Bakıda qatardan qaçan məhbuslarla bağlı yeni məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, qaçan şəxslərin hər ikisi kriminal aləmdə tanınan şəxslərdən olub. Həm Əli Ağami, həm də Etibar Məmmədov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. O, Şirvan şəhərində kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub.

Belə ki, Etibar Məmmədov kriminal aləmdə “Qoca” ləqəbi ilə və Etibar Hacıqabulinski adı ilə tanınıb. Qətə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Adıçəkilən hər iki avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifova yaxın avtoritetlərdir.

Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub və yol qəzasına salınıb.

Əldə etdiyimiz məlumata görə, hər iki şəxs barəsində keçən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Bildirilir ki, kriminal aləm üzvləri Biləcəridə qaçıb və ya qaçırılıb. Lakin onların qatardan qaçdığı xeyli sonra məlum olub. Belə ki, qatar 28 May metrosunun yaxınlığında – Bakı Dəmir Yolu Vağzalında dayanarkən məhbusların təhvil-təslim zamanı hər iki şəxsin qaçdığı məlum olub.

*****

Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumat yayıb.

PX-in İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə.Ağami barəsində müvafiq məlumatlar təqdim edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.

***

Bakıda qatardan qaçan 2 məhbusdan biri olan 28 yaşlı Əli Ağami kriminal aləmdə tanınan şəxslərdən olub. Lent.az xəbər verir ki, o, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir.

Qeyd edək ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan və nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub.

Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.

*****

Bakıda qaçan məhbusların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

**

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

APA-nın əldə etdiyi xəbərə görə, həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırmış. Qatar Biləcəri stansiyasında dayananda onlardan ikisi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.