Загрузка...

“Qarabağ” futbol klubu sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti səfər matçına çıxacaq.

Publika.az xəbər verir ki, təmsilçimiz Madridin “Atletiko” klubu ilə qarşılaşacaq. Matç 31 oktyabr saat 23:45-də başlanacaq.

Madridin “Estadio Metropolitano” staidonunda keçiriləcək matçda “Qarabağ” azarkeşləri üçün ayrılan 300 biletin hamısı artıq satılıb. Bu da Çempionlar Liqasında əzmlə irəliləyən komandamıza böyük azarkeş dəstəyi və inamı olduğunun bir göstəricisidir.

“Atletiko” ilə ev oyunundan sonra böyük ümidlər doğuran “Qarabağ”ı səfər matçında nələrin gözləyəcəyini öyrənmək məqsədilə mütəxəssislərlə söhbətləşdik.

“CBC Sport” telekanalının şərhçisi Emin Abbasov:

“Madridin “Atletiko” klubu bir neçə ildir ki, Avropanın ən maraqlı klublarından birinə çevrilib. Komandanın çox maraqlı heyəti var. Ən diqqətçəkən tərəfi isə məğlubiyyəti sevməməsidir. Təbii ki, rəqibimizin istər səviyyə, istərsə də digər nüanslar baxımından bizdən üstün olduğu əvvəldən bəlli idi. Ancaq Bakıdakı matçda əldə etdiyimiz qələbəyə bərabər nəticə azarkeşləri də, mütəxəssisləri də ümidləndirib.

Təəssüf ki, “Atletiko” ilə səfər matçından öncə komandanın heyətindəki vəziyyət ürəkaçan deyil. Kifayət qədər zədəli futbolçular və itkilər var. Buna görə də baş məşqçi Qurban Qurbanovun ilk onbirliyi necə quracağı hamının maraq dairəsindədir. Onsuz da, Qurbanovun tabeliyində “Atletiko” ilə, “Çelsi” ilə mübarizə apara biləcək oyunçular çox azdır. Olanlar da ya zədəli, ya da cəzalıdır. Bu nüans da, onsuz da, həyəcanlı olan matça bir az da həyəcan qatır.

Lakin hazırda komandada ümumi ab-hava yaxşıdır. Çünki “Qarabağ”ın üzərində təzyiq yoxdur. Yəni uduzsa, belə onu qınayan və sərt reaksiya verən olmayacaq. Futboldan az da olsa, anlayışı olan hər kəs çox yaxşı başa düşür ki, “Qarabağ”ın rəqibləri ilə arasında kifayət qədər böyük səviyyə fərqi var.

Hazırda Madriddəyəm. Artıq dünən axşamdan etibarən azərbaycanlılar küçələrə axışıblar. Onlar Avropanın müxtəlif ölkələrindən İspaniyaya məhz “Qarabağ”a dəstək olmaq üçün gəliblər. “Qarabağ” sabah dəstəksiz qalmayacaq. Az qismimiz İspaniyada olsa da, milyonlarla ürək “Qarabağ”la birlikdə döyünəcək”.

Futbol üzrə Milli Komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov:

“Təmsilçimiz Çempionlar Liqasında çox güclü rəqiblərin olduğu qrupa düşdü. Buna baxmayaraq, “Qarabağ” layiqli mübarizə aparır. Hesab edirəm ki, sabahkı oyun çox çətin keçəcək. Çünki bu oyun hər iki komanda üçün həlledicidir. Hər iki komanda qrupu üçüncülüklə bitirib “Avroliqa”ya vəsiqə qazanmaq istəyir. Ancaq həmişə olduğu kimi, yenə də deyirəm, “Qarabağ” çətin vəziyyətə düşən kimi özündə güc tapıb daha əzmli mübarizəyə keçid edə bilir. Bu da onun üstünlüyüdür.

Mən sabahkı oyunda təmsilçimizdən gözəl oyun və müsbət nəticə gözləyirəm. Ancaq bu futboldur. Burada hər an hər şey ola bilər. Qarşılaşmanın çətinliyi və mürəkkəbliyini hamı dərk edir. Lakin bizim üçün ən vacibi “Qarabağ”ın doğma torpağımızı təmsil etməsi, Qarabağı Azərbaycan torpağı kimi bütün dünyaya tanıtmasıdır.

“Qarabağ” – “Atletiko” matçı göstərdi ki, komandamızda güclü oyun potensialı var. Yəni bu komanda son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalında oynayan komanda ilə bərəbər səviyyədə mübarizə aparıb və heç-heçə edib. Məhz bu oyun bizə səfər matçında nikbin olmağa əsas verir və 3-cü yeri qazanıb Avroliqaya vəsiqə qazanmağa ümid yaradır.

Bununla yanaşı, belə çətin oyunlar “Qarabağ”a təcrübə qazanmaq baxımından yaxşı məktəb olur. “Qarabağ” belə çətin rəqiblərlə özünü gələcəkdə daha böyük nailiyyətlərə və uğurlara imza atmağa hazırlayır.

