Müğənni Səbinə Əskərovanın BAKU.WS-ə müsahibəsini təqdim edirik:

Səbinə Əskərova özü haqqında qısaca olaraq nə danışa bilər?

Səbinə Əskərova həm anadır, həm övladdır, həm bacıdır. Həyat yoldaşımdan ayrılmışam, subayam.

Müğənni olana qədər bu sənəti necə təsəvvür edirdiniz?

-Ümumiyyətlə uşaqlıqdan bu sənətdə olmuşam, xor dərnəylərinə gedirdim, müxtəlif festivallarda iştirak edirdim. İncə sənətdə olan insanlar hər bir şeyə qarşı daha həssas olurlar. Mənə elə gəlir ki, biz bir qədər də anormalıq. Asan heç bir iş yoxdur. Şou-biznesə gələnə qədər düşünürdüm ki, asan olacaq, amma doğrudan da çətindir. Təsəvvür edin, bir mahnı üçün klip çəkirsən, böyük yatırım edirsən, enerjin gedir və təqdim edirsən. Növbəti gün isə həmkarın elə bir şey təqdim edə bilər ki, sənin bütün xərclədiyin vəsait heç olar. Rəqabət çox böyükdür.

Rəqabət demişkən, müsahibələrinizin birində demişdiniz ki, şou-biznesdə “qurd”larla mübarizə aparırsınız. Onlar sizə necə mane olur?

-Toyun öz monopoliyası var, “Moskva toyları”nın xüsusən. Hər toyu kiminsə çevrəsi idarə edir və başqa müğənniləri ora buraxmırlar. Mən çox da toyla maraqlanan adam deyiləm. Türkiyədə müğənnilər albom satışı ilə, konsertlə pul qazanırlar, amma bizdə heç birindən pul qazanmaq olmur və ancaq toy qalır.

Mən sizi “Səndən sonra” mahnısı ilə tanıdım. İfanızı Mahnıda “Bu ürək heç kəsi sevmədi, səndən sonra…” kimə ünvanlamısınız?
Dediyiniz mahnının bəstəkarı İsmayıl Əsədovdur. Düzünü deyim, mən bu mahnıdan əvvəl digərini oxumalıydım, amma bəyənmədiyimə görə oxumadım. Bir müddətdən sonra bəstəkar İ. Əsədov zəng edib dedi ki, yeni mahnı var. Mahnının demo versiyasını dinlədikdən sonra çox bəyəndim. “Səndən sonra”dan əvvəl oxumalı olduğum mahnını digər müğənni oxudu və çox uğursuz alındı. Yaxşı ki, o mahnını oxumadım. “Səndən sonra”nı heç kimə həsr etməmişəm, sadəcə olaraq çox bəyəndim.

“…bu artıq pornoqrafiya olacaq” - müğənni Səbinə Əskərova

İfa etdiyiniz mahnılarınızın həyatınızla bağlılığı var?

-Xeyr. Mən vaxtında çox sevmişəm, sevginin dadını bilirəm. Hazırda o hissi yaşamıram. Vaxtı ikən o hissləri yaşadığıma görə mahnının sözlərini oxuyanda hər şeyi başa düşürəm. Həyatımda cəmi iki dəfə sevmişəm və heç birində yanılmamışam. Sadəcə olaraq bir müddətdən sonra alınmayıb.

Sizi digər ulduzlarla müqayisə edəndə xoşunuza gəlir, yoxsa qıcıqlanırsınız?
Heç sevmirəm, bu mənə qıcıq verir. Bir müğənnini istər geyimdə, istər hərəkətlərində, istərsə də səs tembrində təkrərlayanda kənardan çox hiss olunur. İnsan özü olmalıdır.

Qalmaqallara münasibətiniz necədir?

-Qalmaqal hamı edir. Görürsən, kimsə çıxır ağzına gələni deyir, hamı da onu söyür. Mən kiməsə söz atmağa utanıram. Bu cür piarı mənə çox təklif ediblər. Özümdən gənc müğənnilərə söz atmaq ayıbdır, daha təcrübəli sənətkarlar isə ümumiyyətlə cavab verməyəcəklər. O qədər görmüşük ki…

“Yağ, yağışım, yağ. Yağ, gözümün yaşı bilinməsin…” oxuyursunuz. Sizcə, yağışın altında ağlamağın mənası varmı?
Əslində uşaqlıqda mən yağışın altında ağlamışam. Soruşsanız ki, mahnılarımın arasında ən sevdiyin hansıdır, məhz “Yağ yağışım”ın adını çəkərəm. Bəlkə də bundan sonra daha gözəl mahnılarım olar, amma mənim üçün “Yağ yağışım”ın böyük xatirəsi var….

“…bu artıq pornoqrafiya olacaq” - müğənni Səbinə Əskərova

Məşhur olmağınız kişilərlə münasibətinizə necə təsir edir?

