Romantik evlilik təklifi söhbətini dünən də yazmışıq. Amma bu xüsusda mənim də deyəcəklərim var. Biz belə epizodları Hollivudun romantik eşq-məhəbbət filmlərində görərdik. Sevgilisinə (bizim dildə desək, gəzdiyi qıza) evlənmək təklifi edən romantik gənc camaatın gözü qarşısında dizlərini yerə atar, cibindən üzük çıxarar, nazəndə dilbərinə verər, həzin səslə soruşardı: “Mənimlə evlənərsənmi?”

İş bu yerə qədər gəldiyinə, ictimailəşdiyinə görə, adətən, xanım tərəfdən “yox, get anqır, tayını tap” nidası səslənməzdi, tərəflər razılaşıb gedərdilər mikrorayon tikməyə. Əgər bu epizod filmin əvvəlində olurdusa, o zaman romantik evlənmə təklifinin sonu mütləq boşanma ilə bitərdi. Yox, həmin epizod filmin sonunda gəlirdisə, onda təxminən iki-üç ildən sonra belə bir xəbər çıxardı: “Filan filmdə sevgili cütlük rolunu oynadıqları zaman bir-birini sevib, evlənən məşhur aktyorlar ayrıldı”.

Vəssalam. O dizi yerə atmalar, cibdən üzük çıxarmalar, tək qızılgül bağışlamalar, intizarla “hə” cavabı gözləmələr… hamısı puç oldu getdi. Aydın oldu ki, tərəflər bizim bir-birinə bab olmayan cütlüklərin daha söhbətin başında dedikləri sözü lap axırda deyiblər: “Get, anqır, tayını tap”.

Sonradan bu cür epizodlar sevə-sevə baxdığımız türk seriallarına, oradan da canlı həyata gəldi. Bizim təzə-təzə dənzərən seriallarımızda yerə dizqoyma epizodları varmı, yoxmu, bilmirəm, amma artıq gerçəkdə camaat içində belə epizodlar yaşanır.

Bir neçə gündür saytlarda və sosial şəbəkələrdə iki tələbənin romantika və eşq dolu videosu paylaşılır. Bir suyu Tom Kruza oxşayan gənc tələbə sağ dizini (əslində fərqi yoxdur, o, sol dizini də yerə qoya bilərdi, yetər ki, ikisini də birdən qoymasın) yerə qoyur, Keyt Uinsletə oxşayan qıza evlənmə təklifi edir, qız da razılaşır, auditoriyadakı tələbələr əl çalır, gənclər qucaqlaşır.

Hər şey normaldır. Müəllif romantikaya-filana qarşı deyil. Əgər mədəni ölkələrdə belə epizodlar az qala hər gün, özü də yüz dəfələrlə olursa, bizdə nədən olmasın. Allaha şükür, sekulyar ölkəyik, şəriət qaydaları ilə yaşamırıq, gənclər öz ülvi hisslərini istədikləri kimi ifadə edə bilirlər.

Ancaq nəyə görəsə adama elə gəlir ki, bu epizodun yaşanması da, çəkilib paylaşılması da quramadır. Başlıca məqsəd sanki evlilik təklifi etmək deyil, evlilik təklifi edilməsinin çəkilməsi və paylaşılmasıdır. Açıqca görünür ki, bu təklif qız üçün sürpriz olmadı. Düzdür, o, evlənmə təklifi aldığı zaman özünü “Oskar”a layiq görülmüş Hollivud aktrisası (yaxud da “Miss vorld” tacı qazanmış gözəllər) kimi apardı, əlini üzünə tutaraq, “təəccübləndi”, “şaşırdı”, amma ortada olan odur ki, onlar ikilikdə bu səhnəni planlaşdırmışdılar. Gənc bilsəydi ki, onun təklifinin cavabı “get anqır, tayını tap” olacaq, dizini yerə qoymazdı.

Bu da normaldır. Gənclər nümunə göstərirlər, istəyirlər ki, onlardan sonra da bir-birinə belə romantik evlənmə təklifi edənlər utanmasınlar.

Mühafizəkar adamlar belə epizodları müsbət qarşılamırlar, deyirlər, nə ehtiyac var, bir-birinizi sevirsiniz, anlaşmısınız, elçilər gəlsin, “həri” alsınlar, dədə-baba qaydasıyla toyunuzu edin, daha nə konsert çıxarırsınız.

Belə deyən ağsaqqallar və ağbirçəklər də qismən haqlıdır. Şou göstərməyə, “bir-birini dünyalarca sevən romantik sevgili cütlük” rolu oynamağa o qədər də ehtiyac yoxdur.

Xüsusilə də ona görə belə epizodlara ehtiyac yoxdur ki, xəlayiq boşanma statistikasını bilir. Bilməyənlər də bilsin ki, bu il on min cütlük boşanıb, çoxu da bir-iki (3-4) il öncə romantik evlilik təklifləri edənlər, dəniz qırağında, Nabətat bağında, Dağüstü parkda, rayon yerlərinin ən görməli yerlərində “lav stori” albomu çəkdirib, həzin musiqiləri sədası altında toy əhlinə göstərənlərdir.

Bu, əslində çox faciəvi, kədərli statistikadır, evlənən gənclərin ailə həyatına barmaqarası baxmalarının, evliliyə hazır olmamalarının, öncədən “alaram, pis olar, boşayaram” və ya “gedərəm, pis olar, boşanaram” deyə düşünmələrinin nəticəsidir.

Uzun sözün kəsəsi, evlilik həyatının başlanğıcında nə romantik şou düzəltməyə ehtiyac yoxdur, nə də bir-iki ildən sonra qalmaqallı şəkildə, dalaşaraq, söyüşərək ayrılmağa. Bu kimi məsələlərə bir az soyuq, bir az təmkinli, bir az da təvazökar, amma qat-qat ciddi yanaşmaq lazımdır.

Kinoya çəkilmirsiniz ki… Ailə qurursunuz, gedin sakit həyatınıza davam edin, balınızı, şorunuzu bölün, yaşayın. Onsuz da uşaqları böyüdənə qədər adamın dizi yerə gəlir.