Bir soydaşımız var, əlində nərdivan dünyanı dolaşır. Nərdivanda min cür hoqqadan çıxır, akrobatik hərəkətlər edir. Qabaq Amerikada “İstedadım var” şousuna qatılmışdı, hətta deyilənə görə, finala qədər gedibmiş, indi isə eyni şounun gürcü variantında çıxış edir. Onun zəhməti və istedadı qarşısında hörmətlə baş əyirəm, ümumiyyətlə, özünü təsdiq eləmək üçün əziyyət çəkən hər kəsə böyük sayğım olduğunu bildirirəm, üstəlik respublikamızı dünyada tanıdır, necə deyərlər, Azərbaycan həqiqətlərini özündə pillə-pillə daşıyır.

Ancaq biz azərbaycanlıların dünyada nərdivana çıxmaq və mahnı oxumaqla tanınması bir az adama nəsə yaxşı gəlmir. (Pis sözünü yazmadım, bax görürsünüz, necə tolerant adamam. Cəmiyyəti mənfi fikirlərlə yükləmək olmaz. Xoşun gəlmir baxma – adama deyərlər). Çünki son illər Türkiyədə-filanda da soydaşlarımız mahnı yarışmalarında qan eləyirmişlər.

Hərçənd, nərdivan simvol, obraz olaraq bizim üçün bir tapıntı sayılmalıdır. Mental dəyərlərimizin, həyat tərzimizin açılımıdır. Biz həmişə çalışırıq hansısa yolla olur-olsun yuxarı dırmaşaq. Bəlkə bu üzdən bizdə tikinti malları dükanlarında metal nərdivanları od qiymətinə satırlar. Özüm şahidəm: bu yaxında bir yaşlı qadın dükanda nərdivan almaq istədi, satıcı dedi 45 manatdır. Yazıq qadın deyinə-deyinə getdi: “Bu mənim pensiyamın yarısıdır az qala”. Nərdivan da barı bir nərdivan ola, mən boyda bir şey idi. Mənim isə boyum heç də Amerika Basketbol Liqasında oynamağa yaramır.

Manıslarımız oğru dünyasına azadlıq üçün nərdivan qoymaqda olsun, sizə nəql edim əhalinin müdafiə hüququndan. Sən demə, bizdə belə bir şey var imiş. İnsanlar məhkəməyə müraciət edəndə, yaxud hökumət onları divara qısnayanda onların haqlarını “nümayəndə” adında bir peşə yiyəsi qoruyurmuş. Bu, vəkil deyil, nəsə ona bənzər bir zad imiş. Vəkillərin respublika üzrə cəmi sayı heç 1000 nəfər deyil, nümayəndələr isə 10 mindən çoxmuş. Vəkil çatışmazlığı olan ərazilərdə nümayəndələr camaatı yola verirmiş. Prokurorla, hakimlə danışıq aparır, məbləği razılaşdırırmışlar. Dünən isə deputatxana təzə qanun qayırıb bu nümayəndəlik “peşəsini” kökündən ləğv eləyibdir.

Buyur. Sonra da bəzi savadsız adamlar deyir Milli Məclis bizim nəyimizə lazımdır. Əgər onlar nümayəndəliyi ləğv qanunu çıxartmasalar, heç biz bilərdikmi ölkədə belə şey vardır? Bilməzdik. İndiyə qədər çox belə sirlərdən deputatlarımız sayəsində agah olmuşuq. Məsələn, bir dəfə pensiyanı 3 qəpik artırmaq haqda qanun qəbul elədilər, pensiyaçılarımızın hələ həyatda olduğunu, mübarizə apardığını öyrəndik. Yaxud, görürsən orda Amerika əleyhinə nəsə danışırlar, dərhal manatın kursu qalxır, dollar ölür.

Ancaq indi nümayəndəliyin ləğvi bir az pis təəssüratlara səbəb olacaqdır. İlk növbədə, camaat düşünəcək ki, hansısa qanunsuzluq üzündən məhkəməyə gedənlər varmış. Axı bizdə qanun pozuntusu yoxdur, cinayətlərin kökü kəsilib, sabitlik bərqərar olubdur. O zaman bu 10 min nəfər nümayəndə və 1000 nəfər vəkil kimi, kimdən, nəyə görə müdafiə eləməyə çalışır? Vəkil Amerika kimi qanunsuz yerlərdə olar. Kinoda da çox görmüşük, adamı polis yıxır yerə, ayağını belinə qoyub deyir ki, sənin vəkil hüququn vardır-zad…

İkincisi nə idi, yadıma düşmədi, siz də fikir verməyin.

Üçüncüsü, məncə parlament nümayəndəliyi vaxtında ləğv elədi. Bəlkə keçmişdə insanların müdafiə ehtiyacı varmış. Daha yoxdur. Dövlət özü bizi müdafiə eləyir. Bizim vəkilimiz, prokurorumuz, hakimimiz, atamız-anamız hamısı dövlətdir.

Deyəsən nərdivanı çox yuxarıdan qoydum, bu yazıya dövlət mükafatı düşür.