Avropa Komissiyası yay-qış vaxtına keçid qaydasını ləğv eləmək üzərində düşünürmüş. Bu haqda alman mətbuatı yazmışdır.
Əlbəttə. Yenə bizim arxamızca düşüblər. Biz nə eləsək, avropalılar da bunu yamsılayırlar. Aftafadan yararlanmağı, çimməyi, haqqın yoluna gəlməyi bizdən öyrənmişdilər. Lap o reklamda deyilən kimi: “Atası nə eləsə, oğlu da onu təkrarlayır”. Axı elmi baxımdan avropalıların ulu babalarının Qafqazdan çıxıb getməsi isbata yetmişdir. Onlar ağ irqi elə bu cür də elmi adla çağırırlar: “caucasian race”. Qafqaz irqi. Qafqazda isə məlum olduğu kimi yerli və çoxsaylı xalq biz azərbaycanlılarıq. Ermənilər sonradan köçürülüb, gürcülər isə irq yaratmağa bəs eləyəcək sayda deyillər. Qalırıq təkcə biz. Sözgəlişi, qədim yunan miflərində Prometeyin Qafqaz dağlarında zəncirlənib ciyərinin qartala yedirdilməsi əhvalatı (bax: Kürdəxanıda siyasi dustaqlar), yaxud Odisseyin qızıl yunlu qoyunun dalıyca Borçalının Faxralı kəndinə səyahəti bizim dünya tarixində izlərimizdən sayılır. Sonuncu əsasında Homer məhşur əsərlərindən birini yazmışdır; Homerin xalq aşığı olduğu, saz çalması da elmi-arxeoloji baxımdan sübuta yetibdir. Özü də kişini yaxşı aşıq olduğu üçün paxıllıqdan Ağaməmnun (yunan mənbələrdə Aqamemnon) adlı padşah kor elətdirmişdir ki, bu da gözəl vətəndaşımız Koroğlunun, başqa gözü çıxmış qardaşlarımızın əhvalatları ilə üst-üstə düşməkdədir. Ta söhbət açılıb, “Dədə Qorqud”dakı Təpəgöz də yunan miflərindəki təkgöz varlıq Siklop müəllimin ulu babasıdır. Bunun da adını xalqa mənfi münasibətinə görə belə qoyublar, yazım biləsiniz.
Keçən həftə isə Almaniyada dövlətin şefi Angela Merkel xanımın partiyası ilə bağlı maraqlı fakt ortaya çıxıbdır. Sən demə bu partiyanın yerli şöbələrindən biri deputat seçkisi kampaniyası zamanı Azərbaycanın bir şirkətindən 30-40 min avro pul alıbdır. İndi orda media-zad yazır ki, niyə bu pulu almısınız, korrupsiyadır, nə bilim-nədir…
Əlbəttə, qələt eləyirlər, başlarını da daşa döyürlər. Azərbaycanın pulu, sərvəti Avropanın inkişafına, seçkilərinə-filanına qoyulmayıb hara qoyulmalıdır? Tur Heyerdal Qobustan qayasında gəmi şəkli tapmışdı, məlum olmuşdu norveçlilərin də ulu babaları burdan üzüb gedibdir. Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin xəttiylə. İndi biz öz nəvələrimizin seçkisinə yatırım qoyuruq. Özü də belə pis çıxmasın, Alfred Nobel Bakı neftinin pulu ilə mükafat təyin edəndə, indiyə qədər bunu sağa-sola payladınız, heç şikayət eləyən görmədik, nə oldu, indi pisinizə gəlib bizim pul? Ağıllı olun. Özünüzü yığışdırın. Mərifətiniz çatsaydı o Nobelin bir dənəsini də indiyə qədər Anar müəllimə, Fikrət Qocaya, heç olmazsa Aydın Xana verərdiniz.
Qaldı Almaniya seçkilərinə pul qoymağımız, bunun da səbəbləri vardır. AzTV-nin məlumatlarına görə Almaniya bir neçə il qabaq dağılmaq ərəfəsində idi. Frankfurtda narkomanlar, Hamburqda dilənçilər, Berlində oğrular at oynadırdı. Yazıq, dinc, fağır alman xalqı əzab çəkirdi. Dəfələrlə Azərbaycanın Almaniyadakı səfiri Ramin müəllimə ərizə, şikayət, xahiş, minnətdarlıq, təşəkkür məktubları yazır, zəhmətkeş teleqramları vurub “Bizi bu dərəbəylikdən qurtarın” deyirdilər. İndi bunun müqabilində cəmi 30-40 min pul ayırmışıq, gözünüzə girir? Məhz həmin pulun köməyi ilə Angela xanımın partiyası həmin seçki dairəsində qalib gəldi, yerli “Hacı Madər” deputat oldu. Başa düşmürəm bunlar daha nə istəyirlər. Ümumiyyətlə, tarix göstərib ki, alman xalqı bəzən pisi yaxşıdan, düzü əyridən, manatı avrodan, AXC-ni Müsavatdan, Milli Şuranı REAL-dan ayırmaqda çətinlik çəkmişdir. Elə o vaxt da Azərbaycanlı əsirlər Naxçıvanın Düdəngə kəndindən olan mayor Əbdürrəhman bəyin başçılığı altında legion yaradıb sovet ordusuna qarşı döyüşüblər, nə qədər almanı xilas eləyiblər. Ştirlits də azərbaycanlı olub, soyadı İsayev imiş. Yenə bir kinomuzdan sitatı paraifraz (təzə termindir, Nazirlər Kabineti təsdiqləyib) eləsək, “səkkiz min pul alıblar, oynamaqlarına bax”.
Vallah, belə getsə biz daha heç kimə pul verməyəcəyik. Plitkanızı qazsız, hamamınızı susuz, maşınınızı benzinsiz, yaxmacınızı kürüsüz, cibinizi manatsız qoyarıq, Azərbaycan həqiqətlərini anlayarsınız.