Futbol üzrə Çempionlar Liqasında III tura start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə 4 qrupda oynanılmış 8 qarşılaşma kifayət qədər məhsuldar alınıb.

E qrupunda hamıdan çox – 13 qol vurulub. “Spartak” Rusiyada İspaniya “Sevilya”sını, İngiltərə “Liverpul”u Sloveniyada “Maribor”u darmadağın edib.

Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” ardıcıl 3-cü qələbəsini səfərdə Fransa “Monako”su üzərində qazanıb – 2:1. “Qara qartallar”dan hər iki qolu Cenk Tosun vurub.

İngiltərənin “Mançester Siti” klubu da itkisiz irəliləyir. “Şəhərlilər” İtaliya “Napoli”sini eyni hesabla yeniblər.
Əvəzində H qrupundakı hər iki oyunda heç-heçə qeydə alınıb. İlk 2 turdan qalib ayrılmış İspaniya “Real Madrid”i ilə İngiltərə “Tottenhem”i arasındakı görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Eyni zamanda Kipr APOEL-i Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qollu heç-heçə edib. Nəticədə hər iki klub ilk xalını qazanıb.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur

E qrupu

“Spartak” (Moskva, Rusiya) – “Sevilya” (İspaniya) – 5:1
Qollar: Kvinsi Promes, 18; 90. Lorentso Melqarexo, 58. Denis Qluşakov, 67. Luis Adriano, 74 – Simon Kyaer, 30
“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) – 0:7
Qollar: Roberto Firmino, 4; 54. Filippe Koutinyo, 13. Mohamed Salah, 19; 40. Aleks Oksleyd-Çemberleyn, 86. Trent Aleksander-Arnold, 90
Xal durumu: “Spartak” – 5, “Liverpul” – 5, “Sevilya” – 4, “Maribor” – 1.

F qrupu

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:1
Qollar: Rahim Sterlinq, 9. Qabriel Jezus, 13 – Amadu Diavara, 73-penalti ilə
Yerinə yetirilməyən penalti: Dris Mertens, 38
“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) – 1:2
Qollar: Stiven Berquis, 8 – Bernard, 24; 54
Xal durumu: “Mançester Siti” – 9, “Şaxtyor” – 6, “Napoli” – 3, “Feyenoord” – 0.

G qrupu

“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) – 1:2
Qollar: Radamel Falkao, 30 – Cenk Tosun, 34; 54
“Leyptsiq” (Almaniya) – “Portu” (Portuqaliya) – 3:2
Qollar: Villi Orban, 8. Emil Forsberq, 38. Jan-Kevin Auqustin, 41 – Vinsent Abubakar, 18. İvan Markano, 44
Xal durumu: “Beşiktaş” – 9, “Leyptsiq” – 4, “Portu” – 3, “Monako” – 1.

H qrupu

“Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə) – 1:1
Qollar: Kriştianu Ronaldu, 43-penalti ilə – Rafael Varan, 28-öz qapısına
APOEL (Kipr) – “Borussiya” (Dortmund, Almaniya) – 1:1
Qollar: Mikael Pote, 62 – Sokratis Papastatopulos, 67
Xal durumu: “Real Madrid” – 7, “Tottenhem” – 7, APOEL – 1, “Borussiya” – 1.