Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qüvvəyə minib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytındə dərc olunub. Qurum bununla bağlı cəzaya məruz qalan 9 ölkənin milli federasiyalarını məlumatlandırıb.

IWF-in prezidenti Tamaş Ayan məsələ ilə əlaqədar bildirib ki, problemin həlli üçün cəzaya məruz qalan ölkələrdə idman sahəsində dəyişiklik olmalıdır: “Bu ölkələrin əksəriyyətində yerli federasiya rəhbərliyində dəyişikliklər baş verib. Artıq vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür. Əlbəttə, biz bunu alqışlayırıq. Bu dəyişikliklər təmiz idmanın tələblərinə uyğun olacaq. Həmin ölkələrdə dopinqlə mübarizə gücləndiriləcək. IWF onların bu istiqamətdə düzgün iş aparmalarına əmin olmaq üçün lazım olan hər şeyi edəcək ki, yenidən sıralarımızda öz yerlərini tutsunlar”.

Məlumata görə, IWF müstəqil nəzarət qrupu yaraışlardan kənarlaşdırılan federasiyaların bütün dövr ərzində vəziyyətini qiymətləndirəcək. Bu qrup federasiyaların IWF-in təşkil etdiyi yarışlarda qismən iştirakı haqqında qərar qəbul edə bilər.

Azərbaycan Ağır Atletika Federasiyasından “Report”a bildiriblər ki, IWF qərarının qüvvəyə minməsi ilə bağlı qurumu şifahi şəkildə məlumatlandırıb. Lakin federasiyaya hələlik rəsmi məktub daxil olmayıb. Məktubda cəzanın detalları öz əksini tapacaq.
Cəzaya görə Azərbaycan idmançıları 2017-ci ilin noyabrın 27-dən dekabrın 5-dək keçiriləcək dünya, 2018-ci ilin martın 23-dən aprelin 1-dək təşkil olunacaq Avropa çempionatından kənarda qalacaqlar.

Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub.

Azərbaycanın cəzaya məruz qalmasına 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub.

Xatırladaq ki, Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.