Загрузка...

Və… budur, növbəti sürpriz. ABŞ Rusiyaya qarşı sanksiya qərarını verib, bədəlini Azərbaycan ödəməlidir. Söhbət ondan gedir ki, Ağ Evin yeni sanksiyaları Rusiyadan alınan silahların Azərbaycana çatdırılmasına mane olacaq. Rusiyalı ekspert Andrey Frolov da bildirib ki, yeni sanksiyalar rus şirkətləri ilə ticarət edənlərin cəzalandırılması üçün geniş imkanlar yaradır. Çox qəribə bir vəziyyətdir.

Düzdür, hər iki dövlətin mövqeyi son nəticədə işğalçı Ermənistanın maraqlarına cavab verir. Necə ki, ABŞ Azərbaycana silah satmaqdan imtina edib. Hansı ki, Ermənistanın Qarabağdakı ordusunu müasir gecəgörmə cihazları ilə təchiz edib. Baxmayaraq ki, Azərbaycan illərdir antiterror koalisiyasının üzvüdür, ərazisini Əfqanıstana daşınan hərbi yüklərə açıq elan edib.

İşğalçılara hər cür dəstək verən Rusiyaya gəldikdə, bəli, Azərbaycana milyardlar qazanması hesabına silah satır. Ancaq nə olsun? Deyir, silahı satıb pulumu almışam, amma sən silahdan istifadə etmə, yığ anbara, qalsın.

Özü də paralel olaraq təzyiqlər qardaş Türkiyəyə qarşı da yönəlib. Ötən həftə xəbər yayıldı ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması NATO və ABŞ-ı ciddi şəkildə narahat edib. Hətta Alyansın və Vaşinqtonun razılaşmadan imtina etməkdən ötrü Ankaranın geri çəkilməsi üçün hərəkətə keçdiyi bildirildi.

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Anakaranı təhdid edərək “Türkiyənin NATO-ya inteqrasiya olunmayan bu raketləri almasının nəticələri olacaq” deyib. Deməli, ABŞ-ın sanksiya qərarı yalnız Rusiyaya qarşı yönəlməyib, hədəfdə bəlkə də daha çox Türkiyədir.

Qardaş ölkə bu silahları özünün təhlükəsizliyi üçün alır, kiminsə ərazisini qəsb etmək üçün yox. Necə olur ki, nüvə silahına malik olan güclər bir ölkənin özünə yönəlik təhdidlərin qarşılığında atdığı zəruri addımlara da “yox” deyirlər? Səbəb bəllidir, Türkiyəyə qarşı xain projeləri reallaşdırmaq mümkün olmadı, qəzəblidirlər. “Kürd dövləti” də yaradıb Türkiyəni param-parça etmək layihəsi hələlik baş tutmur. Həm də Türkiyənin daha da güclənəcəyindən dolayı təşvişdədirlər.

Bir müddət əvvəl ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə lazım olan xüsusi avadanlıqlar və silahların satışını qadağan edən qanun layihəsini qəbul etdi. Təsəvvür edin, dünənə qədər sadiq müttəfiqi olan bir dövləti parçalamaq istəyirlər, dəstək vermək əvəzinə, ona qarşı embarqo tətbiq edirlər…

Prezident Ərdoğanın “terrorçulara pulsuz payladığınız silahı bizə pulla da satmırsınız” sözləri tam yerində oldu. İndi deyirlər “rusdan da alma…”

Bəli, Türkiyə kimi qos-qocaman, heç bir qonşunun ərazisində gözü olmayan bir dövlətin S-400 almasını qəbul etmirlər. Ancaq dünya gücləri ovuc içi boyda olan Ermənistanın keçən il Rusiyadan “İsgəndər-M” raketləri “hədiyyə” almasına heç bir reaksiya vermədi. Heç Serj Sərksiyandan soruşmadılar ki, 500 km-lik hədəfi vurmağa qadir olan bu sistemlər sənin nəyinə gərəkdir? Hansı ki, Ermənistan qonşu dövlətin ərazisini 26 ildir işğalda saxlayır, işğalçı olaraq bir çox qurumlarda tanınır, məntiqlə təkcə Azərbaycana yox, bütün regiona təhlükədir. Üstəlik, “İsgəndər”lər NATO-nun sərhədində, Türkiyənin qonşuluğunda yerləşdirildiyi üçün elə NATO və onun əsas üzvü ABŞ narahat olmalı idi.

Ancaq biz bu narahatlığı nəinki görmədik, hətta okeanın o tayından “məmnunluq” dolu mövqe gəldi. Əksinə, o vaxt ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” – “Stratfor” beyin mərkəzi öz hesabatında belə yazdı: “İsgəndər”lərə dair sövdələşmə bunun bariz nümunəsidir ki, Rusiyanın hərəkətləri Ermənistanın və Azərbaycanın hərbi imkanları arasında qüvvələr balansının saxlanılmasına yönəlib”.

Beləcə, bölgəni fəlakətə apara biləcək raket sistemlərini az qala “sülh göyərçini” kimi təqdim etdilər. Ancaq az sonra Azərbaycanın “Dəmir günbəz” almasından həyəcanlandılar.

“İsgəndər”i “ciddi çəkindirici amil” sayan ABŞ niyə Türkiyənin S-400 almasına münasibətdə eyni münasibəti sərgiləmir? Bir faktı xatırladaq: keçən il xəbər yayıldı ki, İraq ordusu ABŞ-ın 2014-cü ilin sentyabrından etibarən YPG-yə silah-sursat və zirehli texnika göndərdiyi Yarubiyə sərhəd qapısını ələ keçirib. O YPG ki, Türkiyəni illərdir təhdid edir, nəticədə qardaş ölkə davamlı şəhidlər verir…

Münasibət ortadadır: Hər cür silahları Türkiyə və Azərbaycana qarşı ərazi iddiası irəli sürən işğalçı Ermənistana pay vermək olar, amma Türkiyə və Azərbaycana satmaq qəti olmaz…