçının etap olunarkən nəzarət altından qaçan avtoritetlərin qaçışını təşkil etməyinə, bu, absurd iddiadır. Əlindən mahnı oxumaqdan başqa bir şey gəlməyən zəif bir qadın bunu edəcək gücdə görünmür. Olsa-olsa müəyyən kömək etmiş ola bilər. Təbii ki, hər şeyi istintaq və məhkəmə baxışı üzə çıxaracaq.
Müğənni xanımın kriminal avtoritetlə münasibətinin kökündə isə, güman ki, güclü kişi tərəfindən himayə olunmaq arzusu durur.
Böyük ehtimalla “Qoca” nəzarət altından qaçdıqdan sonra Fədayə ilə görüşüb və onlar birlikdə ölkədən çıxmağa çalışıblar.
Bəs Fədayə bir qanun qaçağıyla görüşməkdən, ona kömək etməkdən, onun yanında olmaqdan imtina edə bilərdimi? Əlbəttə, edə bilərdi. Ancaq bu, bir ciddi səbəbdən mümkün olmur.
İnsanlar arasında münasibətlər o qədər dərinləşir, bağlar o qədər yoğunlayır ki, qardaş, dost, sevgili dediyin adamın “dar günündə” ona yardım etməkdən imtina etmək mümkünsüzləşir. Bu zaman yardım göstərənlər əməllərinin qanun çərçivəsinə nə dərəcədə sığıb-sığmadığını düşünmürlər, çünki insani münasibətlər, şəxsi bağlılıqlar daha güclü çıxır.
50-55 il əvvəl bizim kənddə belə bir əhvalat olmuşdu. Hərbi xidmətini bitirən iki gənc qohum və dost həmkəndlimiz xidmət keçdikləri Rusiya şəhərində qalıb, tikintidə işləməyə başlayır. Bir müddətdən sonra onlar yerli qadınlarla qeyri-rəsmi yaşamağa başlayırlar. Bir gün qohumlardan biri naməlum şəraitdə öldürülür, qatili tapmaq olmur. Sağ qalan gənc öz araşdırmasını aparır, şübhələndikləri şəxsləri içirdib danışdırır və qatillərin kimliyini bilir. O, heç acımadan 4-5 nəfəri öldürüb aradan çıxır. Adamı ümumittifaq axtarışa verirlər və onun təsadüfən unudub evdə qoyduğu 3\4 ölçülü fotosunu tirajlayıb bütün ölkəyə yayırlar.
SSRİ boyda ölkə başına dar edilən şəxs hərlənib, fırlanıb gizli şəkildə kəndimizə də gəlir, kömək üçün (əsasən də pul-paraya görə) qohumlarına müraciət edir. Onlar bilirlər ki, bu işin üstü açılsa əlli-ayaqlı gedəcəklər. Rayon milis şöbəsindən onlara xəbərdarlıq edilir ki, qaçaq əvvəl-axır yanınıza gələcək, kömək istəyəcək, nəbadə ona yardım edəsiniz və mütləq onu ələ verməlisiniz. Qohumlar bütün təzyiqə, təqibə, nəzarətə baxmayaraq, qaçağa köməkdən imtina edə bilmirlər, gizli şəkildə ona əl tutur, pul-para ilə təmin edib uzaqlara göndərirlər. Həmin şəxsi 3-4 ildən sonra gərək ki, Xabarovskda ictimai tualetdə təmizlikçi işləyən bir qadın tanıyıb ələ vermişdi.
Hər dəfə hansısa caniyə kömək edən adamlar barədə oxuyanda belə əhvalatları yada salır və düşünürsən ki, əgər sovet hökumətinin ən amansız vaxtında insanlar öz qaçaq qohumlarına yardımdan imtina etmirdilərsə, edə bilmirdilərsə, demək, bu şəxsi münasibətlər zəminindəki bağlılıqlar amilinin gücünü nəzərə almaq, çox da asıb-kəsmək lazım deyil.
İnsanlıq halıdır.