-Sizə onu deyim ki, dostlarımın çoxu kişilərdir. Mən qadınlarla dostluq edə bilmirəm. Bu, məktəb illərindən belədir. Qadın qadınla dostluq edəndə hardasa paxıllıq yaranır. Qadın daim istəyir ki, onda hər şey rəfiqəsindəkindən daha yaxşı olsun. Elə kişilər var ki, məsələn, hardasa mənə məsləhət verə bilərlər, amma qadınlar paxıllıqdan bunu etmirlər. Onu da deyim ki, qadın dostlarım da var, hansılarla ki, 15 ilə yaxındır bərabərik.

Gözəlsiniz, baxımlısınız. Hər hansısa bir estetik əməliyyat keçirmisiniz?

Bəli, burnumu əməliyyat etdirmişəm, amma yenə getmək istəyirəm, burnumdan tam razı deyiləm.

Niyə daim gözəl görünən qadınlar özlərindən narazı olurlar?

Bilmirəm, çox çətin sual oldu… Mən özümü gözəl saymıram, amma məndə o “işıq” var.

“…bu artıq pornoqrafiya olacaq” - müğənni Səbinə Əskərova

“Bacanaqlar. Yeznə-qayın” serialında da rol almısınız. Necə oldu ki, bu seriala dəvət aldınız?

-Təklif etdilər ki, saundtreki oxuyum. İfam bəyənildi. Ondan sonra mənə seriala çəkilməyi təklif etdilər. Serialda Natəvan obrazını canlandırıram. Ssenariyə görə, Natəvanın sevdiyi oğlan Ramiz səhvən gedir başqa qız qaçırdır, o qız da onun evində yaşamağa başlayır. Mən də hər yeni bölümdə onların toyuna mane oluram.

Digər rejissorlardan necə, filmə çəkilmək üçün təklif almısınız?

Bir filmə dəvət almışdım, amma qəbul etmədim. Həmin rejissorun işini bəyənmədiyim üçün razılıq vermədim. Mən orada nə qədər gözəl oynasam belə, rejissor pisdirsə bu o qədər də yaxşı görünməyəcək. Türkiyədə modellər, müğənnilər belə aktrisalıq edir və çox gözəl alınır. Bu bilavasitə rejissordan aslıdır.

Filmdə açıq-saçıq səhnələrə çəkilərsiniz?

Dövlət səviyyəsində çəkilərsə razılaşaram, amma sıradan bir rejissorla yox. Hətta milyonlarla pul təklif etsələr belə, çəkilmərəm. Bilirəm ki, rejissor gözəllik göstərmək istəyəcək, amma alınmayacaq, bu artıq pornoqrafiya olacaq.

“…bu artıq pornoqrafiya olacaq” - müğənni Səbinə Əskərova

Sosial şəbəkələrdəki qınaqdan qorxmursunuz?

-Buna əhəmiyyət vermirəm. Hər hürən itə dönüb daş atsan, sən heç vaxt yolun sonuna çata bilməyəcəksən. Sosial şəbəkələrdə ona-buna pis şərhlər yazanlar bekar adamlardı. Hər hansısa bir məsələyə qarşı ictimai qınaq olarsa, mən də bir vətəndaş kimi fikir bildirirəm. Məsələn, sonuncu dəfə itlərə qarşı zorakılıq mövzusu gündəmə gəlmişdi. Bu mövzuda fikir bildirməyə bilməzdim. Girib söyüş yazmaq isə ayıbdır. Bəyənmirəmsə, heç nə yazmıram.

“…bu artıq pornoqrafiya olacaq” - müğənni Səbinə Əskərova

Bir sənətçi kimi 10 ildən sonra özünüzü harada görürsünüz?

Mənə maraqlıdır ki, Azərbaycanın şou-biznesi nə vəziyyətdə olacaq. Ümid edirəm ki, 10 ildən sonra bizim bəzi televiziya kanallarında işıq qurmağı öyrənəcəklər. Müğənnilər bəzənir, gedib oturur verilişdə, efirdə isə çox pis görünürlər. Bu səbəbdən də efirlərə çox çıxmıram. Operatorlarda da günah çoxdur. Nə vaxtsa, operatorun “şnur daşıyan”ı olan biri gəlib veriliş çəkir. Elə müğənnilərimiz var ki, artıq yaşlaşıblar və üzlərində qırışlar yaranıb. Operator isə məhz onun üzündəki defekti göstərir, girir düz burnunun içinə. Onsuz da sənin kameran, işığın keyfiyyətli deyil. Radiolarda da problemlər var. Biz mahnını stereo yazırıq, radio isə onu bərbad vəziyyətə salır, bizim də əziyyətimiz olur hədər.

Bu müsahibə üçün oxucularımıza olan son deyəcəkləriniz…

Əslində çox danışdıq. Sizin komandaya uğur arzu edirəm. İnsan ancaq öz uğurunun ardınca getməlidir, ətrafına fikir verməməlidir. Hər birimiz öz həyatımızı yaşayırıq. Bir ailənin içində belə hərənin öz yolu var. Heç bir əziyyət mükafatsız qalmır. Sizə də uğur arzu edirəm. Sağ olun.