“Maşın” şounun növbəti günü baş tutub. Musavat.com xəbər verir ki, sms səs verməsinə “Bozbash Pictures” komandasının üzvü, aktyor İlkin Misgərli çıxıb.

O, hədəf olaraq jurnalist Ülviyyə Alovlunu seçib: “35 ildir bir dəfə də maşınım olmayıb, ona görə şouda qalmaq istəyirəm. “Bozbash Pictures” olaraq Azərbaycanın 80% bölgələrində çəkilişlər etmişik və oradakı insanların sevgisini görmüşük. Məhz həmin insanlardan dəstək gözləyirəm. Hədəfim açıqdır, Ülviyyə Alovlunu oynamağa çağırıram”.

Ülviyyə Alovlu isə oyuna qatılmaqdan imtina edib və İlkin üçün “getsin”ə səs istəməyib.

Şounun iştirakçılarından heç kim Alovluya səs istəməyib. Hətta Ülviyyənin özünə səs istəməsini, istəmədiyi təqdirdə əlini götürüb getməsini tələb ediblər. Proqram əvvəlki günlərə nisbətən daha sakit keçib. Səs toplaya bilmədiyini görən Alovlu göz yaşlarını saxlaya bilməyib.

Reper Rauf Əhmədov Talıb Talehə söz atıb: “Talıb, dünən sən dedin ki, bu gün Vüqarın şəklini atdırıb onunla yarışacağam. Amma sən sözünün üstündə duran oğlan deyilsən!”

Rauf Mehriban Xanlarovanı oyundan uzaqlaşdırmamasından da danışıb: “Baş kəsilibsə tullamaq lazımdır. Mehribanla “Santyaqo Bernabeu” stadionunda görüşəcəyəm. Maraqlı oyuna hamınız dəvətlisiniz”.

Şounun sonunda İ.Misgərli “qalsın”a 72,23 faiz səs toplayaraq, Ü.Alovlunu oyundan kənarlaşdırıb.

Musavat.com