“Çelsi” oyununda böyük hesabla məğlub olduq. “Roma” ya qol vurduq. “Atletiko” ilə xal qazandıq. Bu məntiqlə davam etsək, belə müsbət dinamik inkişaf bizə qələbə vəd edir. Komandamız oyundan-oyuna təcrübə yığır və zənginləşir. İlk oyunda olan səhvləri növbəti oyunda təkrarlamır. İnanıram ki, “Qarabağ” coşğun Madrid azarkeşləri qarşısında layiqli oyun sərgiləyəcək”.

Tanınmış fiubol şərhçisi Elnur Əşrəfoğlu:

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqla, Azərbaycan futbolunda yeni tarix yazdı. “Çelsi” ilə oyundan qabaq da demişdim ki, ola bilsin “Qarabağ”ın nəhəng klublarla mübarizəsində böyük hesablı məğlubiyyətlər oldu. Və belə olan təqdirdə gərək azarkeşlər komandadan üz döndərməsinlər. Çünki bu bizim mötəbər arenada ilk təcrübəmizdir. Buna baxmayaraq, komanda ilk xalını qazana bildi. Azarkeşlər sabahkı oyunda yenə müsbət nəticəyə gözləyə bilər. Lakin məncə, çox çətin oyun olacaq. Və güman ki, “Atletiko” bu görüşdə qələbə qazanacaq. Çünki onun qrupda ikinci yer tutmaq üçün şansı var. Buna görə də təmsilçimizlə mübarizədə bütün diqqətini 3 xalı qazanmağa yönəldəcək. Nəzərə alsaq ki, “Atletiko” növbəti iki matçı öz evində oynayacaq, ikincilik üçün 6 xalı qazanmağı hədəfləyəcək.

“Atletiko” Bakıya gələndə hər kəs deyirdi ki, onun xalı azdır və buna görə “Qarabağ” üçün çətin olacaq. Lakin onu da nəzərə almaq lazımdır ki, bu ev oyunu idi. Mən əminəm ki, təmsilçimiz “Çelsi” ilə oyunda da eyni müqaviməti göstərəcək. Çünki ev oyunu səfərə nisbətən asan olur.

“Qarabağ”ın qrupdakı rəqibləri 2 və bəzən 3 cəbhədə mübarizə aparırlar: Çempionlar Liqası, ölkə kuboku və ölkə çempionatı. Buna görə onlarda çətinlik sadəcə bu cəbhələrə köklənmək olur. Ev oyunlarında isə qoyduqları hədəfə 99% nail olurlar.

Hazırda komandamızın əsas heyətinin 70%-ni legionerlər təşkil edir. Buna görə də mən arzu edirəm ki, azərbaycanlı futbolçular Çempionlar Liqasındakı şanslarını dəyərləndirsinlər və öz potensiallarını ortaya qoysunlar. Onlar daha çox öz üzərilərində işləsinlər. Çünki futboçular Liqada hansısa skaut tərəfindən bəyənilə bilər və onun transfer şansı yaranar”.

Futbol üzrə Milli Komandamızın sabiq baş məşqçisi Şahin Diniyev:

“Bu matç bizim üçün böyük bir reklam oyunudur. “Qarabağ”ın İspaniyada Azərbaycanı təmsil etməsi ilk növbədə siyasi baxımdan faydalı bir işdir. Reallıqdan danışsaq, bu gün “Atletiko” hər bir cəhətdən “Qarabağ”dan üstündür. Ancaq təmsilçimiz Bakıda göstərdiyi oyunu səfərdə də göstərə bilsə, ölkəmiz adına çox gözəl bir nümunə olacaq.

Bu matç “Atletiko” üçün vacib oyundur. Rəqib qrupdan yaxşı nəticə ilə çıxmaq üçün maksimum dərəcədə bütün imkanlarından istifadə edəcək. Ancaq “Qarabağ” da üstün nəticə olmasa belə, başabaş mübarizə üçün bütün potensialını ortaya qoyacaq.

“Atletiko” ilə keçirilən ilk matçın qəhrəmanı Şehiç oldu. O, “Qarabağ”ın qapısını 3-4 potensial qol təhlükəsindən qorudu. Futbolçuların fiziki durumları rəqibə təzyiq göstərməyə imkan verdi. Rəqib də təmsilçimizi ciddiyə almadı. Ciddiyə almağı qərarlaşdırdığı anda isə artıq çox gec idi. Beləliklə, “Qarabağ” tarixində ən yaxşı oyununu oynadı və ilk xalını qazandı. Bu xal heç də təsadüfi olmadı. Bu xal “Atletiko” ilə oyunumuzun layiqli nəticəsi oldu.

Oyunun satılması kimi mənfi iddialar qaldıranlardan isə soruşmaq lazımdır ki, “Atletiko”nun nəyə ehtiyacı var ki? Yaxud “Qarabağ”ın? Komanda udanda “oyun alındı” deyirlər, uduzanda “satıldı”. Belə hallar futbolda ola bilər. Ancaq Çempionlar Liqasında əsla”.