“Qarabağ”ın və milli futbol komandamızın pleymeykeri, braziliyalı Riçard Almeyda deyib ki, Bakıda hər şey yaxşıdır, pul-parası var, ailəsi sıxıntı, çətinlik çəkmir, intəhası (o, bu sözü ispanca deyib) Bakıda qoyun əti yeməkdən bezib.
Adamın qoyun ətinə qarşı bu şəkildə kəskin çıxışı, əlbəttə ki, yerli qoyunsevərlərin heysiyyətinə toxuna bilər. Amma gəlin anlayışlı olaq. Riçard uzaq və kasıb bir ölkədə doğulub-böyüyüb. Orada camaat əlinə nə düşürsə yeyir, çünki qıtlıqdır, kasıblıqdır. Hamı Pele deyil ki. Almeyda da uzun illər müxtəlif ət növlərinin tamına baxıb, indi gəlib burda bir qədər fərqli duruma düşüb.
Mərc gələrəm ki, o, bircə həftə qoyun əti yeməsə, heydən düşər, ayaqları sözünə baxmaz, evdə arvadı danlayar, bazada məşqçiləri. İndi bir sözdür, deyir. Siz onu köz üstündə qıpqırmızı qızarmış, yağı damcılayan antrekotu dişinə çəkəndə, Beyləqan qoçunun ətindən taxta üstündə döyülüb doğranmış, səliqə ilə yoğurulub yumrulanmış, manqalda yaxşı-yaxşı bişirilmiş lüləkababı lavaşın arasına qoyub çeynəməmiş udanda, yağlı qoyun ətindən hazırlanmış pitinin qabının dibindəki sonuncu noxudu endirməyə çalışanda görəsiniz. Hələ bunun saciçisi, bozartması, qovurması və sair və ilaxırı var.
Qoyun ətindən bezmək olarmı?
Qoyun ətini sevməyən bizdən deyil.
Qoyun ətinə qarşı söz deyən qarşısında bizi görər, özü də əlişişli şəkildə.
Ancaq yenə də ehtimal etmək olar ki, qoyun əti Almeydanı kökəltdiyinə, formadan saldığına görə o, belə deyir. Qoyun əti yeyəndən sonra o, çəki atmaq üçün çox işləməli, tər tökməlidir axı.
Bu xüsusda adama ağır gələn söhbət budur: son illərdə elə qələmə verirlər ki, guya dünyada bizdən çox qoyun əti yeyən millət yoxdur. Elə deyil. Avstraliya bütün dünyaya qoyun əti satır, özləri də bizdən on dəfə çox yeyir.
Monqolustanın bozqırları başdan-başa qoyun sürüləridir. Türkmənistan qoyunları Orta Asiyada dillə deyilir. Hətta arada Qurban bayramında bərə ilə ölkəmizə də göndərirlər. Özbəkistan, Qazaxıstan da qoyunçuluq ölkəsidir.
Qardaş Türkiyənin qoyunları bəs qədərdir, İraqın, Suriyanın insanları müharibədə kütləvi şəkildə qırılsa da, qoyun sürülərinin əksəriyyətini salamat saxlaya biliblər.
Guya İngiltərədə qoyun saxlamır və yemirlər? Bal kimi də yeyirlər. Ya İtaliya, Fransa… Hamısı bəsləyir də, yeyir də.
Ancaq onların bizdən bir fərqi var ki, qida rasionlarına donuz əti də qatırlar. (Düzdür, son illər bizdə də restoranlarda kütləvi şəkildə “qaban əti” verirlər, amma müşahidəçilər deyirlər ki, o qədər qaban nəinki Qafqazda, heç Altay meşələrində də yoxdur).
Şovinistlik kimi çıxmasın, qoyun donuzdan üstün heyvandır. Söhbət metis və ya mələz qoyunlardan getmir. Bizim yerli qoyun sortları var ha, o quyruqları yerə dəyənlər, bax, onlar qoyun növünün ali irqi kimi bir şeydir.
Rusiyalı liberal-faşist Jirinovski vaxtilə qoyunlara qarşı fikir bildirməklə böyük səhv edib. O, Ceyrançöldə bəslənmiş qara qoçun kababından yemiş olsa, bu sözləri deməzdi, hətta “Azərbaycan qoyunu” deyiləndə ayağa durardı ki, ana yurdun ürəyinə toxuna bilər.
Yəni dediyim odur ki, qoyun ətinin azərbaycanlıların xarakterinə təsir etməsi barədə dəbdə olan klişeni (savadlı adamlar demişkən) parçalamaq, dağıtmaq vaxtıdır. Elə şey yoxdur.
Baxın, Almeyda o qədər qoyun əti yeyir, hətta artıq bezib, amma meydançada pələng kimi savaşır.
Vaxt gələcək, o burdan gedəcək, gedib öz ölkəsində, Rio-de-Janeyroda burda yediyi lülənin, antrekotun xiffətini çəkəcək.
Uzaq-uzaq ellərdə sırf Haramı qoyununun ətindən ötrü kövrəlib ağlayanlar olur.
Qoyunlarımızın qədrini bilməliyik. Sadəcə, bir azca xasiyyətimizin də üstündə çalışsaq, problem olmaz.
P.S. Yazının nöqtəsi qoyulanda xəbər gəldi ki, Şəkidə 2 kəndə hücum çəkən canavarlar 18 baş qoyunu parçalayıb. Alçaq canavarlar! Min ildir qoyun yeyirlər, gör heç bezirlərmi, yaxud heç xasiyyətləri dəyişirmi?